Zəngəzur dəhlizi Ermənistanın “xilas qapı”sıdır - ŞƏRH

Zəngəzur dəhlizi Ermənistanın “xilas qapı”sıdır -  ŞƏRH
  22 May 2021    Oxunub:6149
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bəzi mühüm mövzulara toxunuldu və bir çox suallara aydınlıq gətirildi. Azərbaycan Prezidenti İlham Əliyevin müzakirələr zamanı gündəmə daşıdığı əsas məsələlərdən biri regionun iqtisadi mənzərəsini dəyişəcək Zəngəzur dəhlizi ilə bağlı oldu.
Dövlət başçısı çıxışı zamanı diqqətə çatdırdı ki, artıq sözügedən layihənin həyata keçirilməsi ilə bağlı işlərə başlanılıb:

“Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.



Ölkə rəhbəri mövzu ətrafında danışarkən Ermənistanın da bu şansdan yararlana biləcəyini vurğuladı.

“Biz Azərbaycanın nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb”.

Azərbaycan lideri, həmçinin Zəngəzur layihəsi barədə çıxışında sözügedən dəhlizin açılması nəticəsində Ermənistanın biznesi inkişaf etdirmək üçün əlverişli imkan əldə edəcəyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, “Onların heç kimlə dəmir yolu əlaqəsi yoxdur. Onların beynəlxalq bazarlarla dəmir yolu əlaqəsi yoxdur - proqnozlaşdırmaq mümkün olmayanda, investorlar nə gözləyəcəklərini bilməyəndə, heç kim investisiya yatırmaz. Ona görə də heç kim investisiya qoymur. Bu, onlar üçün imkanlar açacaq. Amma onlar öz seçimlərini etməlidirlər”.

Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Zəngəzur dəhlizi təkcə regional iqtisadi əlaqələri, kommunikasiyanı gücləndirməyəcək, həm də əslində Ermənistanın “xilas qapı”sına çevrilə bilər.



Politoloqun sözlərinə görə, dəhliz İrəvanın son şansıdır, Ermənistan rəhbərliyi bu şansı düzgün dəyərləndirməlidir: “Xilas qapı”sına çevrilən dəhlizlə bağlı yaranmış şanslar hər zaman olmur. Ermənistan faktiki olaraq 30 ilə yaxındır ki, bütün regional proseslərdən kənarda qalıb, heç bir daxili infrastrukturu inkişaf etməyib. Özünə qapanan İrəvan xarici ölkələrlə əlaqələrdə xeyli axsayıb. Hətta qonşuluq siyasətində belə bu ölkənin əmsalları aşağı səviyyədədir. Yəni təkcə dünya ilə əlaqələrdə deyil, yaxın qonşularla münasibətlərdə də aşağı kateqoriyalı ölkələr sırasındadır. İrəvan əvvəllər guya ancaq İran və Gürcüstanla uğurlu münasibətlər qurduğunu önə çəkib. Birincisi, bu istiqamətlərdə yol infrastrukturu çox bərbad vəziyyətdədir.

Misal üçün, İrandan gələn nəqliyyat vasitələri, xüsusən də yük maşınları və avtobuslar böyük risklərlə üzləşdikləri üçün çox vaxt belə bir marşrutu seçməkdən imtina edirdilər. Hətta hər zaman sürücülərə əlavə imkanlar da vəd edilib. Mən bu məsələni sizə dəqiq deyirəm ki, bütün vədlərə, əlavə imkanların yaradılmasına baxmayaraq, riskləri gözə alan əksər sürücülər bu istiqamətdə nə şirkətlərin yükünü, nə də sərnişinləri daşımaqda maraqlı olublar. Yolların vəziyyəti bərbad olmaqla yanaşı, sürücülər hər gün çətin relyeflər, dağ əraziləri, arzuolunmaz landşaftlardan keçməyi, təhlükəli istiqamət seçməyi uyğun bilmirlər”.



Politoloqun sözlərinə görə, aşağı iqtisadi göstəricilərə malik olan Ermənistan hökumətinin geniş imkanları yoxdur ki, böyük yol infrastrukturunu yaxşı vəziyyətdə saxlasın. Bundan əlavə, Tofiq Abbasov dəmir yolu sisteminin də bərbad olmasını önə çəkib:

“Bildiyiniz kimi, Ermənistanın dəmir yolları artıq Rusiya Dəmir Yolları şirkətinin ixtiyarına verilib. Yəni səhmləri ruslar alıblar. Faktiki olaraq bu şəbəkənin sahibləri Rusiyada olan səhmdar cəmiyyətdir. Ona görə də, Ermənistan bu illər ərzində yalnız regiondakı iqtisadi layihələrə qoşulmaqdan məhrum olmadı, həm də nəqliyyatın inkişafı istiqamətində heç bir addım ata bilmədi. Düzdür, Robert Koçaryan deyir ki, guya onun prezidentliyi dövründə Ermənistanda çiçəklənmə dövrü olub, sən demə, onlar böyük uğurlar əldə ediblərmiş və s. Amma bu gün biz görürük ki, Ermənistan iqtisadiyyatı kiçik və ən yaxşı halda orta biznesin əlində qalıb. İri infrastruktur layihələri sıfır səviyyəsindədir. Digər kommunikasiya imkanları isə çox məhduddur və bu baxımdan xariclə, o cümlədən yaxın qonşularla gediş-gəliş çox bəsit formada təşəkkül tapıb. Yol həm səyahət, həm kommunikasiya, həm də insanların bir-biri ilə mübadilə imkanlarını artırması deməkdir. Əgər qonşularla aktiv şəkildə əlaqələrin, gediş-gəlişin yoxdursa, hansı iqtisadi imkanlardan danışmağa dəyər? Bu baxımdan Ermənistanın imkanları hər zaman məhdud olub. Ona görə də, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması İrəvana göydəndüşmə şans sayılmalıdır. Mən inanıram ki, bu layihə reallaşacaq”.



Tofiq Abbasov onu da xatırladıb ki, hələ ki, Ermənistanda seçkilər keçirilməyib və qüvvədə olan hakimiyyət kövrək vəziyyətdədir. Hakimiyyətdə olanları hər tərəfdən vururlar, sancırlar. Əgər seçkini Nikol Paşinyanın komandası udsa, o, bu dəhliz məsələsinin həllindən ciddi şəkildə yararlanmağa çalışacaq:

“Zənnimcə, indiki iqtidar yenidən seçkidə qalib olacaq. Paşinyanın seçkidən sonra Zəngəzur dəhlizi məsələsinə diqqətlə yanaşacağını düşünürəm. Çünki ermənilərin başqa variantları yoxdur. Əgər dəhliz işə düşsə və Ermənistandakı qüvvələr özlərinin aqressiv, dağıdıcı planlarından əl çəksələr, göstərsələr ki, artıq qonşuluq siyasətinə uyğunlaşa bilirlər, o zaman həm Rusiya, həm də Türkiyə ilə Azərbaycan İrəvana qarşı münasibətini xeyli dəyişəcək. Bundan əlavə, iqtisadi əlaqələr də genişlənəcək. Hazırda top İrəvana tərəf atılıb, onlar göstərməlidirlər ki, məkrli fikirlər, işğalçı məfkurədən uzaqlaşmaq niyyətindədirlər.

Azərbaycan Prezidenti son çıxışında aşkar bəyan etdi ki, biz qonşu olduğumuz üçün birgə, dinc şəkildə yaşamalıyıq. Bunu qarşı tərəf də başa düşməlidir. Bu səbəbdən, hazırda dəhliz ermənilər üçün bir açar layihəsinə çevrilir. Onlar xilaslarını açardan istifadə etməklə əldə edə bilərlər. Yavaş-yavaş ermənilər öz dəyərlərini, yanaşma sistemlərini də yenidən formalaşdırıb, sağlam tərzdə qonşu dövlətlərlə, Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməlidirlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur   Dəhliz   Politoloq   Ermənistan   Paşinyan   İqtisadiyyat   Yol  





Xəbər lenti