“28”də zay olan aksiya, yaxud o “quşbazlar” kimlərdir?!

 “28”də zay olan aksiya, yaxud  o “quşbazlar” kimlərdir?!
  23 May 2021    Oxunub:4631
Əvvəllər aksiya təşkil edənlər özlərinə dəstək qazanmaq üçün ölkədə kiçik də olsa bir problem tapır, sosial şəbəkələrdə haray-həşir salır və bu yolla gündəmə gəlməyə çalışırdılar. Problem dedikdə, söhbət daha çox hansısa məişət məsələsinin siyasiləşdirilməsindən gedirdi. Tutaq ki, kiminsə toyuğu yumurtlamırdısa, bunun günahını hakimiyyətdə görür, "daban-56" deyib yığışırdılar "Məhsul"a (Yasamal rayonundakı "Məhsul" stadionu - red).
Günlərlə ağız dolusu danışdıqları bu aksiyalara barmaqla sayılacaq qədər adam gəlirdi ki, onların da çoxu Avropada sığınacaq almaq eşqi ilə yaşayan selfi çəkənlər olurdu. Hərə əlinə bir smartfon alıb düşürdü stadionun canına, çək ki çəkəsən... Beləcə, onlardan bir neçəsi müxalifətçi adı altında Avropa ölkələrində mənzilləndi, uzaq Qərbə gedə bilməyənlərdən bəziləri isə dönüb oldular "müstəqil jurnalist", yaxud da "bloger".

Soruşanda ki, "ümumiyyətlə, jurnalistika nədir, indiyədək nə isə yazmısınız?", cavabında görürsən ki, nala-mıxa vuran bu əldəqayırma "media" mənsubları və adını yazmağı bacarmayan "peşəkar bloger"lər yağışdan sonra çıxan göbələk kimi yalnız mitinqlərdə peyda olur, qabaqcadan hazırladıqları şouları lentə alaraq "əlahiddə" missiyanı yerinə yetirirlər. Hərçənd ki, bəzən bunu da düzgün-əməlli bacarmır, üz-gözlərinə bulaşdırırlar. Görəndə ki, yaxşı qonorar gətirəcək "yağlı kadrlar" yoxdur, o zaman başlayırlar vay-şüvənliyə ki, "ay aman, qoymayın bizi öldürürlər, təzyiq edirlər, hüquqlarımız pozulur" və sair və ilaxır.

Götürək, elə mayın 21-dəki "aksiya"nı. Avropadakı söyüş makinasının çağırışına hay verən 10-15 nəfər Bakının mərkəzinə toplaşmağa gəlmişdi. Aksiya yeri kimi bilərəkdən "28 May" metrostansiyasının qarşısındakı ərazini təyin etmişdilər ki, guya izdiham görüntüsü yaradıb, "baxın, biz bunu da bacardıq" desinlər. Məqsədləri məlum idi. Yaxşı bilirdilər ki, aksiya çağırışına qoşulan olmayacaq və yenə gülünc vəziyyətə düşəcəklər. Axı günlərlə sosial media səhifələrindən bağırıb, təbliğatını apardıqları aksiya fiaskosuna bir don geyindirmək lazım idi. Bu dəfə də ənənəvi taktika işə düşür. Muzdlu "jurnalistlər" və "blogerlər" sarı gödəkçələrini geyinib, telefonlarını canlı yayıma hazır vəziyyətə gətirirlər. Xüsusi təlim görmüş adamlar insanların arasına soxularaq "28 Zay" aksiyasına start verirlər. Ardınca "sarı jiletlilər" meydana atılaraq, həmin şəxslərin qulaqları cingildədən hay-qışqırığını lentə almaq üçün "start" düyməsinə basırlar.

Aksiyanın ssenarisi təxminən belə idi: bir neçə nəfər kütlənin arasına daxil olur, şüarlar səsləndirir, "çox hörmətli" media mənsubları həyəcanlı anonsla "əziz tamaşaçılar, Bakının mərkəzində kütləvi aksiya keçirilir, insanlar ayağa qalxıblar..." , deyərək tamaşanı ekranlaşdırırlar. Lakin müxalifətin indiyədək alındıra bilmədiyi "yüzillik taktika" yenə özünü doğrultmur. Ərazidə xidmət aparan polis əməkdaşları şəhərin mərkəzində ictimai asayişi pozmağa çalışan həmin "nümayişçiləri" dərhal oradan uzaqlaşdırır və xəbərdarlıq edir ki, icazəsiz aksiya keçirmək qanunla qadağandır, buna görə siz məsuliyyətə cəlb oluna bilərsiniz. Polisin qanuni müdaxiləsindən sonra aksiyaya cəhdin qarşısı alınır. Bir anda qrant mediasının planları alt-üst olur. Ortada nə aksiya var, nə də nümayişçi. Nə edək, necə edək deyib, baş sındırırlar. Mütləq səs-küylü görüntülər olmalıdır, başqa yol qalmır, yoxsa bu qədər "əziyyət" hədər gedəcək, üstəlik qrant da əldən çıxacaq.



Əli havada qalan "nüfuzlu KİV" təmsilçiləri xilas yolunu quşlarda görürlər. Bəli, düz eşitdiniz, QUŞLAR... Aksiya qoxusuna yığışanlar Cəfər Cabbarlı heykəlinin ətrafında dövrə vuran quşları çəkməyə başlayırlar. Bu yerdə yaxşı deyiblər: Kabab ətrinə gələnlər gördülər ki, meydanda eşşək dağlanır... Daha doğrusu, quş. Bəs hanı gözlənilən o “möhtəşəm” aksiya, izdiham? Nooldu, gələn olmadı?

Vallah, acınacaqlı vəziyyətdir. Adam bilmir bunların halına gülsün, yoxsa ağlasın. Belə iş olar?! Beş dəqiqə əvvəl "meydan qaynayır, vətəndaşlar ayağa qalxır" deyib boğazlarını deşənlər, indi heyvanların qlobal problemlərindən dəm vururlar. Biri deyir, quşlara kömək edin, digəri çığırır ki, “yardım edin də. Quşlar ölür”. Bir sözlə, gülünc səhnə canlanır.

“Quşbaz”ların kadr axtarışı bununla bitmir. "Sarı jiletli"lərdən biri tamaşaya rəng qatmaq üçün yaxınlıqda olan vətəndaşları provokasiyaya çəkmək məqsədilə onların üstünə qışqırır. Mübahisə etmək, süni qalmaqal yaratmaq üçün əlindən gələni edir. Sonra yenə aksiya yada düşür və titrək səslər eşidilir: "Əziz izləyicilər, aksiya zamanı 17, yox, yox...16 nəfər saxlanılıb, vəziyyət gərgindir".

Bu yerdə ayaq saxlayaq. Aksiyaya gələn neçə nəfər saxlanılıb, 17, ya 16?

Xanımlar və cənablar, niyə özünüzü çaşdırırsınız. Sizin aksiya dediyiniz o yarımçıq səhnədə heç 17 nəfər rol almışdı ki?! Cəmi 5-10 nəfər deyildimi? Bəlkə, quşları da aksiya iştirakçısı kimi sayırsınız...

Əvvəla, heç kim saxlanılmayıb, sadəcə olaraq asayişi pozmaq istəyən təxribatçılar ərazidən uzaqlaşdırılıb. Vəssalam. Bu da qanunun tələbidir. Heç kimə ictimai asayişi pozmaq, vətəndaşların istirahətinə mane olmaq haqqı verilməyib. Kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. İkincisi, əgər aksiya keçirmək istəyirlərsə, buyurub rəsmi şəkildə aidiyyəti qurumlara müraciət etsinlər. Niyə etmirlər, bunun səbəbi hər kəsə bəllidir: Onsuz da gələn olmayacaq, xalq radikalları çoxdan iqnor edib.

O ki qaldı, quş məsələsinə, bunu əlverişli bir fürsət kimi dəyərləndirə bilərsiniz. İnanın, tam ciddi deyirəm. Belə gülməli səhnələrdə "quşlayıb" rəzil duruma düşməkdənsə, quşbazlıq etmək daha şərəfli və vicdanlıdır. Məncə, bunu nəzərdən keçirsəniz, pis olmaz.

Tural Tağıyev
Azvision.az


Teqlər: Aksiya  





Xəbər lenti