Planetin ciyəri yanır: Niyə meşə yanğınları çoxalır və biz onlarla bacarmırıq? - Araşdırma

 Planetin ciyəri yanır:  Niyə meşə yanğınları çoxalır və biz onlarla bacarmırıq? -  Araşdırma
  07 Avqust 2021    Oxunub:14012
Son illər dünyada meşə yanğınlarının geniş
yayılması planetimizin təbiəti üçün böyük təhlükə törədir. Onların qarşısının alınmasına yönəldilən bütün iqtisadi və texnoloji tədbirlərə baxmayaraq, bu mümkün olmur. Mütəxəssislər əsas səbəbi yanğınların idarə olunması siyasətinin düzgün qurulmamasında görürlər.
İllər boyu aparılan mübarizə effektli olmayıb, meşələrin yanğından tam qorunması işində uğur əldə edilməyib. Mütəxəssislər qərara gəliblər ki, meşə yanğınları ilə mübarizə yalnız bir halda müsbət nəticə verə bilər: gərək yanğınsöndürmə idarələri, yanğınla mübarizə aparan digər qurumlar potensial yanğın bölgələrində yaşayan əhali ilə daimi əlaqədə, rabitədə olsun, koordinasiyalı fəaliyyət göstərsinlər.

Meşə yanğınlarının artmasının digər səbəbi kimi qlobal iqlim dəyişikliyi fonunda meydana çıxan temperatur yüksəlmələri göstərilir. Dünyanın müxtəlif yerlərindən götürülən dərin buz nümunələrinin analizi göstərir ki, 20-ci yüzildəki istiləşmə səviyyəsi ən azı son 6 əsrdəki isinmə qədər olub. Ancaq zaman keçdikcə bu istiləşmənin yol açdığı quraqlıq meşə yanğınlarının da getdikcə artmasına təsir göstərir.


Avstraliyadakı yanğınların NASA peykindən çəkilmiş fotosu

Türkiyə İqlim Dəyişikliyi qurumunun 2007-ci ildə yaydığı məlumata görə, son 50 ildə bu ölkənin qərb vilayətlərində yağıntılar böyük ölçüdə azalıb, yayın qızmar günlərinin sayı isə artıb. Yay mövsümündəki temperatur yüksəlməsi Türkiyənin qərbində, xüsusilə də, Egey bölgəsində 6 dərəcə selsiyə çatıb. Türkiyə üçün ümumi illik temperatur yüksəlişi 2-3 dərəcə olub.
Mütəxəssislər Türkiyəni qlobal istiləşmədən ən çox təsirlənəcək ölkə olaraq qiymətləndirir, bunun səbəbini qarışıq iqlim quruluşu ilə izah edirlər. Əgər qlobal iqlim dəyişikliyinin şərtləndirən amillərə qarşı təsirli tədbirlər görülməsə, 2080-ci ildə Türkiyədə ortalama temperaturun 3-4 dərəcə artacağı gözlənilir.


Buz və alov: Sibirdəki yanğının NASA-nın çəkdiyi fotosu. Buz və qar təpələrinin yanında yanğının izləri görünür

Dünyada və Türkiyədə meşə yanğınları

Dünyada son illər meydana çıxan meşə yanğınlarının sahəsinin genişlənməsi, sayının artması müşahidə olunur. 1825-ci ildə Kanadanın Nyu-Brunsvik (New Brunswick) əyalətində baş verən və 1 milyon 2 yüz min hektar ərazini tamamilə məhv edən yanğın hələ ki dünyanın ən böyük meşə yanğınıdır. Yaxın keçmişə baxdıqda dünyada son 10 ildə çox böyük yanğınların baş verdiyini görürük. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq, külə dönüb.


2019-cu ildə Amazoniyada meşə yanğınları

ABŞ meşə təşkilatı meşə yanğınları ilə mübarizədə tətbiq olunan üsulların uğursuzluğunu aşkara çıxarıb. İkinci dünya müharibəsindən ta 1970-ci illərə qədər aqressiv söndürmə metodlarında və sərf olunan maliyyədə 8 faiz artım olsa da, yanğınlar daha da artıb. Odur ki, yanğınsöndürmə xərclərini azaldan siyasət aparmağa başlayıblar.
Türkiyədə də son texnoloji inkişafa, müasir vasitələrə və üsullara baxmayaraq, yanğın statistikasında ciddi dəyişiklik müşahidə olunmur. Son 10 illik dövrə nəzər saldıqda mübarizə tədbirlərinin xeyli artırılmasına baxmayaraq, yanan sahələrin azalmadığı müşahidə olunur.

Ötən ilin yanvar ayında Avstraliya da od içindəydi və yanğınların sonu görünmürdü. Meşə yanğını risklərinin bütün dünyada artacağı gözlənilir. Ekspertlər yanğınların sayının artmasına və miqyaslarının böyüməsinə səbəb olan amilləri sadalayıblar.
Yanğınlardan əvvəl Avstraliyada da quraqlıq və isti hava müşahidə olunmuşdu. Daha sonra onlarla insanın öldüyü, milyardlarla bitki və heyvanın kül olduğu güclü yanğınlar başladı, böyük regionlar elektriksiz qaldı, qitənin yarısını tüstü bürüdü. Avstraliyada hər il yanğınlar baş verir, ancaq ötən ilki zərərlərin miqyası ekstremal dərəcədə böyük oldu.


Fəqət yanğınların sayı təkcə Avstraliyada çoxalmayıb, hazırda Türkiyədə baş verən dəhşətli yanğınlar bunu bir daha göstərir. Global Forest Watch Fires saytının verdiyi məlumata görə, bu gün planetdə ən azı bir milyon kvadrat kilometr ərazini əhatə edən 4,5 milyon yanğın mövcuddur. Bu, 2018-ci ildəkindən 400 min dəfə çoxdur.

Yanğınların sayı və əhatə dairəsi ildən-ilə dəyişir, lakin yanğın risklərinin artmasıyla bağlı ümumi trend qalır”, - Beynəlxalq Ekoloji Təşkilatın (World Wild Fund (WWF) meşələri müdafiə proqramının rəhbəri Susanna Vinter deyib.

Yanğınların səbəbi dənizin istiləşməsidir

Meşə yanğınlarının əmələgəlmə səbəbləri çoxdur, lakin ekspertlər yanğınların çoxalması ilə Dünya okeanındakı suyun hərarətinin artması arasında əlaqə görürlər.
- Uzun araşdırmalardan sonra 19-cu yüzildən bəri planetin orta temperaturunun 1, okeanın səthindəki suyun hərarətinin isə 0,8 dərəcə yüksəldiyini söyləyənlər var. Okean nə qədər isti olarsa, enerjisi bir o qədər azalır və CO2 (karbon qazı) atmosferdən su çəkir. Kondisioner otaq üçün nədirsə, okean da planet üçün odur, - Alfred Veqener adına qütb və dəniz araşdırmaları İnstitutunun direktor müavini Karen Uiltşir deyir.


Okeanlarda suyun temperaturunun yüksəlməsi quruya çox böyük təsir göstərir, quraqlıq dövrünü artırır, havanın temperaturunda kəskin dəyişikliklər yaradır, təbii fəlakətləri çoxaldır, yağış mövsümlərinin yerini dəyişir ki, bu da ekosistemin qurumasına səbəb olur. İsti və quru regionlarda küləyin sürətinin yüksəlməsi də yanğın riskini artırır.

Arktika da yanır

2019-cu ilin yayında Avropadakı və Kaliforniyadakı yanğınlarla yanaşı, Arktika regionlarında da meşə yanğınları baş verdi. “Əvvəllər oralarda heç kəs bu vüsətdə yanğın görməyib”, - Dünya Meteoroloji Təşkilatının (WMO) əməkdaşı Kler Nullis deyir. Alyaskada havanın temperaturu 32 dərəcəyə qalxmışdı və bu son 10 il ərzində şimal yarımkürəsində baş vermiş ən iri və dağıdıcı yanğınların səbəblərindən biri idi, - WMO-da hesab edirdilər. “Qrinpis”in rus bölməsinin ekololoqlarının verdiyi məlumata görə, təkcə Sibirdəki yanğınlar 13 milyon hektardan çox ərazini əhatə edib.

Yanğınlar prinsip etibarilə ekosistemin regenerasiyasına kömək edən təbiət hadisəsidir. Lakin WWF ekspertlərinin hesablamaları göstərir ki, dünyadakı yanğınların 96 faizinə görə insanlar məsuliyyət daşıyır: onlar yanğınları şüurlu və ya şüursuz şəkildə törədirlər. Yanğınlar çox nadir hallarda təbii səbəblərdən, məsələn, ildırım düşməsindən baş verir. Bəzən nəhəng əraziləri kənd təsərrüfatı məqsədilə qəsdən yandırırlar. 1990-cı ildə təkcə İndoneziyada kağız sənayesi və palma yağı istehsalı üçün 27 milyard hektardan çox meşə məhv edilmişdi.

Meşə yanğınlarına Afrikada və Amazoniyada da sıx rastlanır. Səbəblərdən biri əhalinin artmasıyla şərtlənən kənd təsərrüfatının intensivləşməsidir. Mədəni bitkilər əkilib-becərilməsi məqsədilə torpağın azad edilməsi üçün otları yandırarkən çox zaman yanğın nəzarətdən çıxır.


Təkcə 2019-cu ildə Amazoniyada 2010-cu ildən bu yana yanan meşələrdən daha çox meşə yandı. WWF-də bildirildiyinə görə, əvvəllər belə yanğınların olması mümkün deyildi.
- Yanğınların səbəbi təkcə təbii deyildi. Bundan əlavə, meşələrin getdikcə daha çox qırılması nəticəsində Amazoniya regionu bir qədər quruyub, odur ki, 30 il əvvəl indiki yanğınların olması mümkün deyildi, - WWF nümayəndəsi Susanna Vinter bildirib.

Qapalı dairə

Meşələrin qırılması, iqlim dəyişikliyi və yanğın riski bir-birilə bağlıdır. “Biz əks əlaqə effekti ilə üz-üzəyik. Nə qədər çox meşə qırılırsa, iqlim dəyişikliyi bir o qədər sürətlənərək, bitkilərin qurumasını gücləndirir və bu da öz növbəsində yanğın riskini artırır”, - Vinter izah edir.

Yanğınlar atmosferə atılan parnik qazı tullantılarının həcmini artırır. Bu günə bu rəqəm ildə təxminən 8 milyard ton CO2-dir. “Qrinpis”in məlumatına görə, bu, dünyada kömür yandırılması nəticəsində atmosferə buraxılan tullantı qədərdir. Bir neçə həftə davam edən Avstraliya meşə yanğınları nəticəsində atmosferə təxminən bir illik adi norma miqdarında CO2 qalxmışdı. Tüstü dumanı bütün Sakit okeana yayılmış, Argentina və Çiliyə qədər gedib çatmışdı.

Bu gün Türkiyə artıq 10-cu gündür ki, genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Yerli medianın yaydığı məlumata görə, indiyə qədər yanğın baş verən 172 ərazidə uğurlu əməliyyatlar aparılaraq alovlar nəzarət altına alınıb. Yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib. Hazırda 15 ərazidə yanğınsöndürmə işləri davam edir.

Türkiyədə davam edən meşə yanğınları ilə mübarizədə Azərbaycandan gələn yanğınsöndürənlər də iştirak edir, qardaş köməyini əsirgəmirlər. Türkiyə Prezidenti yanğından təsirlənən bölgələri təbii fəlakət zonası elan edib və hökumətin yanğın qurbanlarının hamısına yardım göstərəcəyinə söz verib. O bildirib ki ,yanğınların söndürülməsi əməliyyatına Azərbaycan, İran, Rusiya və Ukraynadan gələn çoxlu sayda təyyarə və helikopterlər cəlb edilib.


Azərbaycandan Türkiyəyə ötən həftədən heyət və texnika göndərilir.
Görülən bütün tədbirlər, göstərilən yardımlara baxmayaraq, Türkiyənin ağciyərlərini kül edən meşə yanğınları, təbii ki, ölkənin iqtisadiyyatına da böyük zərər vurur. Hesablamalara görə, son 10 ildə baş vermiş meşə yanğınlarını söndürməyə və yanan yerlərdə yenidən ağaclar əkməyə, meşə salmağa təxminən 1,7 milyard TL (340 milyon AZN) xərc çəkilib. Son 10 ildə 66 min 648 hektarlıq meşə sahəsində 23 min meşə yanğını baş verib. Bu ilin əvvəlindən avqust ayına qədər 1297 meşə yanğını qeydə alınıb və həmin yanğınlarda 2608 hektar əraziyə ziyan dəyib. Bu yanğınlar ətraf mühitlə yanaşı, iqtisadiyyata da ağır zərbə vurur. Təbiətin yenidən yaşıllaşdırılması üçün yanan 66 min 648 hektar sahədə 75 milyon 830 min ədəd fidan əkilib.

Meşə yanğınları irimiqyaslı olmasa da, Azərbaycan üçün də xarakterikdir. Ancaq onların söndürülməsi, geniş əraziyə yayılmasının qarşısının alınması ciddi çətinliklər törətmir. Ölkəmizdə yanğın təhlükəsizliyi tədbirlərinin yüksək səviyyədə təşkil olunmasının da bunda rolu var. Ötən illərdə baş verən yanğınların hamısı vaxtında lokallaşdırılmış, böyük həcmli itkilərə yol açmayıb.


Yanğınlar bu yay da var. Havaların isti keçməsi, yuxarıda sadalanan digər ekoloji amillər, tətil mövsümündə yararlanaraq, dağlara, meşələrə üz tutanların məsuliyyətsiz davranışları yanğınların təbiətə ziyan vurmasına səbəb olub. Avqustun 2-də Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında baş verən yanğını yanğınsöndürənlərimiz 3 gündən sonra, yəni ayın 5-də söndürüblər.

Bu günlər Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə, Moloja kəndi yaxınlığında da yanğınlar baş verib.

Dünən Ağsu və Şamaxı rayonlarının dağlıq və meşə ərazisində baş verən güclü yanğınlar daha da geniş ərazini əhatə edib. Məlumata görə 12:30 radələrində başlayan yanğın axşam saatlarına qədər davam edir. Şamaxı rayonunun Şərədil kəndi ərazisində naməlum səbəbdən başlayan meşə yanğınları getdikcə Ağsu ərazisinə keçib. Ərazidə havanın küləkli olması qısa vaxtda alovun daha da genişlənməsinə səbəb olub. Yanğınsöndürənlər Ağsu dolaylarındakı meşəlik əraziləri, yaxınlıqdakı hotel və istirahət mərkəzlərini alovdan mühafizə etməyə çalışırlar.

Hadisə zamanı ilkin məlumata görə 5 hektar sahədə meşə ağacları, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Daha doğrusu, böyük ehtimalla insan əməlidir.

Meşələr planetimizin ağ ciyərləridir. Dünyamızı məhv olmaqdan qorumaq üçün meşələri göz-bəbəyimiz kimi olmasa da, ən azı ağ ciyərlərimiz kimi qorumalıyıq. Bunun üçün insan övladının məsuliyyətli olmasına ciddi ehtiyac var. Öz ciyərlərinin qayğısına qalmayan, onu hər gün papiros tüstüsü ilə, zibil yandırmaqla, havanı başqa yollarla şüursuz və məsuliyyətsiz şəkildə çirkləndirən insan övladı ağacları, meşələri heç qorumaz.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Dünyada-yanğın   Türkiyədə-yanğın   Azərbaycanda-yanğın  





Xəbər lenti