"Şərqi Zəngəzur"un dünyada və Ermənistanda əks-sədası

   "Şərqi Zəngəzur"un dünyada və Ermənistanda əks-sədası
  12 İyul 2021    Oxunub:5914
Prezident İlham Əliyevi Azərbaycan ərazisini yeni iqtisadi rayonlara bölməsi böyük əks-səda doğurub. Məsələyə təbii ki, ilk reaksiya verənlər bədxah qonşularımız oldu. Sonra məsələ onların isteriyası ilə birlikdə və diasporaları vasitəsi ilə dünya gündəminə daşındı. Azərbaycanı "aqressiyada", "qədim erməni" torpaqlarını işğalda, "Ermənistana qarşı ərazi iddialarında" ittiham edən erməni kampaniyasının media vasitələri məsələni hələ də öz gündəmlərində saxlayırlar.
Əsasən yeni yaradılan 2 iqtisadi rayonun ətrafında səs-küy qaldıran ermənilər artıq bu mövzunu bütün tərəflərdən öz xəstə təfəkkürləri ilə təhlil ediblər. Belə ki, Azərbaycan prezidentinin sərəncamı ilə keçmiş Dağlıq Qarabağ ərazisi - Xankəndi, Xocalı, Şuşa və Xocavənd rayonlarının Qarabağ iqtisadi rayonuna daxil edilməsi erməniləri çox ciddi təşvişə saldı.

Xatırladırıq ki, siyahıda adı olmayan Ağdərə rayonu Azərbaycanın xəritəsində mövcud deyil. Bu rayon Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarına əsasən ləğv olunub və ərazisinin bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, qərbi isə Kəlbəcər rayonuna verilib. Adı sərəncamda qeyd olunmayan Əsgəran rayonu isə 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilib. Yəni, buradan belə aydın olur ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi yoxdur və heç vaxt da olmayacaq.

Erməniləri düşdükləri təşvişdən sonra sözün əsl mənasında şoka salan isə digər iqtisadi rayon oldu. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının İrəvanda yaratdığı isteriya isə heç 44 günlük müharibə vaxtı qonşu ölkədə müşahidə olunmamışdı. Klaviaturanın arxasına keçən, ictimaiyyətin az-çox tanıdığı “fəal”lar bunun "Ermənistanın gələcəkdə başına gələcəyi ən böyük fəlakətin xəbərçisi" olduğunu yazdı.

Bu mövzuya bu gün yenə qayıtmağımızın əsas səbəbi isə Ermənistanda həftə sonu baş verən bir hadisə və erməni mediasında xüsusi diqqət mərkəzində olan bir neçə material oldu. Birinci və ən əsas hadisə Zəngəzurun Mehri (qədim Azərbaycan şəhəri 1988-ci ildə azərbaycanlılara qarşı Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində Suriya, Livan və digər ölkələrdən buraya köçürülmüş ermənilərin hesabına erməniləşdirilib) şəhərində keçirilən etiraz aksiyasıdır. Aksiyada iştirak edən Mehri rayonunun bir neçə qəsəbəsinin sakinləri "Zəngəzur dəhlizinə yox" şüarını səsləndiriblər.

Onların sözlərinə görə, artıq tikilməyə başlayan dəhliz üzündən onlar susuz qalıblar. Onlar bildiriblər ki, hakimiyyət suyu bilərəkdən kəsir ki, əhali bu qəsəbələri tərk etsin, çünki bu ərazilərdən Azərbaycan Naxçıvana dəhliz tikir.

Aksiya iştirakçıları bildiriblər ki, əgər Zəngəzur dəhlizi işə düşərsə, bu Ermənistanın sonu olacaq və tələb ediblər ki, Paşinyan imzaladığı Bəyannamədən çıxsın. Erməni KİV-lərinin istirahət günləri ən çox diqqət mərkəzində olan xəbərləri arasında isə tanınmış erməni politoloq Stepan Danielyanın Zəngəzur dəhlizi haqdakı fikirləri idi. Danielyan bildirir ki, artıq Azərbaycan "Zəngəzur dəhlizi" ifadəsini dünya siyasi terminologiyasına daxil edib və bu termini hətta erməni KİV-ləri belə böyük zövqlə istifadə edirlər.

"Zəngəzur dəhlizi ifadəsi artıq beynəlxalq sənədlərdə qeyd olunur və təsadüfi deyil. Artıq Azərbaycanda Şərqi Zəngəzur adlı ərazi vahidi yaradılıb. Bakı hüquqi müstəvidə öz ideya və planlarını yavaş-yavaş həyata keçirməkdədir. Biz unutmamalıyıq ki, coğrafi adlar uğrunda mübarizə böyük siyasətin əsasını təşkil edir. Buna çoxlu misallar gətirmək olar: Fars körfəzi və ya Ərəb körfəzi; Makedoniya adına qarşı Yunanıstanın apardığı mübarizə və.s. İndi Azərbaycan "Zəngəzur dəhlizi" ifadəsini bütün beynəlxalq sənədlərə daxil edir. Bu isə o deməkdir ki, həmin ərazilər heç kim tərəfindən "Sünik" olaraq qəbul olunmayacaq", - deyə Stepan Danielyan bildirib.

Erməniləri ruh düşkünlüyünə salan ikinci açıqlama isə həmişə ermənipərəst mövqeyi ilə seçilən məşhur rusiyalı jurnalist, politoloq Modest Kolerovun Qarabağ haqqında söylədiyi fikirlər olub. Kolerov "Ermənistan Qarabağı birdəfəlik itirdi" sözləri ilə internetin seqmentinə pessimizim bombası atıb.

"Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Qarabağa heç bir aidiyyatı yoxdur. Erməınistan Qarabağı birdəfəlik itirib. Ermənistanın üçtərəfli Bəyanatı Minsk qrupunun formatı çərçivəsində dəyişdirmək cəhdləri heç bir nəticə vermir. Danışıqlar prosesi artıq yoxdur. Ona görə də heç nəyi dəyişdirmək və dayandırmaq mümkün deyil. Dövlət sərhədini isə Ermənistan özü Azərbaycanla ikitərəfli danışıqlar yolu ilə müəyyən etməlidir. Çünki sərhədlər məsələsinin Qarabağla heç bir əlaqəsi yoxdur. Bunu 30 il əvvəl etmək lazım idi. Rusiyanın bu məsələyə qarışması isə düzgün deyil.

Çünki sabah bu məsələdə Rusiyanı ittiham edə bilərlər. Hazıda erməni gündəmini düşündürməli olan məsələ "ermənilər Qarabağda Rusiya sülhməramlıların hesabına nə qədər yaşaya biləcəklər? Axı ruslarsız onlar orada qala bilməzlər. Necə etmək lazımdır ki, rus sülməramlıları orada daha çox qalsınlar? Ermənistanın Qarabağa maliyyə yardımları göstərməsi yaxşı haldır, amma buna baxmayaraq Ermənistan gələcəkdə Qarabağın statusu məsələsinə heç bir təsir göstərə bilməyəcək", - deyə Modest Kolerov erməni ageüntliklərindən birinə vediyi açıqlamada vurğulayıb.

Qeyd edək ki, hazırda eməni cəmiyyəti seçkilərin başa çatmasına və vəziyyətlə barışmasına baxmayaraq hələ də çaşqınlıq içərisindədir.

Şahin Ömər
Azvision.az


Teqlər: Azərbaycan   Zəngəzur  





Xəbər lenti