Ermənistan: Sükut başlayır... Tezliklə pozulmaq üçün - TƏHLİL

  Ermənistan:  Sükut başlayır... Tezliklə pozulmaq üçün -  TƏHLİL
  18 İyun 2021    Oxunub:3037
Ermənistanda növbədənkənar parlament seçkilərilə bağlı iyunun 7-dən start götürən təşviqat kampaniyası başa çatır. Sabah ölkədə "sükut günü" olacaq.
Parlament seçkilərində iştirak etmək üçün 23 partiya və 4 blok qeydiyyatdan keçib. Budəfəki seçkilərin fərqliliyi ondadır ki, ölkənin bütün keçmiş prezidentləri və hazırkı baş nazir əvəzi seçkidə iştirak edirlər. Kampaniyanın hər günü gərginlik və ciddi qalmaqallarla müşayiət olunub. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (Erməni Milli Konqresi), digər sabiq prezidentlər Robert Koçaryanla ("Ermənistan" bloku) Serj Sarkisyanın lideri olduğu Respublika partiyası ("Vətən" partiyası ilə birlikdə "Şərəfim var" bloku) təbliğatlarında yalnız verdikləri anormal, qeyri-real vədləri ilə deyil, ifşa, təhqir xarakterli mesajları ilə də yadda qaldı.

Əslində seçkiqabağı xaosun, saxta reytinq yarışının olacağı gözlənilən idi. Ötən ilin sonunda müharibədən ağır məğlubiyyətlə çıxan bu ölkədə siyasi qüvvələrin reytinqində ciddi dəyişikliklərin, qalmaqalların, hətta qarşıdurmaların baş verəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Müxalifətin baş nazir əvəzi Paşinyana qarşı istifadə etdikləri əsas arqument kapitulyasiya aktına qol qoymasıdır. Kampaniyalarını fərqli şəkildə aparan partiya rəhbərləri bir-birinə misli görünməmiş təhqirlər yağıdırdılar, ifşa xarakterli xoşagəlməz ifadələr işlədərək, xal qazanmağa çalışdılar.

Seçkiyə bir gün qalmış siyasi qüvvələrin reytinq düzümünə nəzər salsaq, əsas iddiaçıların Robert Koçaryanla Nikol Paşinyan olduğunu görə bilərik. Elə təşviqat dövründə əsas mübarizə də məhz onların arasında gedirdi. Hər iki siyasətçi tərəfdarları ilə görüşü zamanı bütün qırmızı xətləri tapdalamağı bacardı. Əslində reytinq artırmağa və rəqibin ləyaqətinin alçaldılmasına hesablanan bu təhqir kampaniyaları elə onların öz əleyhinə də işlədi. Erməni seçicilər son günə kimi namizədlərin ortaya normal bir konsepsiya qoymasının şahidi olmadılar.

Siyasi gərginliyin ciddi hədə mərhələsinə çatdığı son günlərdə vətəndaşlar meydanda aqressiv çağırışları daha çox gördülər. Hakimiyyəti yenidən ələ keçirmək üçün ciddi mübarizəyə qoşulmuş "Qarabağ klanı"nın əsas fiqurlarından olan Koçaryanın ümumilikdə iki təhlükəli vəd və mesajı oldu. Birincisi daxili siyasətə hesablanmış qisasçılıq ruhunda olan açıqlaması və seçkilərdən sonra toqquşmaların istisna edilməməsi barədə bəyanat idi. İkincisi isə, Qarabağ məsələsində revanşist, populist bəyanatlar oldu. Əslində, erməni cəmiyyəti də yaxşı anlayır ki, hətta Koçaryan seçkidə qalib gəlsə belə, onun Azərbaycan torpaqlarını yenidən işğal edəcəyi barədə vədləri siyasi demoqogiyadan başqa bir şey deyil.

"İnqilabçı" namizədin şansları nə qədərdir?

Nikol Paşinyan komandasını seçkilərə pis hazırlamamışdı. O, Ermənistan tarixində bəlkə də ən dramatik siyasi mübarizə olacaq növbədənkənar parlament seçkilərilə bağlı yalnız iqtisadi vədlər vermədi, sabiq prezidentlərin yenidən ölkəyə rəhbərlik edəcəyi təqdirdə Ermənistanı hansı faciələri gözləyəcəyini göstərdi.
Məsələn, Koçaryanın hakimiyyətə gələcəyi halda hazırkı komandanı sərt formada cəzalandıracağına eyham vurması yalnız Paşinyanın deyil, onun bütün kadrlarının hiddətinə tuş gəldi.
Paşinyan sabiqlərdən sayılan Serj Sarkisyana qarşı da ağır ittihamlar səsləndirməklə, siyasi rəqabəti təhqir meydanına daşıdı. O, keçmiş ölkə başçısının qumarbaz olduğunu, "Monte Karlo" kazinosunda milyonlarla dollar uduzduğunu ictimaiyyətin diqqətinə çatdırdı. Sarkisyan da ondan geri qalmadı.

Paşinyan kampaniya ərzində Qarabağ məsələsinin onlar üçün prioritet olmadığını nümayiş etdirirdi. Yəni demək olar ki, revanşist açıqlamalar səsləndirmədi. Xalqa verəcəyi əsas vədlər gələcəkdə ölkəni inkişafa doğru daşımaq, “yeni Ermənistan” qurmaq, hətta bəzi qapalı fikirlərində isə sərhədlərin açılmasının, kommunikasiyaların bərpasının iqtisadiyyata rəng qatacağı oldu.
Levon Ter-Petrosyan da radikal bəyanat və fikirləri ilə seçilməyərək, Qarabağla bağlı qisasçı cümlələr səsləndirmədi. O da reytinqini daha çox yeni, güclü Ermənistan qurmaq üzərindən artırmağa çalışdı.

Koçaryan və Sarkisyana gəldikdə, hər iki sabiq prezident - hərbi cinayətkar gah Şuşanın, gah da Hadrutun alınacağından, Qarabağın zəbt ediləcəyindən dəm vurdular. Tək-tük hallarda Koçaryan xalqa iqtisadi vədlər verdi ki, bu da real görünməyən məsələlər idi. Yeri gəlmişkən, marafaon zamanı Koçaryan seçicilərin pulla ələ alması faktı ilə də gündəmə gəlməyi bacardı.

Real sorğu yoxsa, reytinq fırıldaqçılığı?

Bu seçki həm də “fake” reytinq sorğuları ilə diqqətdə oldu. Məsələn “Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən, Koçaryanın lideri olduğu “Ermənistan” bloku seçki marafonunda öndə gedirdi. “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın sözlərinə görə, respondentlərin 24,1% -i Robert Koçaryanın “Ermənistan” blokuna, 23,8% -i isə Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasına səs verməyə hazır olduqlarını bildiriblər. Beləliklə, guya Koçaryanın bloku kiçik fərqlə sorğuya liderlik edib.
Ona görə "guya" deyirik ki, nəticələrin açıqlanmasından çox keçməmiş bir sıra erməni saytları əslində “Gallup”un keçirdiyi bu sorğunun müxalif və radikal qüvvələrin reytinqin artırılmasına hesablandığını yazdı. Erməni jurnalistlərin çoxu cəmi 1103 respondent arasında aparılanm sorğunun ümumilikdə xalqın fikri olmadığını söylədilər.

* * *

Əslində Ermənistanda xaos, siyasi gərginlik seçki şousu başa çatdıqdan sonra daha çox özünü göstərəcək. Hədə, təhqir dolu seçki kampaniyalarının qısa xronologiyası bir sıra mətləblərə aydınlıq gətirmiş oldu. Hakimiyyətə iddialı müxalif qüvvələr “kapitulyant”, “xain” kimi təqdim edilən Nikol Paşinyandan daha radikal və dağıdıcı təsir bağışlayır, amma özləri də kapitulyasiya müqaviləsindən imtina edəcəklərini demirdilər. İrəvanda “inqilabçı” baş nazirin köhnə rəqibləri hakimiyyətə gəlsələr, revanşı məhz Paşinyan və komandasından alacaqlar. Bir sözlə, erməni xalqı seçki günü çətin qərar verməli olacaq. Ya hələ də "islahatçı" kimi qaldığını göstərən Paşinyan, ya da ölkəni yeni faciələrə sürükləyəcək əvvəlki kriminal rejim. Hər iki halda ölkədə vətəndaş qarşıdurmasının başlayacağı ehtimalı çoxdur. Sabah “sükut günü”, birisi gün isə “sükutun pozulduğu gün” olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Paşinyan   Sorğu   Reytinq  





Xəbər lenti