Buxarestdə Azərbaycan dili tədris olunacaq

Buxarestdə Azərbaycan dili tədris olunacaq
  28 Fevral 2014    Oxunub:1276
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb.
Heydər Əliyev Fondunundan AzVision.az-a verilən məlumata görə, dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb.

Açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin rəhbərliyinə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat verib, Buxarestdə bu fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.

Rumın-Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və məhsuldar əməkdaşlığa görə təşəkkürünü bildirib. O, rumın tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına marağını iki xalq arasında gündən-günə inkişaf edən əlaqələrin təzahürü kimi qiymətləndirib, belə səmərəli layihələrin davamlı olacağına inandığını söyləyib.

Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova Buxarestdə belə bir imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O, rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulayıb.

Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti