Banklar turizmə dəstək verməlidir – TƏHLİL

  Banklar turizmə dəstək verməlidir –    TƏHLİL
  21 May 2021    Oxunub:4168
Koronavirus pandemiyasının dünya , o cümlədən, Azərbaycan iqtisadiyyatına vurduğu zərər bəllidir. Lakin ən böyük ziyanı turizm sektoru çəkib. Dünyada turizm sektoru demək olar, çöküb. Ölkəmizdə də həmçinin... Halbuki, bizdə məhz son illər ərzində həmin sahə sürətli inkişafa başlamışdı.
Ümumiyyətlə, Azərbaycanda turizmin geniş təşkili və inkişafı gec baş tutub. 90-cı illərdə məlum səbəblərə görə bu sahəyə diqqət ayrılmadı. İqtisadiyyatda bərpa işlərinə başlanması, əsas diqqətin neft sənayesinə yönəlməsi və kifayət qədər maliyyə vəsaitinin olmaması səbəbindən turizmin inkişafı təxirə düşdü və yalnız 2000-ci illərin əvvəllərindən diqqət mərkəzinə alındı. 20 il ərzində böyük nəticələrə çatılaraq, yay turizmi ilə yanaşı, qış turizmi üçün də şərait yaradıldı.

Ümumiyyətlə, turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» mühüm əhəmiyyət kəsb etdi ki, bunların icrası nəticəsində zəngin infrastruktur qurulması ilə yanaşı, ölkəmiz beynəlxalq turizm bazarına inteqrasiyası edilmiş sayıldı. Bir-birinin ardınca onlarla yüksək xidmət səviyyəsinə malik mehmanxanalar istifadəyə verildi, kadrlar hazırlandı, yüzlərlə çoxşaxəli turist firmaları formalaşdı, informasiya-reklam strukturları işə düşdü, nəticədə xaricdən turist axını ildən-ilə artmağa başladı. Ölkəmizdə bir-birinin ardınca mühüm beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi də buna əlavə rəng qatdı.

Turizmin inkişafında həmçinin, hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək siyasətində regionlarımız üzrə kənd təsərrüfatı ilə yanaşı, sözügedən sahəni prioritet tutması da az əhəmiyyət daşımadı. Regionlarda bu gün çoxlu sayda mehmanxanaların, istirahət zonaları, əyləncə və idman mərkəzlərinin fəaliyyət göstərməsi həm də bunun nəticəsidir. Bunlar həm yay, həm də qış mövsümündə istirahət etmək və dincəlmək üçündür...

Amma keçən ilin martından pandemiya bütün bunlara elə bir zərbə vurdu ki, sözügedən obyektlərin və bu sahədə çalışan işçilərin necə və nə vaxt özlərinə gələcəkləri bəlli deyil. Onsuz da işçi heyətinin yarıdan çox hissəsi ixtisara düşüb. Dövlətin və hökumətin pandemiya şəraiti zamanı həyata keçirdiyi sığorta xarakterli bütün məlum ciddi dəstək və səylərinə baxmayaraq... Turizm də, məlum olduğu kimi, işçi qüvvəsinə yüksək tələbi olan və əməktutumlu sahədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dünya üzrə məşğul işçi qüvvəsinin təxminən 10 faizdən çoxu turizmdə çalışırdı. İndi bu rəqəm yarıbayarı azalmış vəziyyətdədir.

Bax, belə bir fonda və şəraitdə acı məqam ondan ibarətdir ki, ölkəmizdə banklar bu sahənin tam çökməməsi, bərpa məqsədilə nəfəs alması üçün heç bir güzəştə getmək niyyətində deyillər. Bu, faciədir. Halbuki, bank sektorunun özünü pandemiya başlamamışdan qabaq dövlət bataqlıqdan çıxarmışdı.

Yeri gəlmişkən, keçən il yazmışdım ki, koronavirusla bağlı yaranmış böhran davam etdikcə, dövlətdən, hökumətdən əhalinin sağlamlığı qayğısına qalmaq, habelə, iqtisadiyyatı neftin qiymətinin aşağı olmasından, maliyyə və iqtisadi nizam-intizamın pozulmasından, baş verə biləcək xaosdan, tənəzzüldən sığortalamaq daha çox güc tələb edir. Və bu da bəzən, əsassız və yaxud, zamansız istəklər ortaya çıxarırdı. Çünki koronavirus elə bir fəlakət idi ki, həm daxildən, həm xaricdən zərbə vurmaqla yanaşı, müddət artdıqca "immunitet müqaviməti" sıfıra enir, problemlər həm şaquli, həm də üfiqi istiqamətdə genişlənməklə, daha dərinə işləyirdi.

Bəziləri bank sektorunu da bura daxil etməyi vacib bilirdilər. Bu, düzgün deyildi. Ona görə yox ki, bank sistemində vəziyyət əla idi, yaxud, koronavirus adı çəkilən sektoru vurmayıb. Sadəcə, dövlətin sözügedən sektoru yaranmış vəziyyətlə bağlı sığortalamasına ehtiyac yox idi. Əksinə, bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunurdu ki, əslində, bu, daha düzgün yol idi. Banklar ya kreditlərin verilməsində, ya da geri ödənişdə müxtəlif güzəştlərin tədbiqinə getməli idilər. Odur ki, dövlətin bank sektoruna dair hər hansı güzəşt paketinə baxmasına heç bir ehtiyac yox idi.

Bəs banklar özləri heç olmasa, hansısa güzəştlərə getdilərmi və buna hazır olduqlarını nümayiş etdirdilərmi? Xeyr. Hətta pandemiya şəraitində də banklar buna hazır olmadıqlarını göstərdilər!

Halbuki, bank sektorunun ən böyük problemi vaxtı ötmüş kreditlər məsələsi idi ki, dövlət 2019-cu ilin əvvəlində buna müdaxilə etdi və Prezident tərəfindən bir növ xalqa hədiyyə yolu ilə bu məsələ həllini tapdı. Xatırladım ki, problemli kreditlərin həcmi həmin vaxt 2 milyard manata çatırdı.

Sözümü ona gətirirəm ki, indi ölkənin turizm sektorunda biznes kreditlərinin ödənilməsilə bağlı çətinliklər kimi məsələlər var. Analoji problem təkcə otel və restoran şəbəkələrində deyil, turizm agentliklərində də yaşansa da, banklar borcların restrukturizasiyasına getmirlər. Sivil şəraitdə isə banklar borclunun pulu qaytarmaq imkanı olmadığı təqdirdə onun üçün yeni güzəştlər tətbiq edir, kredit faizlərində, müddətində və ya məbləğində dəyişikliklər edərək, iqtisadiyyat üçün vacib sektorlarda defoltun, tam iflasın baş verməsnə imkan saxlamırlar. Bu, iqtisadi qanunların normal fəaliyyət göstərdiyi sistem şəraitində adi haldır.

Sual olunur: dövlətin və hökumətin min əziyyətlə külli miqdarda investisiya, təbliğat və təşviqat işləri ilə ayağa qaldırdığı turizm sektoru görəsən, nəyə görə “COVİD-19”un qurbanı olmalıdır?! Bank sektorunu saxlayan əsas sektorlardan biri elə məhz turizm idi. Qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini regionlarda mövcud iqtisadi potensialdan tam istifadə olunması təşkil edirdi ki, bunun da əsasında kənd təsərrüfatı ilə turizm dayanırdı.

Ümumiyyətlə, aqrar sahə, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları da bu sahələr sırasında kənd təsərrüfatı ilə turizmi önə çəkiblər həmişə. Odur ki, hesab edirəm, ölkədə turizm sektoruna dair subyektlərin bank sektoru qarşısında öhdəlikləri ən pik variantda bağışlanmalıdır. Dövlət bu məsələdə banklara bir "qulaqburması" versə, yaxşıdır...

Sonda statistikaya nəzər yetirməyi vacib bilirəm. 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170 min 400 və ya 2018-ci illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdi. 2018-ci ildə bu rəqəm 2 milyon 849 min 600 nəfər təşkil etmişdi. 2017-ci ildə isə 2 milyon 696 min 700 şəxs. Ümumiyyətlə, 2015-ci ildən sonra turist axını həmişə artıb. Keçən ilsə faktiki olaraq heç kim gəlmədi. Turizmə yatırım edənlər bank sektoru qarşısında öhdəliklərini nəyə əsasən yerinə yetirməlidirlər? Atalar misalı var: “Keçi can hayında, qəssab piy axtarır”.


Pərviz Heydərov
Azvision.azüçün

Müəllifin əvvəlki yazıları:

Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Turizm   Banklar  





Xəbər lenti