Heç kimin inanmadığı nağıl, yaxud demokratiyanın “Qərb nümunəsi” - TƏHLİL

 Heç kimin inanmadığı nağıl,  yaxud demokratiyanın “Qərb nümunəsi” -  TƏHLİL
  12 İyun 2021    Oxunub:3567
İllərdir dünyaya, xüsusilə müsəlman ölkələrinə insan haqları, demokratiya dərsi keçən Qərb bu gün özü ikili standartlar meydanına, insan haqları pozucusuna çevrilib.
Baş verən hadisələrə qısa nəzər salanda bir daha aydın olur ki, insan haqları, demokratiya Avropaya yalnız təzyiq vasitəsi kimi lazımdır. İnsan haqları, demokratiya “carçıları” hansısa dövlətə öz şərtlərini qəbul etdirməyə, istədiklərini almağa çalışan zaman bu təzyiq vasitəsini işə salırlar.

Avropaya gəlincə, insanların qanunla nəzərdə tutulmuş ən adi hüquqları belə kobud şəkildə pozulmaqdadır. Dinc nümayişçilərə qarşı misli görünməmiş polis zorakılığı, güc tətbiqi, onların öldürülməsi, gözlərinin çıxarılması, üzərilərinə it və atlarla gedilməsi “demokratiyadan geri qalan” hər hansı ölkədə deyil, elə Avropanın düz mərkəzində, Qərbdə baş verir.



Fransa, Belçika, Niderland, İspaniya, Almaniya, ABŞ və digər ölkələrdə keçirilən aksiyalarda dinc nümayişçilərlə məhz belə davranılıb. İnsanlar sadəcə sosial məsələlərə, qiymət bahalaşmasına, vergilərin artırılmasına etiraz ediblər. Nəticədə dəhşətli zorakılıq faktları ilə üzləşiblər. Yaxud ABŞ-da qaradərili vətəndaşlara qarşı münasibəti yada salaq. Qaradərili vətəndaşların polis tərəfindən öldürülməsi bu ölkədə adi hal alıb. ABŞ öz vətəndaşını məhz dərisinin rənginə görə ayrı-seçkiliyə məruz qoyur, polis isə heç bir məsuliyyət hiss etmədən qaradərili vətəndaşı “arxayınlıqla” öldürür. Ona görə arxayınlıqla ki, törətdiyi cinayətə görə saxlanılsa belə, sonra heç bir cəza almadan sərbəst buraxılır. Belə presedentlər Birləşmiş Ştatlarda çoxdan mövcuddur.



Bu arada Corc Floyd hadisəsini yada salmaq kifayət edir. Amerika polisi saxlanma zamanı Floydun boğazına ayağını dirəyərək, onu boğaraq öldürür. Baxmayaraq ki, Floyd dəfələrlə boğulduğunu, nəfəsinin çatmadığını deyir. Polis isə buna qətiyyən məhəl qoymur.

Ardınca ABŞ-da qətlə etiraz olaraq keçirilən aksiyalarda çox sayda insan polis zorakılığına məruz qaldı. Dinc etirazçılara qarşı gözyaşardıcı qazlardan, digər təzyiq vasitələrindən istifadə olundu. Hətta bir sıra iri şəhərlərdə komendant saatı tətbiq edildi.

Məlumat üçün bildirək ki, təkcə ötən il ABŞ-da 170 nəfərə yaxın qaradərili şəxs polis tərəfindən öldürülüb. 2020-ci ilin yanvarın 1-dən avqustun 30-dək 164 qaradərili kişi və qadın polisin qurbanı olub. Ölkənin yalnız 2 ştatında – Vermont və Rod-Aylenddə bu cür hadisə qeydə alınmayıb. Bu statistika il ərzində hər həftə bir qaradərilinin polis zorakılığının qurbanı olması deməkdir.

Corc Floyd kimi 24 yaşlı Adama Traoreni də polis saxlayarkən boğaraq öldürüb. Bu qətl hadisəsi ABŞ-da deyil, "demokratiyanın beşiyində" - Fransada baş verib. “Adama Traore üçün ədalət” şüarını səsləndirən etirazçılara qarşı polis gözyaşardıcı qazdan istifadə edərək xüsusi amansızlıq nümayiş etdirib. Araşdırma zamanı məlum olub ki, Adama Traore həkim müdaxiləsindən əvvəl polis avtomobilində ölüb. Bu hadisə ölkədə böyük etirazlara səbəb olub. Qəribə görünsə də, hadisədə iştirak edən polislərlə bağlı istintaqa başlanılmayıb.



Parisdə məşhur “sarı jiletlilər” aksiyasındakı polis zorakılıqları da hər kəsə məlumdur. Fransanı bürüyən məşhur aksiyalarda polis qanuni haqlarını tələb edən dinc nümayişçiləri at və itlərin ayaqları altında əzərək, ən ağlasığmaz təzyiq metodlarına əl atıb.

Fransada yanacağın qiymətinin artırılması və iqtisadi vəziyyətin pisləşməsinə cavab olaraq 17 noyabrda başlayan, ancaq sonra ölkə prezidenti Emmanuel Makron rəhbərliyinə qarşı qəzəbə və üsyana çevrilən “sarı jiletlilər”in nümayişləri ölkədə son illərin ən şiddətli etirazı sayılır. Aksiyalarda indiyə qədər 10-dan adam həyatını itirib, təxminən 5 minə yaxın şəxs saxlanılıb, mindən çox şəxs isə yaralanıb.

Təəccüblü deyilmi? Belə qeyri-insani rəftar hansısa sıradan bir ölkədə deyil, məhz dünyaya insan haqları dərsi keçən Fransada qeydə alınıb.



Avropada nümayişçilərə qarşı polis zorakılığı pandemiya müddətində də səngimədi. Almaniya, Fransa, Niderland və digər ölkələrdə sanitar məhdudiyyətlərə qarşı dinc etiraz nümayişləri keçirən insanlar təzyiqlərə məruz qaldı, onların bir çoxu əsassız şəkildə saxlanıldı. Avropa və ABŞ-da insan haqlarının pozulması və zorakılıq halları ilə bağlı xeyli nümunələr mövcuddur. Hətta bu barədə günlərlə danışmaq olar.

Qərbin gerçək üzü

Bu gün birmənalı şəkildə deyə bilərik ki, Yaxın Şərqi cəhənnəmə çevirən "demokratların" vətənidir. Cəhənnəmə çevirdikləri ölkələrin vətəndaşlarına öz qapılarını bağlayan, onların aclıq-səfalət içində yaşamasına, həyatlarını itirmələrinə səbəb olan da məhz Qərbdir. Maraqlıdır ki, Avropa ölkələri öz sərhədlərini qaçqınların üzünə bağlamaqla yanaşı, digər dövlətlərdən onları öz ərazilərində yerləşdirməyi tələb edirlər. Üstəlik, terrorla mübarizə, həmin ölkələrə daha “gözəl”, “demokratik” həyat bəxş etmək bəhanəsiylə münaqişə zonalarını alovlandırmaqda davam edirlər.

Burada təəssüf doğuran məqam Avropada, Qərbdə tüğyan edən zorakılığa, pozuntulara beynəlxalq qurumların, insan hüquqları müdafiəsi ilə məşğul olan təşkilatların susmasıdır. Azərbaycana qarşı ikili standart siyasətini adi hala çevirən Avropa Şurası, Avropa Parlamenti, Avropa Komissiyası və digər qurumlar indiyədək Avropanın özündə baş verən bu haqsızlıqlara, zorakılıqlara, insan haqları, demokratiya pozuntularına bir dəfə də olsun səsini çıxarmayıb. Niyə axı? Sualın cavabı çox sadədir. Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, dinc aksiyaçıların itlərin caynağına verilməsinin, atların ayaqları altında boğulmasının, dəyənəklə ölümcül döyülməsinin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Bəli, məhz belə hesab edirlər.


(Qərb demokratiyasını ifadə edən foto)

Bu gün Qərbin ikili standartlarına məruz qalan ölkələrdən biri də Azərbaycandır. 30 ilə yaxın işğal faktına, qaçqın və məcburi köçkünlərin yaşamaq hüquqları daxil olmaqla, bütün hüquqlarının pozulmasına göz yuman həmin ölkələr 44 günlük müharibə zamanı da ermənilərin hərbi cinayətlərinə susdular. Qərb mediası işğalçı Ermənistana dəstək verdi. Fransa prezidenti Emmanuel Makron, Qərbin digər bəzi liderləri separatizmi açıq şəkildə dəstəklədilər. Faşizmi qəhrəmanlaşdıran, nasizmi, irqi-ayrı, seçkiliyi, terroru dövlət siyasətinə çevirən Ermənistana Avropanın dəstəyi başa düşüləndir. Çünki eyni dəyərlər bu gün “demokratiyanın beşiyi” sayılan “kontingentdə” adi hala çevrilib. Buna görə də artıq onların demokratiya, insan haqları ilə bağlı nağıllarına uşaqlar belə inanmır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropa   Qərb   İnsanhaqları  





Xəbər lenti