Mikayıl Cabbarov daha bir dəyişiklik etdi - ƏMR

Mikayıl Cabbarov daha bir dəyişiklik etdi - ƏMR
  06 Mart 2014    Oxunub:1465
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə” əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.

Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18 şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət göstərəcək. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu, Monitorinq və qiymətləndirmə, həmçinin Peşə ixtisas təhsili şöbələrinə daha çox ştat vahidi verilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyətində dərslik siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deməyə əsas verir. Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə mühüm vəzifələr düşür.

Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur bölmələrin də fəaliyyəti nəzərdə tutulub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti