AMEA-nın 80 yaşlı prezidenti

AMEA-nın 80 yaşlı prezidenti
  25 Fevral 2014    Oxunub:1643
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadənin 80 yaşı tamam olur.
AMEA Rəyasət Heyəti görkəmli ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Akif Əlizadənin Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri və anadan olmasının 80 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilməsinə dair qərar qəbul edib. Həmçinin yubileylə əlaqədar olaraq respublika dövri mətbuatında, AMEA-nın “Xəbərləri” jurnalında alimin həyat və elmi-pedaqoji fəaliyyətini əks etdirən məqalələr dərc olunacaq, televiziya və radio verilişləri hazırlanacaq.

Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışıb. Elmi araşdırmalara olan marağı onun həyatını Geologiya İnstitutuna bağlayıb. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub.

1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.

Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Akademik Akif Əlizadə 1990-cı ildə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. Yüksək elmi potensiala və böyük təşkilatçılıq bacarığına malik olan alim 2007-ci ildən 2013-cü ilədək AMEA-nın vitse-prezidenti vəzifəsində çalışıb. O, 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.

Ölkənin siyasi həyatında da yaxından iştrak edən akademik Akif Əlizadə Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilib.

Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoyub. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunmuş, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istqamətində effektiv yollar müəyyənləşdirilmiş, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulub.

Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictmai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. O, 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1986-cı ildə “Şərəf nışanı” ordeni, 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” və “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” adını almış, 2004-cü ildə “Şöhrət” ordeni, 2008-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti