Şuşa Bəyannaməsi: İqtisadi qardaşlığın da yolları genişlənir – TƏHLİL

      Şuşa Bəyannaməsi:    İqtisadi qardaşlığın da yolları genişlənir –    TƏHLİL
  17 İyun 2021    Oxunub:2491
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımdır. Şuşa Bəyannaməsində iki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri və sahələrilə bağlı müddəalar əksini tapıb.
Bəyannamə təkcə siyasi, hərbi və təhlükəsizlik deyil, iqtisadi, ticari, nəqliyyat, tranzit və digər əməkdaşlıq məsələlərini də əhatə edir. Bu da təbiidir. O mənada ki, iqtisadi və maddi maraqları təmin etmədən siyasi və hərbi müstəvidə istənilən səviyyədə əlaqələr yaratmaq mümkün deyil; əks halda o münasibətlər köksüz ağaca bənzəyər. Ağacın kökü nə qədər dərinə işləyərsə, gövdəsi də bir o qədər möhkəm olar.

Məlumdur ki, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəliş şəxsiyyət vəsiqəsilə həyata keçirilir. Bu, qarşılıqlı əlaqələri asanlaşdıraraq iki ölkə vətəndaşlarını biri-birilərinə daha da yaxınlaşdırıb. Nəticədə ticarət əlaqələrinin də genişlənməsi və hər iki ölkədə alış-verişin artması üçün əlavə zəmin yaradıb. Onsuz da bu əlaqələr müsbət dinamika üzrə inkişaf etməkdədir. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan-Türkiyə ticarət mübadiləsinin həcmi 1,867 milyard ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çoxdur. Keçən il ərzində isə Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4,161 milyard ABŞ dolları olmuşdu ki, bu da 2019-cu ilə müqayisədə 7,7 faiz az təşkil etmişdi. Buna pandemiya zəmin yaratmışdı.

İki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq nəzərdə tutulur. Odur ki, Şuşa səfəri zamanı hər iki dövlət başçısının mətbuata birgə bəyanatı zamanı R.T.Ərdoğan qeyd etmişkən, son dövrdə ikitərəfli ticarət əlaqələrində mühüm addımlar atılıb. 2021-ci il martın 1-də Preferensial Ticarət Sazişi qüvvəyə minib. Yəni, hər iki ölkə hazırda ildə təxminən 5 milyard dollar ətrafında olan qarşılıqlı ticarət əlaqələrini qarşıdakı iki ilin sonuna qədər 3 dəfə artırmaqda israrlıdır. Buna nail olmaq üçün isə iqtisadi əlaqələri bütün istiqamətlər üzrə sıxlaşdırmaq tələb olunur.

Bu baxımdan, dövlət başçılarının mətbuata birgə bəyanatı zamanı Türkiyə Prezidenti təsadüfən demədi ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətlərimizin Azərbaycanda mühüm investisiyaları var və eyni qaydada, SOCAR da başda olmaqla, Azərbaycan şirkətlərinin də Türkiyədəki sərmayələri bizi məmnun edir. Ümumiyyətlə, enerji sektorunda əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu çoxdan mövcuddur. Və bu əməkdaşlıqdan əldə olunan təcrübəni 3-cü ölkələrdə tətbiq etmək imkanları genişdir. Bu addım hər iki ölkəyə böyük xeyir gətirə bilər.

Yeri gəlmişkən, məlumdur ki, Türkiyənin təbii ehtiyatları demək olar, yoxdur. Buna rəğmən, Türkiyə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Türkiyə qeyri-neft və qaz sektoru sahəsində ən güclü inkişaf etmiş ölkələr siyahısındadır. Lakin, indi Türkiyədə qaz yataqları aşkar olunur. "Qara dənizdəki toplam qaz ehtiyatımız 540 milyard kubmetrə çatıb”,- deyə Ərdoğan çıxışlarının birində bəyan edib.

Türkiyə həmçinin, çox əlverişli coğrafi mövqedə yerləşir. Avropa, Amerika və o cümlədən, Rusiya üçün çox önəmli bölgədir. Türkiyə ərazisində təbii ehtiyatlar tapıldıqca, Ankara Bakı ilə birgə əməkdaşlığa daha çox ehtiyac duyacaq. Yəni, bu, qarşısıalınmaz bir məsələdir. SOCAR özü hazırda dünyada ən təcrübəli şirkətlərdən biridir. Təkcə Türkiyədə deyil, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsi tamamilə realdır. Bu, müxtəlif ölkələr ola bilər. Afrika ölkələrindən başlamış, Mərkəzi Asiya və lap elə Orta Asiya da daxil olmaqla...

Və yaxud, götürək, tərəflərin ticari-iqtisadi münasibətlərdə iqtisadiyyatlarını və ixracı şaxələndirmək, eləcə də perspektiv sahələrdə birgə istehsal qurulması, investisiya əməkdaşlığında qarşılıqlı faydalı inkişaf üçün daha əlverişli şəraiti təmin etmək məqsədini. Bunun üçün malların sərbəst hərəkətinin təşkili mexanizmləri yaradılacaq. Başqa sözlə, hər iki ölkənin iqtisadiyyatları biri-birilərinə daha sıx inteqrasiya olunacaq. Və gələcəyinə bəlkə də, vahid bir mexanizm təşkil edəcək.

Bundan əlavə, məlumdur ki, tərəflər artıq, bir müddətdir regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verirlər. Cənub Qaz Dəhlizinin onurğa sütununu məhz Azərbaycan ilə Türkiyə təşkil edir. Bununla belə, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və daha da inkişaf etdirilməsi üçün səyləri artırmaq niyyətindədirlər. Bu, çox ciddi və strateji bir məqsəddir. Həmçinin, qlobal enerji sektorundakı proseslər nəzərə alınaraq, regionun enerji təchizatı təhlükəsizliyi məsələsində elektrik enerjisi sahəsində də regional əməkdaşlıq və bunun durmadan genişləndirilməsi nəzərdə tutulmaqdadır.

Ümumiyyətlə, qarşıda çox böyük planlar mövcuddur. 44 günlük müharibənin nəticəsi olaraq, Zəngəzur dəhlizinin tezliklə reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə və reallaşmasına şərait yaradacaq. İki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti birə beş artacaq. Ölkəmizdə son illər ərzində nəqliyyat infrastukturu sahəsində hansı işlərin görüldüyü hər kəsə bəllidir. Ələtdə Beynəlxalq Bakı Ticarət Limanı üzrə həyata keçirilən tikinti-quraşdırma işləri, Bakı-Tbilisi-Qars dəmir yolu, istər Qərb-Şərq, istərsə də Şimal-Cənub ikitərəfli istiqamətdə müasir avtomobil yollarının salınması Azərbaycanı böyük dəhlizə çevirib.

Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizə əlavə töhfədir - özü də yenə məhz Azərbaycan tərəfindən təmin edilən möhtəşəm bir töhfə. Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bu, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqəmizin olacağı deməkdir. Bu əlaqə Türkiyə-Azərbaycan tandemindən çox bütövlükdə Avropa və Asiya üçün səmərə və mənfəət gətirəcək.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! – TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Şuşa-Bəyannaməsi  





Xəbər lenti