Quo vadis*, MEDİA?! İlk addımlar nəyi göstərir

      Quo vadis*, MEDİA?! İlk addımlar nəyi göstərir
  07 İyul 2021    Oxunub:4935
Hazırda Azərbaycan mediası elə bir vəziyyətdədir ki, nəyin necə olduğunu anlamaq üçün lap başa qayıtmağa ehtiyac var: “Media nədir, necə olmalıdır?”, “Jurnalist kimdir, kim jurnalistdir?” suallarına. Bunları dəqiqləşdirmədən irəli gedə bilməyəcəyik, çünki cığırlar çox dolaşıqdır, atın izi itin izinə qarışıb.
Məsələ o qədər qəlizdir ki, bəzən suallar ümumfəlsəfi səviyyəyə qədər gedib çıxır, buna görə də ölkədə media siyasətini müəyyənləşdirənlərə və həyata keçirənlərə həsəd aparmıram. Onlar mənə XIX əsrin sonları-XX əsrin əvvəllərinə aid maarifçi hekayələrdə kənd yerinə gələn diplomlu gənc həkimləri xatırladırlar; hamının “ne tak leçite!” (Bulqakov) ,- deyə günahkar çıxardığı həkimləri.

Bu gün Azərbaycan jurnalistikası Stsilla ilə Haribdanın arasında... yox, qalmayıb. Seçimini edib və cəhənnəmə gedən yolu tutaraq, yavaş-yavaş addımlayırdı özü üçün. Onu bu yolda dayandırmaq və geri döndərmək lazım idi. Lap açıq danışsaq, əslində “Azərbaycan jurnalistikası” deyilən bir məhfum da artıq yoxluq səviyyəsinə qədər enib, milli media identifikasiyasını, simasını itirir. Son bir neçə cizgi qalmışdı. Bu prosesi dayandırmaq lazım idi.

Tam səmimi deyim ki, vəziyyət düşündüyünüzdən (və düşündüyümüzdən) daha ağırdır. Sosial şəbəkənin maraqlı, amma boş parıltısının qarşısında jurnalistika keyfiyyətcə yeni mərhələyə qalxmalı, yeni media üçün maraqlı üslubda yazmağı bacaran jurnalist nəsli yetişməli idi. Amma... qoyun “yeni media"nı qırağa. Məni mühafizəkar saya bilərsiniz, fəqət, etiraf edim ki, bu terminə o qədər də ciddi yanaşmıram. “Köhnə”, “Yeni” – bunlar üstqurumun bər-bəzək elementləridir, medianın bazisində isə MƏTN dayanır, əlahəzrət mətn! “Media” dediyiniz şey mahiyyətcə mətnin üzərində maraqlı fokuslar göstərmək üsullarından başqa heç nə deyil. Ortaya mətn qoyan milli jurnalistika maşını olmalıdır. O da yoxdur. Varsa da, son 15 ildə ancaq geri gedib və indi xırıldayaraq, dayanmaq üzrədir.

Mətn müqəddəsdir. Mətn anadır. Mətn – bütün jurnalistikanın cücərdiyi torpaqdır. “Bibliya”dan tutmuş, süni intellektin quraşdırdığı şeirlərə qədər hər şey, bütün fikir dünyası mətnin üzərində bərqərardır. Mətnin dəyərini bilmək, qarşısında baş əymək lazımdır. Əgər bütün o videoların, podkastların, “strim”lərin, “layv”ların, vlogların, postların... əsasında savadlı və milli mətn dayanmırsa, apar tulla – onların bir qara qəpik də qiyməti yoxdur; çərənçilik və vaxt israfından başqa heç nə deyillər.

“Milli mətn” nə deməkdir? Siz bir rus, ingilis, erməni, çinli jurnalistin yazdığı mətni nəbzini tutaraq, oxusanız, hiss edəcəksiniz ki, o, mövzuya necə, hansı prizmadan yanaşır. Milli mətn bax, bu deməkdir: Sətirlərinin arasına xalqın və dövlətin maraqları hopdurulmuş olsun. Varmı Azərbaycanda ortaya keyfiyyətli, savadlı, fikir yüklü milli mətnlər çıxaran Jurnalistika Maşını?! Varsa, göstərin, oxuyaq, lütfən.

“Jurnalistika” deyiləndə ancaq xəbərləmə başa düşülürsə, bu, ciddi səhvdir. İlk qəzetlər fikir jurnalistikasının ötürücüləri idilər, Fransanın xarici siyasətini formalaşdıran Rişelye onlardan bu məqsədlə ifadə edirdi. Bu gün kağız daşıyıcılardakı jurnalistika yenidən həmin başlanğıca dönüb (təəssüf ki, bizdə yox) . Xəbərçilik həmişə platformalarını dəyişərək, bildirçin kimi birindən digərinə sıçraya-sıçraya gedəcək. Onun dalınca qaçmaq lazım deyil, zira, bu, boş məşğuliyyət olardı. Günümüzdə bütün dünyada qəzetlər fikir jurnalistikasının meydanına çevriliblər, saytlar da həmin istiqamətdə gedir. Xəbərçilik isə təbii ki, metamedia platformasında daha çevik olacaq.

Fikir jurnalistikası olmayan ölkənin ideologiyası da, siyasəti də həmişə saat kəfkirindən asılmış vəziyyətdə yellənəcək. Cəmiyyət üçün aydın mənzərə yaratmaq lazımdır ki, bəli, metamedia çevik informasiya platformasıdır, amma fikirlər orada generasiya olunmur; orada generasiya olunanlar isə fikir sayılmır. Fikirlərin generasiyası Milli Mətn Maşınının missiyası olmalıdır. Mənim nəzərimdə Azərbaycan dövlətinə lazım olan media siyasəti ilk növbədə həmin o maşının qurulub, sazlanıb, işə salınmasıdır. Media islahatı ilk dövrədə bunu təmin etməlidir. Qalanı sonrakı mərhələdir.

Sosial şəbəkə hay-küyündə məsələnin mahiyyətini düzgün anlamaq mümkün deyil. Sosial şəbəkə dərin sualları dayaz, amma bulanıq suda batırmaq üçündür. “Media hakimiyyətə satılıb”, “Jurnalistlər qələmini satıb”, “Heç nə dəyişməyib”... Bu tip ritorikalar sadəcə, çaşqınlıq yaradır. Əsas sual isə budur: Medianın İnkişaf Agentliyi geniş mənada nə etməlidir, nəyə nail olmalıdır və hazırda atılan addımlar həmin istiqamətdədirmi?

Mən cavabımı artıq verdim və istənilən diskursda sübut etməyə hazıram: MEDİA savadlı+oxunaqlı Milli Mətnlər generasiya etməyə qabil olan Jurnalistika Maşınını qurub, işə salmaldır (Əslində bu, çoxdan edilməli idi, amma nə isə, o tərəfə dönməyək) . Bu istiqamətdə işləyən bir ovuc jurnalistika qalığını qorumaq, inkişafı üçün şərait yaratmaq lazımdır. Qalanlarına görə narahat olmağa dəyməz, onları özləri artıb-çoxalacaqlar: Blogerlər, youtuberlər, “meta tv”lər, “ağ reketlər”, “qara”lar, “sarı”lar... Onlara heç bir dəstək olmadan da, alaq otu kimi hər yanı basıblar, bundan sonra da basmaqda davam edəcəklər. Amma medianın Milli Mətn Maşını dövlətdən qayğı görməsə, son nəfəsini də dərindən alıb-buraxacaq və... vəssalam!

İndi əsas sual budur: MEDİA jurnalistikamızın Milli Mətn Maşınını işlək saxlamaq, gələcəkdə inkişaf etdirmək üçün lazım olan xətti yürüdəcəkmi? Bax, bunu müzakirə etməliyik, xanımlar və canablar. Mən cavabı bəri başdan bilmirəm. Amma ilk addım dəqiq bu istiqamətdə idi.

* Quo vadis? Apokriflərə görə, Müqəddəs Pyotr təqiblərdən bezib, Romadan baş götürüb, gedəndə şəhərin çıxışında yenidən nüzul etmiş İsa ilə qarşılaşır. Pyotr Məsihdən soruşur: “Kvo vadis?” (Hara gedirsən? - lat.) İsa cavab verir: “Romaya qayıdıram ki, məni bir də çarmıxa çəksinlər”. Bu cavabdan təsirlənən Pyotr geri dönür və onu baş-ayaq çarmıxa çəkirlər. “Quo vadis” ən məşhur fəlsəfi suallardan biri sayılır.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: MEDİA  





Xəbər lenti