Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək - TƏHLİL

 Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək -  TƏHLİL
  01 Aprel 2021    Oxunub:7419
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaranandan bu günə kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kifayət qədər böyük işlər görüb.
Fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan TDƏŞ ticarət əlaqələri və investisiyalara dair əlverişli şəraitin yaradılmasından tutmuş, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsinə qədər ən müxtəlif mövzularla bağlı həmrəylik və birliyi özündə birləşdirir. TDƏŞ-in 2019-cu ildə Bakıda Zirvə görüşü keçirməsi məhsuldar nəticələri ilə seçilmişdi. Keçən ilin aprel ayında isə Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü təşkil olundu. Bu ilin martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir daha Zirvə görüşünü reallaşdırdı. Pandemiyanın yaratdığı bəlli səbəblərdən budəfəki qeyri-formal Zirvə görüşü videokonfrans formatında baş tutdu.

Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri də məhz son ildə dünyada baş vermiş dəyişikliklər, xüsusilə pandemiya ilə mübarizə oldu. Liderlərin Zirvə görüşü ötən il tarixi uğura nail olmuş Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair fikirlərlə yadda qaldı. Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik edərək ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyənin önəmli rol oynamasını xüsusilə qeyd etdi:

“Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə təşkilatın həmrəylik nümayiş etdirdiyini xüsusilə vurğulayaraq dedi ki, Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır.

“Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib. Həmçinin bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları soyqırımın anıldığı gündür. Biz Xocalı qətliamını heç vaxt unuda bilmərik. Biz bu qətliamın növbəti ildönümünü bir müddət əvvəl qeyd etdik. Mən qətlə yetirilən 10 minlərlə qardaşımıza rəhmət diləyirəm.

Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq”, - deyən Ərdoğan Ramazandan sonra Şuşaya səfərinin anonsunu verdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Azərbaycanın qazandığı Qələbə münasibətilə təbriklərini çatdıraraq bildirdi ki, Dağlıq Qarabağ artıq öz sahibinə qaytarılıb və tarixi ədalət bərpa olunub.

“Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk”,-deyə Şavkat Mirziyoyev qeyd etdi.

Zirvə görüşündə Türk Şurasının Baş katibi Bağdad Amreyev də öz növbəsində Azərbaycanı parlaq Qələbə münasibətilə təbrik edərək dedi:

“Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətdə olan sədri kimi Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim”.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək



Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bu ilin sonunda ölkəmizin Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcəyini xatırladaraq həmkarlarına II Qarabağ müharibəsi haqqında və postmüharibə dövründə görüləcək işlər barədə geniş məlumatlar verdi. Ölkə başçısı beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini daim dəstəklədiyini, Ermənistanın isə Xocalıda xalqımıza qarşı soyqırımı törətdiyini xatırlatdı. Prezident, həmçinin çıxışında Qarabağ problemininin 30 illik dövrü ərzində baş vermiş proseslərlə bağlı kifayət qədər ətraflı informasiyalar səsləndirərək ölkə rəhbərlərinə artıq problemin hərbi-siyasi yollarla həll olunduğunu çatdırdı.

“Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq” , - deyən Azərbaycan Prezidenti əslində üzv ölkələrə türkdilli xalqların, dövlətlərin bir, həmrəy olmasının tarixin ən vacib məqamlarında necə mühüm rol oynadığı mesajını çatdırmış oldu.

“Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm”, - deyə İkinci Qarabağ müharibəsindən qalib ayrılan Azərbaycanın müzəffər Ali Baş Komandanı Türkiyə liderinə təşəkkürlərini çatdırdı.



Prezident xüsusi olaraq qeyd etdi ki, onu və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident məhz Rəcəb Tayyib Ərdoğan olub. Azərbaycan lideri ümumilikdə Türk Şurasının müharibə zamanı Azərbaycanın yanında olmasının da əhəmiyyətini önə çəkib. O, Türk Şurasının sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama verməsini xatırladıb, müharibə dövründə də bir neçə dəfə oxşar mesajların çatdırılmasını təqdir etdi.

Ölkə başçısı çıxışı zamanı Türk Şurasına təşəkkürünü bildirdi, digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycana dəstək olduğunu vurğuladı.

Daha sonra tarixə qovuşan Qarabağ münaqişəsindən söz açan Prezident, həmçinin gələcək perspektivlərdən də danışdı. Təbii ki, təşkilata üzv ölkələr üçün bundan sonra regionda formalaşan yeni reallıqlar fonunda nəqliyyat və iqtisadi imkanlar açılır.

Çıxışı zamanı Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda hər şeyin dağıdıldığını diqqətə çatdırdı, Ağdamı xarici və yerli jurnalistlərin Qafqazın Xirosiması adlandırdığını söylədi:

“Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar” deyən ölkə başçısı bunun bütün müsəlman aləminə qarşı təhqir, cinayət olduğunu vurğulayıb. “Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.



Ölkə başçısı ardınca zirvə görüşündə Zəngəzur dəhlizi ilə bağlı tarixi mesaj ünvanladı. Cənab İlham Əliyev bəyan etdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq:

"Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.



Ümumiyyətlə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə hesab olunmalıdır. Həmin maddə yalnız Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan vermir, bu, həm də Çindən, Asiyadan Türk Şurasına üzv ölkələrdən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Zəngəzur dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malikdir. Gələcəkdə region dövlətləri ilə yanaşı türkdilli ölkələr də marşrutdan yararlana biləcəklər. Bu, olduqca vacib və strateji məsələdir.

Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də texnogen qəzalar səbəbindən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.

Bu mənada Prezidentin martın 31-də keçirilmiş Zirvə görüşündə Zəngəzurla bağlı çıxışı türkdilli dövlətlərə ünvanlanmış tarixi mesajdır. 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan regionda yeni siyasi reallıqlar yaratmaqla Zəngəzur dəhlizinin açılması ideyasını gündəmə gətirdi və bu istiqamətində işlərə start verdi. Zəngəzur layihəsinin reallaşması təkcə region ölkələri üçün deyil, eyni zamanda türkdilli dövlətlərin birlik və əməkdaşlığının möhkəmləndirilməsi baxımından da tarixi əhəmiyyətlidir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkdilli-ölkələr   Qarabağ   Zəngəzur   Zirvə-görüşü  





Xəbər lenti