Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL

   Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? -    TƏHLİL
  06 Aprel 2021    Oxunub:8859
Ölkənin bank sektoruna dair açıqlanan son statistik rəqəmlər ilk baxışda nə qədər qənaətbəxş görünsə də, ürəkaçan deyil. Bəli, problemli kreditlərin həcmi kritik həddə deyil, yəni 1 milyard manatdan aşağıdır, iqtisadiyyata kredit qoyuluşu 1 il əvvəlki ilə müqayisədə azalsa da, ilin əvvəlindən bəri cüzi də olsa artıb, depozit cəlbi isə əksinə, ilin əvvəlindən bəri aşağı düşsə də, 1 il əvvəlki ilə müqayisədə artıb, əmanətlərin strukturunda dollarlaşma prosesi manatın xeyrinə dəyişib və sair. Hesab edirəm, bütün bunları rəqəmlərlə göstərməyə ehtiyac yoxdur. Lakin ümumən görünən budur ki, ölkədə bankların vəziyyəti getdikcə pisləşir. Hərəkətsiz adamda qan dövranı normal işləmədiyi kimi, iqtisadiyyatdakı passiv şərait də pul-kredit sistemini məhvə doğru sürükləyir.
Bankların vəziyyəti onsuz da yaxşı deyildi. Hələ keçən ilin yayında yazmışdım ki, ölkənin bank sektoruna pandemiyanın təsiri özünü belə tez göstərə bilməz. Bunun üçün bir az uzun vaxt lazımdır. Odur ki, əgər, hansısa göstəricilərdə mənfi fəsadlar, meyllər ortaya çıxıbsa, bu, sektorun vəziyyətindən irəli gəlir, koronavirus səbəbindən deyil. Bizdə, bank sektorunu sağlamlaşdırmağa çoxdan ehtiyac var idi. Bu, isbata ehtiyacı olmayan məsələdir. Mövcud iqtisadi şərait pisləşdikdə isə hər şey daha əyani üzə çıxdı.

Bütün bunları qoyuram kənara. Lap tutaq ki, hər şeyi pandemiya korladı və korlamaqda da davam edir. Ancaq bank sektoru iqtisadiyyatın axı elə bir sahəsi deyil ki, sağlam vəziyyətdədirsə, kənar və subyektiv təsirlərin ucbatından dərhal pis vəziyyətə düşsün. Sözügedən sektora və yaxud sistemə mənfi mənada sirayət edərək, onu yerindən tərpətmək və laxlatmaq üçün gərək, həm də onun özü "xəstə vəziyyətdə" olsun... Azərbaycanda bank sektoru isə əvvəldən sağlam deyildi.

Yəni, pandemiya ilə əlaqədar iqtisadi fəaliyyət sahələrində məhdudiyyət tədbiq olunmamışdan öncə də ölkədə bank sektorunda durum ağır vəziyyətdə idi. Və buna başlıca səbəb 2014-cü ildən etibarən istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması olmuşdu. Bəli, sonradan neftin qiymətinin düşməsi nəticəsində manatın 2 dəfə ucuzlaşdırılması və sair də az rol oynamadı. Lakin, bankların fəaliyyəti bundan öncə divara dirənmişdi.

Yeri gəlmişkən, 2015-2016-cı illərdəki böhrandan sonra ölkədə 11-dən çox bank bağlandı. Proses davam edəcəkdi, sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin və dövlətin üzləşdiyi problemlər digər bankların ləğvi prosesini dayandırdı. Çünki bu, vəziyyətdən çıxış yolu deyildi. Təkcə, Beynəlxalq Bank (ABB) dövləti "beli üstə" qoydu. Hökumət ABB-nı xilas etməklə, bankın xarici öhdəlikləri qarşısında bütün cavabdehliyi üzərinə götürməklə bir növ bank sistemini və o cümlədən, maliyyə sektorunu nüfuzdan düşməkdən qorudu. Adı çəkilən bank sistem əhəmiyyətli olduğundan, başqa çarə də yox idi. Və odur ki, hökumət lazım olanı etdi. Ancaq ABB ilə əlaqədar problemlər birdən-birə yaranmamışdı axı... Və yaxud, problemli kreditlərin səviyyəsi məgər, təkcə 2015-2016-cı illərə görə 2 milyard manatı vurub keçmişdi? Xeyr.

Budur: pandemiyanın da sayəsində keçən ilin fevral ayının sonu ilə müqayisədə bank sektorunun gəlirləri 25,3 faiz azalıb. Qeyd olunan dövr ərzində bank sektoru mənfəətdən 9,5 faiz az vergi ödəyib. Çünki banklar kredit verə bilmir - əvvəla, tələb yoxdur, ikincisi də ki, pul.

Yeri gəlmişkən, iqtisadiyyata kredit qoyuluşu 1 il əvvəlki ilə müqayisədə ümumən azalsa da, ilin əvvəlindən bəri cüzi də olsa, artıb. Belə ki, bu il martın 1-nə ölkədə bankların iqtisadiyyata kredit qoyuluşu 14 619,5 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0,6 faiz çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 faiz az deməkdir. Kredit qoyuluşunun cari ilin əvvəlindən canlanmasına səbəb, təbii ki, pandemiya ilə əlaqədar tədbiq olunan məhdudiyyətlərin aradan götürülməsi ilə bağlı iqtisadi fəallığın nisbətən bərpa olmasıdır. Lakin canlanmanı yaradan dövlət banklarıdır. Dövlət bankları tərəfindən kredit qoyuluşu 1 il əvvələ nisbətən 9,3 faiz artdığı halda, ümumi kredit qoyuluşunda özəl bankların payı 78,3 faiz təşkil etsə də, bu bankların təxminən son 1 il ərzində qoyduqları kreditlərin həcmi isə 10 faizdən çox azalıb. Bunu müsbət qiymətləndirmək olarmı?

Diqqət yetirilməli olan digər mənfi cəhət isə ondan ibarətdir ki, düzdür, əmanətlərin strukturunda dollarlaşma prosesi manatın xeyrinə dəyişib, amma bu ilin əvvəlindən martın 1-dək olan müddət ərzində manatla əmanət yerləşdirilməsi 4,2 faiz azaldığı halda, xarici valyuta üzrə bu rəqəm 1,2 faiz çoxalıb.

Bir daha diqqət yetirək: ilin əvvəlindən bəri kreditləşdirmədə canlanma yaranıb, depozit cəlbində isə manatla azalma baş verdiyi halda, xarici valyutayla yerləşdirmə genişlənib. Bu da bankların gəlirlərinə təsir etməyə bilməz. Özü də ölkədə kreditlərin dedollarlaşma (kreditlərin digər valyutada verilməsi) vəziyyəti və yaxud fonu şəraitində.

Gəlirlərin getdikcə aşağı düşməsi isə kredit faizlərini hələ bir az da bahalaşdıracaq. Sözün qısası, bankların fəaliyyətində əməlli-başlı "tromb" əmələ gəlib.

Odur ki, çıxış yolu təkrar edirəm, bankların kreditləşdirmə mexanizmini təcili surətdə yüngülləşdirməkdən ibarətdir. İstehlak kreditlərinin verilməsi qaydaları və şərtləri asanlaşdırılmalı, əmanət cəlbi üçün sığortalanılan faiz dərəcələri müəyyən müddət ərzində əhəmiyyətli səviyyədə artırılmalı, sektorda inhisarlaşma prosesinin qarşısı təcili şəkildə alınmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL




Teqlər: Bank-sektoru   Təhlil  





Xəbər lenti