Almeyda Milli komandaya çağırılsın

Almeyda Milli komandaya çağırılsın
  05 Mart 2014    Oxunub:1537
Orxan Sübhan

Avropa çempionatının seçmə mərhələsində milli komandamızın kimlərlə mübarizə aparacağı artıq bəllidir. Əvvəlcədən qeyd edək ki, seçmə mərhələdə 53 komanda yarışacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünüb. Hər qrupda ilk iki yeri tutanlar final mərhələsinə qatılacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da AVRO-2016-ya vəsiqə qazanacaq.
Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa yığması ilə birlikdə final mərhələsində çıxış edəcək.

Berti Foqtsun baş məşqçisi olduğu millimiz püşkün nəticəsinə görə “H” qrupunda Italiya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta kollektivləri ilə mübarizə aparacaq. Komandamızın qrupda neçənci yeri tutacağı indidən böyük maraqla gözlənilir.

“H” qrupunda yarışacaq komandalardan Italiya və Xorvatiya milliləri yayda Braziliyada təşkil olunacaq dünya çempionatında da mübarizə aparacaqlar. Adıçəkilən komandaların AVRO-2016-nın final mərhələsinə də vəsiqə qazanacaqları heç kimdə şübhə doğurmamalıdır.

Heç kimə sirr deyil ki, millimizin bu komandalara badalaq vurması inandırıcı görünmür. Yığmamız qrupda ən yaxşı halda 3-cü yer uğrunda yarışa bilər ki, bu dəfə Norveç və Bolqarıstan komandaları ilə mübarizədən qalib ayrılmaq da, bizim üçün asan olmayacaq. Ancaq necə deyərlər, top yumru, meydan isə düzdür.

Millimizin təcrübəli almaniyalı çalışdırıcısı Berti Foqts da eyni fikirdədir: “Bəxtimizə daha güclü komandalar da çıxa bilərdi. Ancaq ortabab komandalar bizimlə eyni qrupda mübarizə aparacaq. Bakıdakı oyunlarda bütün rəqiblər üzərində qələbə qazanmağa çalışacağıq. İtaliya və Xorvatiya qrupun favoritləridir. Bizim qrupda 3-cü yerdə çıxmaq imkanımız var. Ancaq bu bizim üçün çox çətin görünür. Bu, 2 favoritin yer aldığı rahat olmayan çətin bir qrupdur”.

Bəs necə edək ki, milli komandamız hansısa dünya və ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilsin? Bir çox azərbaycanlı futbol mütəxəssi bunun üçün zamana ehtiyac olduğunu deyir. Onlar belə qənaətdədirlər ki, daha çox uşaq futboluna fikir vermək lazımdır. Bəs milli komandamızın ötən seçmə mərhələylə müqayisədə, bu dəfə daha çox xal yığması üçün başqa nə etmək olar?

Bu gün ölkə çempionatında oynayan yerli futbolçuların ən güclüləri yığmaya dəvət olunur. Bəs Azərbaycan Premyer Liqasında mübarizə aparan hansısa əcnəbi futbolçu millimizin gücünə-güc qata bilər? Bu suala cavab tapmaq üçün bu dəfə də, mütəxəssislərimizə müraciət etdik. Cavablar isə belə oldu.

Şahin Diniyev: Reynaldo, Almeyda (hər ikisi “Qarabağ”)
Arif Əsədov: Almeyda (“Qarabağ”) Flavinyo (“Neftçi”)
Yunis Hüseynov: Almeyda (“Qarabağ”)

Əslində mövzuya əsasən bu 3 mütəxəssisdən başqa Ağasəlim Mircavadov, Nadir Qasımov kimi təcrübəli çalışdırıcılarla da söhbət etdik. Məşqçilərin hər biri ilk andaca daha çox üstünlüyü yerli futbolçulara verdiklərini bildirdilər.

Açığı, bir azərbaycanlı kimi mən də, milli komandada hansısa legionerin oynamasının tərəfdarı deyiləm. Ancaq reallıq budur ki, ölkəmizi beynəlxalq arenalarda təmsil edə biləcək futbolçumuzun sayı çox azdır. Görəsən Berti Foqts necə düşünür?


Teqlər:  





Xəbər lenti