Leyla və Arzu Əliyevalar sərgidə - FOTO

Leyla və Arzu Əliyevalar sərgidə - FOTO
  16 Mart 2014    Oxunub:1676
Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimində iştirak ediblər.

Martın 15-də Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimi keçirilib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, ölkənin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov əminliklə bildirib ki, bu gün təşkil edilən sərgi hər bir iştirakçının ürəyincə olacaq: "Bu gün hamımız birlikdə növbəti gözəl layihənin təqdimatında iştirak edirik. Mən əminəm ki, bu gün təşkil edilən sərgi hər birimizin ürəyincə olacaq. Biz çox sevinirik ki, Heydər Əliyev Mərkəzi artıq Azərbaycanda mədəni tədbirlərin keçirilməsində mərkəzi məkana çevrilib. Birmənalı olaraq söyləmək istəyirəm ki, həm şəhərimizin sakinləri, həm Bakıya gələn qonaqlarımız binanın unikal arxitekturasına heyran olurlar, eyni zamanda burada təşkil edilən tədbirlərdən çox yüksək zövq alırlar".

A.Ələkbərovun sözlərinə görə, Heydər Əliyev Mərkəzində keçirilmiş sonuncu "Kosmosa səyahət" sərgisi çoxsaylı ziyarətçilərin gəlməsinə səbəb olmuşdu. Qısa müddətdə 50 minə yaxın insan həmin sərgini ziyarət etmişdi: "Silahların əfsanəsi" sərgisinin hazırlanmasında əməyi olan bütün insanlara, xüsusi olaraq Avstriyanın muzey rəhbərlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Heyər Əliyev Mərkəzinin növbəti layihəsini - "Silahların əfsanəsi" sərgisini çox bəyənəcəksiniz".

Sonra çıxış Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç qeyd edib ki, bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib: "Mən çox sevinirəm ki, "Silahların əfsanəsi" sərgisində bizim kolleksiyamızın kiçik bir hissəsini görmək imkanı əldə edəcəksiniz. Bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib. Bayaq qeyd etdiyim kimi, biz bu kolleksiyanın kiçik bir hissəsini görəcəyik, bu sərgidə yüz eksponat təqdim edilir. Əslində muzeydə 42 min eksponat saxlanılır".

Onun sözlərinə görə, sərgidə nümayiş olunan eksponatlar Avropanın XVI-XVIII əsrlərinə aid tarixi silah və zirehli geyimləridir ki, bunlardan qitənin şərq və qərb hissələrinin müdafiəsi üçün istifadə olunub: "Bu eksponatlardan Alp dağı arasında olan bir ərazini əhatə edən o zamankı Avstriyanın paytaxtının müdafiəsi məqsədilə istifadə edilib. Bütün bu imperiyada baş verən bir sıra milli hərəkatlarda bu silah və zirehli geyimlərdən çox fəal şəkildə istifadə olunub".

V.Muxitçin bildirdiyinə görə, bu, regionda 12 muzeydən biridir ki, məhz bu eksponatların kolleksiyası saxlanılır: "Muzey 1857-ci ildə yaradılıb, ən tarixi, qədim və Mərkəzi Avropada 4,5 milyon eksponatdan ibarət ən böyük muzeylərdən biridir".

Muzeyin direktoru çıxışının sonunda sərginin və kolleksiyanın nümayişində onlara dəstək olan Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və işçilərinə, eyni zamanda buna imkan yaradan bütün insanlara öz minnətdarlığını bildirib: "Ümid edirəm ki, bu eksponatlar sizə böyük həzz verəcək".
Daha sonra çıxış edən "Silahların əfsanəsi" sərgisinin kuratoru Johannes Ramharter bildirib ki, hazırda elə insanlar var ki, indiyədək keçmişin gözəl günləri ilə yaşayırlar. Bir qrup insanlar da var ki, o möcüzələri, tarixi hadisələri canlandıran proseslərin iştirakçısı olmaq istəyirlər: "Və mən düşünürəm ki, bu gün kolleksiyanı təqdim edəcəyimiz bu sərgidə həmin o möcüzənin kiçik bir hissəsini görmüş ola biləcəksiniz".

J.Ramharter qeyd edib ki, müharibədə qalib gəlmək üçün silahlardan başqa, zirehli geyimləri kəşf edən şəxslər də var ki, onlar həmin ölkənin tarixində çox böyük rol oynamışlar: "Burada görəcəyiniz eksponatlar muzeydə hazırlanmış subyektlər deyillər, bunlar real, döyüş zamanı istifadə olunan silahlardır. Və onların vacibliyini bir daha anlamaq lazımdır, çünki məhz onların vasitəsilə ölüm-qalım məsələsi həll olunub. Sərgi kolleksiyasında gördüyünüz eksponatların ikisindən başqa, hər biri orijinal, real silahlardır və düşünürəm ki, siz bu silahlarla tanış olduğunuzda həmin tarixi yaşamaq imkanı əldə edəcəksiniz".
Qeyd edək ki, iyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. "Silahların əfsanəsi"nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.

Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.

Qalereya




Teqlər:  





Xəbər lenti