Məğlub Qalib: “Paşinyan fenomeni”nin səbəbi nədir?

       Məğlub Qalib:   “Paşinyan fenomeni”nin səbəbi nədir?
  21 İyun 2021    Oxunub:7627
Dünyada çox nadir örnəklər tapmaq olar ki, hansısa lider müharibəni biabırçı şəkildə uduzandan sonra seçkidə böyük üstünlüklə qalıb gəlsin. Ona görə də, hazırda bunu bacarmış Nikol Paşinyanı müəyyən mənada fenomen saya bilərik: Dünən hamının “kapitulyant” dediyi şəxs bu gün hökuməti formalaşdırır. Bəs nədir bu fenomenin səbəbi, onu necə izah etmək mümkündür?!
Ermənistan mediası bu vacib sualın üzərindən şübhəli bir susqunluqla keçməyi üstün tutur. Səbəb təkcə həmin ölkədə normal analitik mərkəzin, sosioloji xidmətin olmaması deyil. Görünür, bu sualın cavabı ermənilər üçün son dərəcə xoşagəlməz reallığı ortaya çıxardığından, özlərinə xas hiyləgərliklə yan keçməyi üstün tuturlar.

“Məğlub qalib” fenomenini iki əsas amilə izah etmək olar:

1) Bu, ermənilərin Rusiyaya qarşı demarşıdır. Paşinyanın aldığı səslər təkcə onu dəstəkləyənlərin yox, həm də Rusiyaya qarşı çıxanların və ölkənin şimal vektorundan uzaqlaşmasını istəyənlərin seçimi idi. Onları “Rusiyanın adamı”, “Putinin dostu” kimi stereotipik obraza malik olan Koçaryana əks qütb olaraq, səslərini Paşinyana yönəldiblər.

Bunu ənənəvi erməni nankorluğu da saymaq olar və onunla üzləşdiyinə görə Rusiya əsla təəccüblənməməlidir. Ermənilər müharibənin dayandırılmasında vasitəçiliyinə görə Rusiyaya minnətdar olmaqdansa, onların yerinə vuruşmadığı üçün nifrət etməyi seçirlər. Və bu nifrət ölkənin yönünü Qərbə tərəfə çevirən Paşinyana verilən səslərdə özünü göstərib. Paşinyanın seçki ərəfəsində Fransaya səfəri onun gələcək geosiyasi oriyentasiyasına aid açıq-aşkar mesaj idi. Və bu mesaj “işlədi”.



2) Paşinyanın böyük hesablı qələbəsi onu göstərir ki, nə demələrindən asılı olmayaraq, ermənilər Qarabağı özlərininki saymırlar və işğal etdikləri torpaqlar əllərindən çıxdığına görə peşman deyillər. Əks halda, ölkəni 44 günə biabırçı məğlubiyyətə uğradan şəxsə heç vaxt bu qədər çox səs verməzdilər. Sübut olundu ki, erməni cəmiyyəti üçün revanş götürmək, Qarabağı qaytarmaq yox, normal gün-güzəranın qurulması daha əhəmiyyətlidir. Əks halda, qismən də olsa, revanş vəd edən Koçaryana etimad göstərərdilər.

İndi əsas sual budur ki, müharibədən sonra bağlanan əl-qolu növbədənkənar seçki ilə açılmış Nikol Vovayeviç Paşinyan bu siyasi kreditdən necə istifadə edəcək? O, Azərbaycanla düzgün münasibətlər qurmaq yolunu tutmaqla ölkəsinə toparlanmaq və inkişaf etmək üçün yeni şans yarada bilər. Əks halda, həqiqi məğlubiyyəti hələ qarşıdadır...

Vüsal Məmmədov



Teqlər: Paşinyan   Seçki  





Xəbər lenti