SSRİ-də yanğını nüvə partlayışı ilə necə söndürmüşdülər – VİDEO

   SSRİ-də yanğını    nüvə partlayışı ilə    necə söndürmüşdülər –    VİDEO
  01 Avqust 2021    Oxunub:10985
1963-cü ilin dekabrın 1-də Özbəkistandakı Urta-Bulak qaz yatağında qazma işləri zamanı nəhəng partlayış və ardınca böyük yanğın olmuşdu. Hidrogen-sulfatla zəngin qazın anomal yüksək təzyiqə malik plastdan püskürməsi nəticəsində 70 metr hündürlüyündə nəhəng “məşəl” yaranmışdı.
SSRİ-nin uyğun qurumları bu yanğını söndürmək üçün 3 il, daha dəqiqi, 1074 gün çalışsalar da, heç bir nəticə hasil olmamışdı. Yüksək temperatur səbəbindən yanğına 250 metrdən çox yaxınlaşmaq olmurdu. Bütün məlum metodlar tətbiq edilsə də, nəticə verməmişdi. Yanğının baş verdiyi ərazidə hər tərəf ölü zonaya çevrilmişdi. Hətta o ətrafda uçan quşlar havadaca alışır, yerə düşməmiş kül olurdular.

Bəlli olduğu kimi, köhnə metodlar işə yaramayanda riskə getmək lazım gəlir. Ona görə də, alimlər “məşəl”i nüvə partlayışı ilə söndürməyi təklif edirlər. “КБ-11” adlanan bu plan o dövrün ən məşhur alimləri – Elmlər Akademiyasının prezidenti Mstislav Keldış , akademik Mixail Millionşikov və Yer Fizikası İnstitutunun direktoru Mixail Sadovskinin iştirakı ilə hazırlanmışdı. Onlar vəziyyəti öyrənərək, belə qərara gəlmişdilər ki, termonüvə partlayışı quyunun daxili kanallarını dağıdaraq, qaz püskürməsinin qarşısını ala bilər.


Partlayışın tarixini (30 sentyabr, 1966-cı il) şəxsən Brejnev təsdiqləmişdi. Həmin gün maili şaxta ilə 1500 metr dərinliyə termonüvə başlığı çatdırılır. Məşələ yaxınlaşdıqca, vaxtsız partlamasın deyə, bombanı daim soyutmaq lazım gəlirdi.

Nəhayət, həmin an yetişir, yerin altından nəhəng partlayış dalğası baş qaldırır və... düz 22 saniyə sonra “məşəl” sönür. Bununla bağlı dəqiqə yarımlıq maraqlı video arxivdə qalıb.


Samir Quliyev
Azvision.az



Teqlər: Yanğın   Nüvə   SSRİ   Tarix  





Xəbər lenti