Nazir bağçaları saxlama kameralarına bənzətdi

Nazir bağçaları saxlama kameralarına bənzətdi
  28 Fevral 2014    Oxunub:1414
Hazırda uşaq bağçaları saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir.
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatındakı çıxışında, məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərin də mövcud olduğunu bildirib:

"Bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoyub. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulub".

M.Cabbarov məktəbəqədər təhsilin müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrə olduğunu qeyd edib. "O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir. Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir".

O, qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, məktəbəqədər təhsil müəssisələrinə getmiş şagirdlər ibtidai sinifdə daha yuxarı nəticələr göstərirlər. Lakin bəzi valideynlər məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir, övladlarını evdə tərbiyə etməyə üstünlük verirlər. Bu da uşaqları zəruri tərbiyə, təlim və inkişafyönümlü tədbirlərdən təcrid edir. "Təqdirəlayiq haldır ki, son illərdə bu sahədə müəyyən irəliləyişlərə nail olunub, məktəbəqədər təhsil müəssisələrində təlim şəraiti yaxşılaşdıqca, şəbəkə genişləndikcə valideynlərin də düşüncələrində müsbət dəyişikliklər baş verib, daha çox valideyn övladını məktəbəqədər təhsilə cəlb etməyə maraq göstərməyə başlayıb".(anspress)


Teqlər:  





Xəbər lenti