`Dünya ədəbiyyatına da fırıldaqla çıxmaq istəyirik` - MÜSAHİBƏ

`Dünya ədəbiyyatına da fırıldaqla çıxmaq istəyirik` - MÜSAHİBƏ
  24 Fevral 2014    Oxunub:1570
`İrana getməmiş də müəyyən qədər tanınırdım, kütləvi tanınmağımsa o vaxtdan sonra oldu`

Gənc yazar Fərid Hüseynin AzVision.az-a müsahibəsi.


– Əhalinin, xüsusən, gəncliyin Bakıya böyük axını var. Bəs, kürdəmirli gənc oğlanı Bakı sakininə çevirən səbəblər nə idi?

– Bakıya tələbə kimi gəlmişdim. Bacardığımdan oxudum, öyrəndim, işlədim. Eldar Baxışın şeiri yadıma düşdü:

Doğuldum döş verdilər,
Ömrün, günün altında.
Böyüdüm iş verdilər
Ömrün, günün altında.

Hər şey bu ömrün-günün altında baş verdi. Əgər rayonumuzda normal əmək haqqısı olan bir iş olsa, gedib arxaya da baxmadan qalaram orda. Ancaq vəziyyətdən sən də xəbərdarsan. Bakı bütün meqopolislər kimi hərisliklə hamını ovcuna yığır. Əvvəllər burdakı səs-küy, xaos xoşuma gəlirdi, ancaq ta məni sükut daha çox çəkir özünə.

– Ədəbi mühitdə kifayət qədər tanınırsan. Amma geniş kütlə arasında elə deyildi. Etiraf edək ki, daha çox İran həbsindən sonra gündəmə gəldiniz. Adi halda tanımayanlara İranda həbs olunan şairlər dedikdə səni tanıyırlar. Belə tanınmaq səni narahat etmir?

–Mən şöhrətdən başı gicəllənən deyiləm. Verən də Allahdır, alan da. Ona görə mən az halda naliyyətlərimi yada salıram, daha çox Allahı unutmamağa çalışıram. İrana getməmiş də müəyyən qədər tanınırdım, kütləvi tanınmağımsa o vaxtdan sonra oldu. Nə tanınmaqdan, nə də tanınmamaqdan narahatam. İnsan doğulanda heç kəs onunla müqavilə imzalamır ki, sən xoşbəxt olacaqsan, həyatda hər şey ola bilər. Bu taleyi mən seçməmişəm, əgər Somalidə şikəst doğulmamışamsa, bu Allahın mənə böyük lütfüdür.

– İrandan söz düşmüşkən, qayıtdıqdan sonra sanki Fərdi Hüseyndə yeni nəfəs açıldı. Ardıcıl dərc olunan kitablar, məqalələr, müsahibələr, tərcümələr və s. ortalığa qoydun. Həbs xatirələri ilə bağlı “Qandalı görməsin” kitabın dərc olundu. Elə bil Fərid Hüseynə hansısa həsrət, əzab lazım imiş. Yaradıcılıq baxımdan bu həbs sizə düşərli oldu.

– Mən fəsiləsiz işləyən, qarışqa zəhmətinə qatlaşan adamam. İşlədiyim hər bir yerdə də heç kəs mənə bəxşeyiş verməyib, həmişə çalışqanlığımı qiymətləndiriblər. Ardıcıl olaraq yazıram və oxuyuram, həmişə belə olub məndə. Deyə bilmərəm ki, həbsxana mənə düşərli olub, bəlkə də gələcək hansısa bəlanın toxumu elə o vaxt səpilib, ya da hansısa xeyirin. Bunu ancaq Allah bilir. Ancaq yeni nəfəs açıldığından əminəm, təfəkkürüm dəyişib, canlanıb, xeyli böyüdüyümü hiss edirəm. Orada edam məhkumlarını görəndən sonra, burda facebookda “yar məni atdı” statuslarıyla vaysınıb özünün dünyanın ən bədbət adamı hesab edənlər gülməli gəlir mənə.

–Müxtəlif seriyalarla kitablar dərc etdirirsən. Bunların arasında daha çox gənclər tərəfindən müəyyən dərəcədə unudulmuş yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Bu yalnızca xeyirxahlıq amilidi, yoxsa ayrı bir konkret planların var?

– Nala-mıxa vurmadan məqsədimi deyim. Desəm ki, məqsədim özümü qədirşünas göstərməkdir, xeyr, məqsədim hansısa uğurlu kariyera planıdır, o da deyil. Məqsəd ancaq və ancaq yaxşı insanların unudulmaması üçün vicdan tərpənişidir. Bu gün mən az imkanla edirəm, sabah kimsə daha gözəl tərtibatda çap etdirəcək həmin əsərləri.
– Dolanışıq naminə ədəbi nəsil daha çox köşə yazarlığı edir və ya hansısa media qurumunda jurnalist fəaliyyəti göstərir. Publisistika çox zaman ədəbi enerjini necə deyərlər, yeyir. Bunu çoxlarından eşitmişik. Sən özün də müxtəlif saytlar və qəzetlərlə əməkdaşlıq edirsən. Yaradıcılığına mənfi formada hər hansı təsirini hiss etmirsən?

– Bəli hiss etmişəm ki, köşə yazmaq məni yaradıcılığımdan edir. Əlac və imkan olsa köşə yazmaram, jurnalist kimi çalışmaram. Əvəzində tərcümələr edər və kitablar yazaram. Çalışdığım “Kaspi” qəzetində yaradıcı insan kimi Sona xanımın və yazıçı Natiq Məmmədlinin mənə yaradıcı insan kimi güzəştləri və qayğıları var. Əgər bu qayğılar olmasaydı işləməkdən yaradıcılığa vaxt ayıra bilməzdim. Bu baxımdan bəxtim gətirib

- – Bugün ədəbi mühitdə müəyyən dərəcədə xaos yaşanır. Yüzlərlə yazar var və hətta onların hər biri müəyyən qruplarda qəbul olunur. Bunun qarşılığında isə yaxşı tənqidçi barmaqla sayılacaq qədərdir. Düşünmürsən ki, belə xaosun yaşanmasında tənqidçilərin “əvəzedilməz” rolu var. Və yaxud onlar bu tendensiyanın qarşılığında acizdilər.
-
- – Təbii ki, bu qədər yazarın arasında tənqidçi olmaq çətin məsələdir. Ancaq doğurdanmı bütün bu əsərlərin hamısı qiymətə layiqdir? Ona görə də tənqidçilər də əsərləri haqqında yazacaq adamları müəyyənləşdirirlər. Birmənalı olaraq hamıdan yazmaq tənqidçilik deyil, nələrəsə görə qılıqlanmaqdır. Sən bu qarışıqlığa fikir vermə, mahiyyət etibarı ilə ciddi ədəbi proses getmir.
-
– Belə bir söhbət dolaşır. Kimin adı çəkilirsə deyilir filan qrupdandı və yaxud filankəsin ətrafındadır. Yəni etiraf etməyənlərə belə qeyri-səmimi yanaşılır. Bəs, Fərid Hüseyn özünü harda tapır?

– Mən heç bir ədəbi qrupda olmamışam və deyiləm. Hanısa murdarlıqlara çəkmək istəyəndə də getməmişəm və getmərəm də. Heç bir ədəbi qruplaşmanın yanında deyiləm, əvəzində istedadlı, savadlı qələm sahiblərinin, dostlarımın və əziz bildiyim həmkarlarımla çiyinçiyinəyəm.

– Səni tez-tez xarici ölkələrdə kitabxanalarda, məşhurların ev muzeylərindən reportajlarla görürük. Hətta bir dəfə adi bir muzey işçisinin bizim ədəbi mühitdə olanların əksəriyyətindən ədəbiyyatda bəzi şeyləri daha yaxşı bildiyini söyləmişdin. Elə Rusiyanı götürək. Onların adi oxucusu ilə bizim yazarlar arasında uçurum o qədər dərindir?

– Emin nəsib olub ki, bir neçə ölkədə olmuşam və bizdəki vəziyyət danışılmayacaq qədər faciəvidir. Rusiyada Dostoyevsknin ev muzeyinin gördüyü işi, bizdə böyük qrumlar görə bilmir. Nə qədər ki, biz öz xəttimizlə dünya ədəbiyyatına çıxacağıq, o qədər də hər 50-60-70 illik yubileylərimizdə həyat bizə dərk etdirəcək ki, sizi heç Biləcəridə də tanımırlar. Qəribədir, biz dünya ədəbiyyatına da fırıldaqla çıxmaq istəyirik. Bir çox mədəni sferada hələ Gürcüstanla müqayisə olunmağımıza çox var, nəinki Avropa. Peterburqda Nevski prospektindəki kitab evində gedən ədəbi proses bütün Azərbaycanda getmir.

– Bəzi yazarlar qalmaqala meylli olur, bəzilərisə bundan qaçmağa. Hər halda ədəbi mühitdə aktiv olub hansısa söz-söhbətdən qaçmaq həmişə mümkün olmur. Sizin özünüz də bəzən belə söhbətlərin mediada iştirakçısı olmusunuz...

– Heç nə bir xətt üzrə gedə bilməz, qalmaqal da olur, cavablar da. Bunlar labüddür. Ancaq o qalmaqala qoşulasan ki, qarşındakı adam kiçilməyə gözündə. Ancaq bizdə əksinə olur, qalmaqallar iç üzünü açır adamların və baxırsan ki, fiziki çəkisindən özgə adamın heç nəyi yox imiş. Hər kəs öz əqidəsinə görə vuruşur, kimi öz gücü ilə, kimisi də namərd padşahlar arxadan oxlayan ordusuyla. Bıçaq sümüyə dirənənə qədərsə elə bilirəm, bu cür qalmaqallara qoşulmamaq lazımdır.

Oxucu Fərid Hüseyni niyə oxumalıdır?

– Oxucu rahatdırsa və peşəkar mütaliə edənirsə Fəridin də yazdıqlarını oxumalıdır. Ancaq oxucunun sevgilisi onu gözləyirsə, anası bazardan əlində yüklə qayıdırsa oxucu Fəridin bir cümləsini də oxumamalıdır, kömək edəcəyi və yanında olacağı adama tələsməlidir. Dünyada insanın xeyirxahlıqdan böyük missiyası yoxdur. Marina Svetayevanın belə bir şeiri var:

Aşiqlərin ehtiraslı eşqindən
Yer üzündə daha vacib işlər var.

Lap Borxesi də oxumaqdan daha vacib işlər var, insan kimisə xoşbəxt etmək üçün tələsməlidir. Sənin kitab oxumağın heç kəsin narahatlığı hesabına başa gəlməməlidir. Elə bilirəm, bu dünyada görəcəyimiz heç bir iş, vicdanla edəcəyimiz xeyirahlıqdan daha üstün deyil. Ona görə də özümüzü xeyirxahlıqdan, könül almaqdan, fəqir sevindirməkdən ayırmamalıyıq, kitabda bizə bu işlərdə, normal və əqidəli insan olmaqda kömək etməlidir. Mənim yazdıqlarımda da, xüsusən son bir ildə həmin xeyirxahlıq dediyim nəsnədən bir xeyli işartı var.


Emin Piri


Teqlər:  





Xəbər lenti