COVİD-lə mübarizə: Azərbaycan dünyaya nümunə göstərilir

  COVİD-lə mübarizə:  Azərbaycan dünyaya nümunə göstərilir
  07 Aprel 2021    Oxunub:9847
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərində yerləşən mənzil qərargahında qurumun Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub.
Müraciətində Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklərin baş verdiyini deyən Prezident ölkəmizdə icbari tibbi sığorta tətbiq edilməklə ilkin tibbi yardımın gücləndirildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan təcili tibbi yardım xidmətlərini yeniləyir, elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Prezident onu da vurğulayıb ki, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir:

“Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

Bundan əlavə, Prezident İlham Əliyev videomüraciətində peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini önə çəkib. Dövlət başçısı vurğulayıb ki, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması Azərbaycanı dərindən narahat edir. Bəzi ölkələrin ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük etdiyini xatırladan Prezident, belə şəraitdə digər ölkələrin peyvənd qıtlığı ilə üzləşəcəyinin qaçılmaz olduğunu diqqətə çatdırıb.

“Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyirik. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”, - deyə Prezident videomüraciətində söyləyib.

Azərbaycan ilk gündən pandemiya ilə mübarizəyə öz töhfəsini verir. Bunu ÜST və digər beynəlxalq təşkilatlar da təqdir edirlər. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin videomüraciətinə cavab olaraq təşəkkürünü çatdıran Tedros Adhanom Qebreyesus ölkəmizin irad və təkliflərini müsbət qarşılayıb:

“Təşəkkür edirəm, Prezident Əliyev. Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” .

Bu gün həqiqətən Azərbaycanın səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Son illər ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılıb ki, bu da pandemiya dövründə səhiyyənin daha az yüklənməsinə öz töhfəsini verir. İki ilə yaxındır davam edən pandemiya şəraitində əksər ölkələrin səhiyyə sistemi gözlənilməz bəlanın fəsadlarının qarşısında duruş gətirə bilmədi. Azərbaycan isə ölkə başçısının qeyd etdiyi kimi COVID-19 pandemiyası ilə uğurlu mübarizə nümunəsi göstərdi. Azərbaycan ilk vaxtlardan koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri oldu.

Ölkəmiz pandemiya başlayan gündən tətbiq etdiyi qabaqlayıcı tədbirlərlə bir sıra aparıcı dövlətlər üçün nümunəyə çevrildi. Virusla effektli mübarizədə Azərbaycan nümunəsi hazırda vaksinasiya tədbirlərində də davam etdirilir. Belə ki, ölkəmizdə yanvarın 18-dən etibarən vaksinasiyaya start verildi, bununla Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış ilk ölkə statusunu qazandı.

Onu da vurğulayaq ki, Azərbaycanın vaksinasiyaya başlaması Avropadan cəmi bir ay sonraya təsadüf etdi. Dünyanın varlı və nəhəng ölkələri ilə eyni vaxtda Azərbaycan vaksini ilk əldə edənlər sırasında yer aldı. Lakin hələ də vaksin əldə edə bilməyən ölkələr var. Bu amilin özü belə Azərbaycan hökumətinin ölkə vətəndaşlarının sağlamlığına xüsusi diqqət ayırdığını bir daha sübut edir.

Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən olması dövlətin virusla mübarizə tədbirlərinə hansı səviyyədə əhəmiyyət verdiyini göstərir. Azərbaycan hökuməti bu günə kimi bir sıra önəmli təşəbbüslər irəli sürüb. Buna nümunə olaraq, 2020-ci ilin aprelində Türk Şurasının Zirvə görüşünü, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısını, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanı xatırlatmaq yerinə düşər. Bundan savayı, Azərbaycan hökuməti beynəlxalq humanitar və maliyyə yardımlarının da əsas təşəbbüskarı olub.

Təəssüf ki, hazırda dünyada virusdan xilas olmağın yeganə yolu sayılan peyvəndlənmə prosesləri ilə əlaqədar ədalətsiz yanaşmaların da şahidi oluruq. Bu, özünü əsasən vaksin alışı və satışı məsələlərində göstərir. Təbii ki, ədalətsiz yanaşma Azərbaycanı da ciddi narahat edir. Bu mənada ölkə rəhbərliyi peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması mövzusunu dəfələrlə gündəmə gətirməklə imkansız ölkələrin müdafiəsinə qalxıb, onların problemlərini beynəlxalq tribunalarda qaldırıb.

Azərbaycan Prezidenti, eyni zamanda çıxışlarında dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunarkən dəfələrlə peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini nəzərə çatdırıb, həmçinin peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyi ciddi şəkildə qınayıb.

Beləliklə, vaxtında düzgün strategiyanın seçilməsi nəticəsində Azərbaycan ötən il olduğu kimi 2021-ci ildə də pandemiya ilə mübarizədə, əksepidemik tədbirlərin görülməsində uğurları ilə seçilir. Ölkə başçısının zamanında atdığı qabaqlayıcı addımlar, düşünülmüş gedişlər və vacib çağırışları qlobal müstəvidə yüksək qiymətləndirilir. Necə ki, Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsi pandemiyanın ilk günündən ÜST tərəfindən digər ölkələrə nümunə göstərilirdi, bu gün humanitar və maliyyə yardımları, ədalətsiz vaksin bölgüsünə son qoyulması istiqamətində irəli sürülən təşəbbüslər də ilk olaraq rəsmi Bakı tərəfindən dünyaya təqdim olunur. Bu, həm də onu göstərir ki, xilaskarlıq missiyasını yerinə yetirən Azərbaycan dünyada qlobal oyunçu mövqeyindən çıxış edir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Pandemiya   Vaksin   ÜST  





Xəbər lenti