Mübadilənin incəlkiləri: Ermənistan sövdələşməyə necə məcbur edilir – TƏHLİL

      Mübadilənin incəlkiləri:    Ermənistan sövdələşməyə necə məcbur edilir –    TƏHLİL
  04 İyul 2021    Oxunub:5334
Azərbaycan hakimiyyəti “Ermənistanla necə danışmaq lazımdır” mövzusunda master-klass göstərir. Əslində, İrəvan mina xəritələrini verməyə hazır və razı deyildi, heç vaxt olmayıb və öz xoşuna qalsa, heç vaxt da olmayacaqdı; buna görə, xəritələrin mövcudluğunu belə, danırdı. Təxribatçıların Azərbaycanda qalması isə paradoksal da görünsə, İrəvana daha çox sərfəli və lazım idi. Çünki bu faktordan istifadə edərək, ölkəmizə qarşı həm daxildə, həm də xaricdə geniş kampaniya aparırlar.
Bakı həbsxanasında saxlanılan təxribatçılar faktoru əgər seçki ərəfəsində Paşinyan üçün müəyyən siyasi problemə çevrilə bilərdisə, indi əksinədir. İndi bir tərəfdən, həmin amildən istifadə edərək, Azərbaycana qarşı informasiya cəbhəsində geniş hücumlar təşkil edilir, digər tərəfdən isə, “bədheybət” obrazını yaradaraq, normal münasibət qurmaqdan, sülh müqaviləsinə doğru birgə addımlamaqdan qaçırlar. Həbsdə olan erməni təxribatçıları az qala Ermənistan üçün “hədiyyə”yə çevrilmişdi.

Belə bir vəziyyətdə rəsmi Bakı əlində olan “kozır”ları oyuna daxil edərək, maksimal effektlə faydalanmalı idi. “Daşları atmaq vaxtıdır”. Amma necə?
Məsələnin görünən və görünməyən tərəfləri var.
Kurskda pensioner kilometrlərlə ərazini minaya düşmədən keçib

Görünən tərəf odur ki, Azərbaycan bu oyunları çox uğurlu şəkildə hüquqi müstəviyə çəkdi. Bakıda demək olar ki, hər gün erməni təxribatçıların ardıcıl məhkəmələri keçirilir və onların cinayətləri faktlarla sübut edilir. Nəticədə həm Ermənistan beynəlxalq sferada arqumentlərini itrir, həm də məhkəməsi bitib, hökmü oxunan şəxslərin geri qayıtmaq şansları xeyli azalır. Faktik olaraq, Bakıda qurulan məhkəmələr Ermənistanın üzərində ağır psixoloji təzyiq yaradır. Ermənilər başa düşürlər ki, ya indi danışmalıdırlar, ya da getdikcə, danışıqların predmeti daralır.

Burada seçim qarşısında qalan tərəf İrəvandır. Bir gediş əvvələ qədər üstünlük onların tərəfində idi: Həm mina xəritələrini verməməklə bizə ağır maddi-mənəvi ziyan vurur, həm də öz təxribatçılarının Bakıda saxlanmasından əleyhimizə təbliğat vasitəsi kimi istifadə edirdilər. Amma Azərbaycan hakimiyyəti uğurlu diplomatik gedişlə bütün mənzərəni dəyişərək, erməniləri şahmat terminilə desək, tsuqsvanqa saldı: Məhkəmələrlə elə bir reallıq yaratdı ki, həm siyasi-diplomatik-mənəvi üstünlük bizim tərəfimizə keçdi, həm də Ermənistan əlindəki “kozır”ları sürətlə itirməyə başladı.

Bu vəziyyətdə ermənilər üçün yeganə optimal çıxış nə qədər ki, əlindəki “səhmlər” tam dəyərdən düşməyib, onları dövriyyəyə daxil etməkdir. Buna görə, istəməsə də, mina xəritələrini verib, təxribatçıları geri almaqla razılaşmalı olur. Çünki sabah o şəxslərin hər biri məhkəmədə Ermənistan əleyhinə ciddi hüquqi arqumentə çevriləcəklər. “Bədheybət Azərbaycan” obrazı hər məhkəmə ilə aradan qalxaraq, yerini “Terrorçu Ermənistan” obrazına verəcək.

Buna qədər xəritələri şəxslərə dəyişmək Ermənistan üçün əsla sərfəli deyildi, amma bundan sonra o, faktiki olaraq belə etməyə zorlandı.

Azərbaycana gəlincə, bəli, təxribatçıların açıq məhkəməsini keçirib, Ermənistanı düyanın gözü qarşısında ifşa etmək bizə yaxşı siyasi-diplomatik xallar qazandırır. Amma nəzərə alanda ki, Füzuli və Zəngilan kifayət qədər böyük əraziyə malik rayonlardırlar, onların minalardan təmizlənməsi xeyli vaxt, pul və insan həyatı hesabına başa gələcəkdi, onda bu sövdələşmə bizim üçün həddindən artıq sərfəlidir.

Mübadilənin əvvəlcə ABŞ, sonra Rusiyanın vasitəçiliyilə baş tutması da maraqlı detaldır. Əslində bunu Minsk qrupu heç bir sövdələşmə olmadan təşkil etməli idi. Amma rəsmi Bakı göstərir ki, həmin format işləyə bilmirsə, işlək olmayan geosiyasi balanslaşdırma mexanizmini necə hərəkətə gətirmək mümkündür.
Biz, təbii, proseslərin alt qatını bilmirik. Amma aydındır ki, kifayət qədər dərin və çoxtərəfli işlər görülüb və 44 günlük Müharibə hərb dərsliklərinə yazıldığı kimi, vaxtı çatanda indi detallarını tam bilmədiyimiz proseslər də diplomatiya dərsliklərinə yazılacaq.

Vüsal Məmmədov

Azvision.az


Teqlər: Mina  





Xəbər lenti