Geosiyasi məişət problemi: İsrail-ərəb toqquşmasının arxasındakı gizli maraqlar – TƏHLİL

      Geosiyasi məişət problemi:    İsrail-ərəb toqquşmasının arxasındakı gizli maraqlar –    TƏHLİL
  16 May 2021    Oxunub:17059
İsrail ilə Fələstin arasındakı budəfəki qarşıdurmanın həm daxili siyasi, həm də geosiyasi səbəbləri var. Öncə qeyd etmək lazımdır ki, İsrail Fələstin muxtariyyəti ilə deyil, HƏMAS terror qruplaşması ilə mübarizə aparır və bu qurum heç də bütövlükdə Fələstin xalqının təmsilçisi hesab oluna bilməz.
Fələstin muxtariyyətində bir neçə siyasiləşmiş terror qruplaşmaları var ki, uzun illərdir, onların arasında hakimiyyət uğrunda mübarizə gedir. Onların ən güclü və nüfuzluları HƏMAS terror təşkilatı ilə vaxtilə Yasir Ərəfatın yaratdığı, hazırda Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatıdır. Müxtariyyatın prezidenti FƏTH lideri Mahmud Abbas, parlamentinin əsas partiyası isə HƏMAS-dır. Siyasiləşmiş terror təşkilatı. Lakin, burada hansısa dövlətçilik, yaxud parlamentarizmdən söhbət gedə bilməz. FƏTH HƏMAS-ı, HƏMAS isə FƏTH-i qəbul etmir. Nəticədə Fələstinin Qəzza bölgəsi HƏMAS-ın, İordan çayının qərb sahili adlanan bölgəsi isə FƏTH-in nəzarətindədir.

Bu dəfə münaqişənin alovlanma səbəbi əslində çox primitivdir. İsrail dövlətinin ərazisi olan Qüdsün şərq hissəsində bir neçə ərəb ailəsi yaşadıqları əraziləri yəhudilərə satıb, sonra isə həmin əraziləri tərk etməkdən imtina ediblər. Yəhudilər məhkəməyə müraciət edib, məhkəmə onların xeyrinə qərar çıxarıb və polis məhkəmənin qərarını icra etmək üçün həmin əraziyə gələrək, ərəbləri yaşayış yerlərindən çıxarmağa başlayıb. Ərəblərin müqavimət göstərməsi polislə qarşıdurmaya gətirib çıxarıb, bundan sonra məsələ böyüyərək, ərəb və yəhudi icmaları arasında münaqişəyə çevrilib.
Hakan Fidan: “Fələstin dövlətinin yaradılması İsrailin xeyrinədir”

Belə bir vəziyyətdə HƏMAS qruplaşması İsrail dövlətinə ultimatum göndərib ki, polisi həmin ərazidən geri çəksin. Təbii ki, Təl-Əviv razılaşmayıb. Bundan qəzəblənən HƏMAS yəhudi şəhərlərini raket atəşinə tutmağa başlayıblar. Yəhudilər isə cavab olaraq aviasiyanı işə salıb və Qəzza bölgəsindəki terrorçulara nöqtəvi zərbələr endiriblər.

Görünən odur ki, adi bir mənzil-məişət problemi süni şəkildə şişirdilərək, regional münaqişənin alovlanmasına səbəb olub. Bunun arxasında müxtəlif miqyaslı siyasi maraqlar dayanır. Maraqlıdır ki, münaqişə ərəfəsində həm İsrail, həm Fələstinin siyasi arenasında dəyişikliklər gözlənilirdi və baş verən hadisələr bu və ya digər şəkildə siyasi proseslərə təsirsiz ötüşmədi.

İsraildə hazırki baş nazir Netanyahu prezident Reuven Rivlinin göstərişinə əsasən, 28 gün müddətinə koalisiya hökümətini formalaşdıra bilmədiyi üçün prezident bu vəzifəni müxalif “Yeş atid” partiyasının lideri Yair Lapidə həvalə etdi. Yair Lapid yeni hökumətdə yer almaları üçün ərəbləri təmsil edən “Birləşmiş ərəb siyahısı” partiyası ilə danışıqlara başlamışdı. Lakin münaqişənin alovlanması prosesin dayandırılmasına səbəb oldu. Bəzi təhlilçilər belə vəziyyətin Netanyahunun maraqlarına cavab verdiyini dilə gətirsələr də, əslində, ərəblərin İsrail hökumətində təmsil olunmamaları qarşıdurma tərəfdarlarının maraqlarına cavab verən amildir. Çünki ərəblərin yəhudi dövlətinin hakimiyyət pillələrində təmsilçiliyi icmalararası münasibətlərin tənzimlənməsində, həmçinin İsrailin anti-islam xarakterli imicinin ortadan qalxmasında təsirli ola bilərdi.

Fələstində isə 15 ilə yaxındır nə parlament, nə prezident seçkiləri olub və Mahmud Abbas (ərəblər onu Əbu Mazen adlandırır) bu ilin may ayında parlament, iyul ayında isə prezident seçkilərinin keçirilməsi haqqında qərar vermişdi. Münaqişənin alovlanması radikal HƏMAS qruplaşmasının əhali arasında populyarlığının yüksəlməsinə səbəb olacaqdı və güman ki, həmaslılar nəhayət, Fələstində hakimiyyəti tam qazanmağı planlaşdırırdılar. Əbu Mazen bu tendensiyaları anlamamış deyildi və məhz bu səbəbdən seçkilərin keçirilməsini qeyri-müəyyən vaxta təxirə saldı.

HƏMAS təşkilatı ənənəvi olaraq sünni yönümlü olub və Yaxın Şərqin sünni ərəb dövlətləri tərəfindən dəstəklənib. Hətta Suriyadakı münaqişə zamanı HƏMAS üzvləri sünni ölkələrin dəstəklədiyi Suriya müxalifəti tərəfində Bəşər Əsəd rejiminə qarşı mübarizə aparırdılar. Lakin 2017-ci ildə HƏMAS-ın rəhbərliyində dəyişikliklərin baş verməsilə qruplaşmanın mövqeyi də dəyişdi və Livandakı iranyönümlü “Hizbullah” təşkilatı ilə yaxınlaşmağa başladı. “Hizbullah”la HƏMAS-ın yaxınlaşması ikincinin Bəşər Əsədin tərəfinə, sonradan isə ümumiyyətlə, şərti olaraq “şiə oxu” adlanan Rusiya-İran-Suriya koalisiyası tərəfinə keçməsinə səbəb oldu. Hətta Amerikanın raket zərbəsi ilə məhv etdiyi iranlı general Qasım Süleymaninin HƏMAS ilə Hizbullahın yaxınlaşmasında əsas rol oynayan fiqurlardan biri olması barədə məlumatlar yayılmışdı.

HƏMAS-ın şiə koalisiyasının yanında yer alması Moskva və İranın Yaxın Şərqdə ABŞ-a qarşı öz maraqlarına uyğun oyun qurmalarına şərait yaradır. Onu da demək lazımdır ki, Moskvanın Fələstinin daxili siyasətinə HƏMAS-dan başqa da çoxdandır formalaşmış təsir rıçaqları mövcuddur və Fələstinin daxilindəki siyasi qruplaşmalar arasındakı mübahisələr adətən Kremlin vasitəçiliyi ilə həll olunur. Odur ki, İsrail-Fələstin münaqişəsinin həllində Rusiyanın vasitəçiliyi mütləqdir və Vaşinqton konflikti çözmək istəsə, Moskva ilə iş birliyinə girməyə məcburdur.


O da nəzərə alınmalıdır ki, İsrail-Fələstin münaqişəsinin həllilə bağlı hələ 2000-ci ildə ABŞ, Avropa Birliyi, BMT və Rusiyadan ibarət “Yaxın Şərq kvarteti” adlanan beynəlxalq platforma təsis edilmişdi. Amerikanın Rusiyanı Ukrayna böhranına görə sanksiyalarla cəzalandırdığı bir vaxtda Yaxın Şərqdə münaqişənin tənzimlənməsi üçün Moskva ilə iş birliyinə girmək məcburiyyətində qalması Kremlin Ağ evə öz tələblərini diktə etməsi üçün şərait yaradacaq.

Məsələdə İranın da marağını və Tehranın Amerika sanksiyalarından qurtulmaq istəyində olduğunu nəzərə almaq lazımdır. Yeni prezident Co Baydenin Yaxın Şərqdə hansı strategiyanı izləyəcəyini gələcək göstərəcək, ancaq indidən ehtimal etmək olar ki, Vaşinqton Obama dövründə olduğu kimi, İranla Rusiya arasındakı tərəfdaşlığı pozmağa və Tehranla separat razılaşmalara getməyə üstünlük verəcək.

Üzdə Fələstini dəstəkləyən Türkiyə ilk növbədə daxili auditoriyanın tələblərini yerinə yetirsə də, uzaqgedən geosiyasi məqsədlər də güdməkdədir. ABŞ-ın strateji tərəfdaşı olması və İsraillə səmərəli əlaqələrinin mövcudluğu, eyni zamanda, ərəb ictimaiyyəti arasındakı nüfuzu Ankaranı Yaxın Şərq münaqişəsində əvəzedilməz vasitəçiyə çevirir. Türkiyə ABŞ-ın Yaxın Şərqdə Rusiya ilə tərəfdaşlığa getməyəcəyi halda vasitəçilik missiyasının onun üzərinə düşəcəyinə ümid edə bilər. Hətta buna Ankara ilə kifayət qədər etibarlı münasibətləri olan Moskva belə etiraz etməz.

Tofiq Vahid
Azvision.az



Teqlər: Fələstin   İsrail  





Xəbər lenti