Həmnarahat həmsədrlər: 29 illik səhv davam edir

   Həmnarahat həmsədrlər:    29 illik səhv davam edir
  29 İyul 2021    Oxunub:4367
ATƏT-in Minsk qrupunun yaydığı bəyanat olsa-olsa, bu qurumun 29 il ərzində nə üçün heç nə edə bilmədiyini anlamaq baxımından maraq doğurur. Minsk qrupu həmin mənasız 29 ilin sonlarında baş verənlərdən dərs götürməli idi axı. Götürə bilməyibsə, biz kömək edək.
29 illik uğursuz missiya göstərdi ki, problemi həll etmək üçün ümumi, növbətçi ifadələrlə keçinmək yox, kökünü, səbəbini göstərmək lazımdır. “Biz narahatıq”, “gərginlik azalmalıdır”, “təxribatçı ritorika dayandırılmalıdır”, “razılaşma yerinə yetirilməlidir”, “sizin donuz bizim tarladan çıxmalıdır” kimi ümumi frazalarla heç nəyə nail olmaq mümkün deyil. Bunlar 29 il ərzində səsləndi və havanı titrətməkdən başqa heç nəyə yaramadı. Minsk qrupu 29 ildə ona görə bir addım da irəliləyə bilmədi ki, heç vaxt münaqişənin səbəbini göstərib, “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır” demədi. Bir dəfə də.
“ATƏT-in Minsk Qrupu turizm agentliyidir” – Latviyalı ekspert

İndi əgər Minsk qrupu Qarabağ münaqişəsinin həllindən sonra düşdüyü ekzistensial boşluqdan çıxmağa çalışırsa, lazım olan yerdə dayanıb, lazım olan işin qulpundan yapışmalıdır. 29 illik səhvi təkrarlamamaq şərtilə - yəni sərhəddə baş verən gərginliyin səbəbini göstərməlidir. Açıq deməlidir ki, sərhədlərin delimitasiyası aparılmalı, sülh müqaviləsi imzalanmalıdır. Yalnız ortaya belə aydın və yaradıcı mövqe qoyacağı halda ATƏT-in Minsk qrupu reanimasiya olunmaq üçün inam krediti qazana bilər. Əks halda, elə düşdüyü yerdə - ekzistensial boşluqda qalsa, yaxşıdır.


Minsk qrupu - Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış qurumdur. Hazırda baş verənlər isə “Qarabağ münaqişəsi” kimi tövsif oluna bilməz. Gərginliyin mahiyyəti budur ki, sərhədin olmadığı, demarkasiya xəttinin çəilmədiyi bir ərazidə iki tərəfin arasında mövqe çəkişmələri gedir. Burada heç kim hökm çıxara, mühakimə edə bilməz, çünki bunun üçün əvvəlcə ortada sərhəd olmalıdır. Həmin sərhəd müəyyən edilmədikcə bütün iddialar əsassız olacaq. Məsələn, ermənilər “Azərbaycan əsgəri bizim ərazimizə keçib” deyəndə, sual yaranır: Hansı sərhəddən? Ortada heç bir sərhəd yoxdursa, kimin hara keçdiyini nə ilə müəyyən etmək olar?! GPS və “google maps” ilə?!

Ona görə də, hazırda gərginliyin azalmasını real olaraq istəyən tərəf, yaxud vasitəçi məsələni belə qoymalıdır: Delimitasiya aparılsın, sülh müqaviləsi imzalansın, sərhədlər dəqiq müəyyənləşsin. B ütün başqa narahatlıqların və həmnarahatlıqların yalınız bundan sonra mənası olacaq.

Əslində Minsk qrupu ixtisasını dəyişmək istəyirsə, onun üçün əla iş var: Qarabağ münaqişəsi bitib, amma Ermənistan-Azərbaycan münaqişəsi hələ davam edir. Onu bitirmək üçün görünür, ya "dəmir yumruğu" yenidən işə salmağa, ya da effektiv vasitəçiliyə ehtiyac var. Və Minsk qrupu 29 illik uğursuz missiyadan sonra tarixin qarşısında reabilitasiya olunmaq istəyirsə, bu, onun üçün ikinci şansdır. Bir şərtlə ki, həmin 29 ildə qulaqardına vurduğu məsləhətə bu dəfə əməl etsin: Ermənistana təzyiq göstərilsin. Bu dəfə sülh müqaviləsini imzalamaq üçün.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Minsk-qrupu  





Xəbər lenti