Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır – TƏHLİL

Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır –    TƏHLİL
  24 İyul 2021    Oxunub:5166
Ayın əvvəlində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyaya səfər etməsi, ardınca Avropa İttifaqının prezidenti Şarl Mişelin əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi və hər iki ölkə liderləri ilə danışıqlar aparması, bundan sonra isə Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanması müharibədən sonra Güney Qafqaza beynəlxalq diqqətin artmasının və Qərb ilə Rusiyanın yeni reallıqlar çərçivəsində regiondakı nüfuzlarını gücləndirmək üçün yarışa girdiklərinin göstəricisidir.
Moskva ilə Brüsselin Qafqazda nüfuz savaşına daxil olmaları fonunda İlham Əliyevin yürütdüyü strategiya ölkəmizin maraqları baxımından daha uğurlu hesab oluna bilər. Prezident bunun səbəbini belə açıqlayır: “Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır”.

Azərbaycandan fərqli olaraq, regiona diqqətin artması Yerevan üçün əlavə beynəlxalq təzyiq yaradır. Təzyiqlərdən xilas olmaq istəyən Ermənistan bütün ümidlərini Fransaya bağlayıb. Paşinyan Yerevana səfərə gələcək Makronun onu Moskva və Brüsselin təzyiqlərindən xilas edəcəyinə inanır.

Paşinyan üçün hazırda ən önəmli məsələ “Dağlıq Qarabağ münaqişəsi”nin bitmədiyi görüntüsünü yaratmaq, bunun üçün prosesə ATƏT-in Minsk qrupunu cəlb etmək və danışıqları hansısa formada yenidən başlatmaqdır. Bu yolla Paşinyan erməni ictimaiyyətinin gözündə müharibənin hələ tam uduzulmadığı illuziyasını yaradıb, vaxt udmağa çalışır. Ermənistanda keçirilən seçkilərdə seçicilərin yarısının iştirak etmədiyi, iştirak edənlərin isə yalnız yarısının Paşinyanın lehinə səs verdiyini nəzərə alsaq, yeni hökümətin ictimai dayaqlarının heç də sabit olmadığı və istənilən an kütləvi etirazlarla qarşılaşa biləcəyi riski aydınlaşır. Ermənistan cəmiyyəti hələ ki, yeni reallıqları qəbul edə bilmir. Prezident İlham Əliyevin post-müharibə dövründə erməni cəmiyyətində yaranmış psixoloji vəziyyətə münasibət bildirməsi göstərir ki, görüşlər zamanı müzakirə mövzularından biri də məhz bu olub. “Ermənistanın məyus olması ondan irəli gəlir ki, yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib” deyən prezident əlavə edib ki, “Əlbəttə, bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə, biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Boş-boşuna havanı silkələmək lazım deyil”.
Paşinyan Qarabağdan gedən erməniləri məyus edib

Bununla belə, istər Rusiya prezidenti Vladimir Putin, istərsə də Avropa İttifaqının prezidenti Şarl Mişelin “Dağlıq Qarabağ münaqişəsi” və “status” ifadələrindən istifadə etməmələri göstərir ki, nə Qərb, nə də Rusiya “psixoloji durumu nəzərə almaq” və Paşinyana hakimiyyətdə möhkəmlənmək üçün vaxt tanımaq niyyətindədirlər. Bunun da obyektiv səbəbləri var: Moskva ilə Brüsselin region uğrunda nüfuz yarışı gedir və bu maraqlar hansısa erməni siyasətçinin hakimiyyətinin qorunması üçün qurban verilə bilməz. Uzağı, Avropa “psixoloji sarsıntı” keçirdiklərinə görə ermənilərə kompensasiya verə bilər ki, ayrılması gözlənilən 2.6 milyard avroluq qrantın məqsədi də elə budur. Daha dəqiq desək, Paşinyana pul verilir ki, hakimiyyətini gücləndirsin, camaatını sakitləşdirsin, mümkün siyasi böhranın qarşısını alsın ki, Avropanın regionla bağlı layihələrənin reallaşmasına maneə yaranmasın. Eyniylə, hələ də siyasi böhrandan çıxa bilməyən Gürcüstana da bu məqsədlə oxşar məbləğ ayrılır. Avropa bu ölkələrdə siyasi böhranın olmasını istəmir.

Paşinyanı “Dağlıq Qarabağ münaqişəsi”nin bitmədiyi görüntüsünü yaratmaq məsələsində dəstəkləyən yeganə ölkə isə Fransadır. Fransanın Ermənistandakı səfirinin Paşinyanla görüşü zamanı Minsk Qrupu və “status” barədə sərsəm bəyanatlar səsləndirməsi Ermənistan liderinin Makrona olan inamını bir az da artırıb. Məhz bu gözlənti Ermənistanı Zəngəzur dəhlizi layihəsini yubatmağa, üçtərəfli görüşlərdən yayınmağa sövq edir. Hətta, bölgədə təxribatların belə, Paris ilə Yerevanın birgə qərarı ilə həyata keçirildiyini söyləmək olar. Çünki, Moskva görüşündə prezident Putin İlham Əliyevə müraciətlə regionda vəziyyətin nizamlanmasının ən mühüm məsələlərdən biri olaraq qaldığını deyir və bundan sonra mövzunun davamı kimi “kompromisli qərarlar tapdığına görə” Azərbaycan prezidentinə təşəkkür edir. Putin bununla çox incə diplomatik dillə İlham Əliyevə təxribatlatlara soyuqqanlılıqla yanaşaraq, Ermənistanın oyunununa gəlmədiyi üçün təşəkkür edir. Görünən odur ki, təxribatların əsas məqsədi Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə zərbə endirmək, Moskvanın bölgədə təhlükəsizliyi təmin etmək iqtidarında olmaması fikrini formalaşdırmaq idi. Bu oyunların arxasından Fransanın maraqlarının gizləndiyi açıq-aydın görünür.

Ermənistanın Fransaya olan ümidi özünü doğrulda bilərmi? Yaxud Paris Avropa İttifaqının iradəsinə qarşı çıxıb, regionla bağlı diqtəsini yeridə bilərmi?

Təbii ki, bu, ən az ehtimal olunan variant və İttifaqa üzv ölkələr arasında ciddi fikir ayrılıqlarına gətirib çıxaracaq faktordur. Prezident İlham Əliyevin həm Şarl Mişellə görüşdə, həm sonradan Aztv-yə müsahibəsində Azərbaycanın 9 Avropa ölkəsiylə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xatırlatması heç də təsadüfi deyildi: “Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir”.

Bununla Azərbaycan prezidenti dolayı yolla Aİ rəhbərinin Ermənistan ilə Fransa arasında regionda sülhün bərqərar olmasına maneə yarada biləcək işbirliyinə işarə edir. Mesaj ondan ibarətdir ki, ya Avropa Birliyi bu iş birliyinə qarşı öz iradəsini yeritməli, ya da Azərbaycan avropalı strateji tərəfdaşları olan 9 ölkə ilə ayrı-ayrılıqda Parisin cilovlanması üçün fəaliyyətə başlamalı olacaq.

Tofiq Vahid
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti