Məşhur şahmatçılar Vüqar Həşimov üçün Azərbaycana gəlir

Məşhur şahmatçılar Vüqar Həşimov üçün Azərbaycana gəlir
  17 Mart 2014    Oxunub:3953
"Synergy Group"un təşkilatçılığı ilə 2014-cü ilin aprelində Şəmkirdə Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək
AzVision.az xəbər verir ki, artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. “A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.

“B” turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan “B” turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685).

Azərbaycanda fəaliyyət göstərilən ən iri yerli investisiya şirkətlərindən biri olan"Synergy Group"un təşkilatçılığı ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaqdır.

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprelin 20-də start götürəcək və 10 gün davam edəcək. Yarışın açılış mərasimi aprelin 19-da olacaq.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, karyerasının yüksəliş dövründə FİDE-nin siyahısında 4-cü pillədə qərarlaşıb. Bakıda keçirilən FİDE Qran-Pri turnirinin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Serbiyada keçirilən qitə birinciliyində yığmamızın son turdakı tarixi zəfərində həlledici rol oynayıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Müxtəlif şahmat klubların heyətində Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionudur. Sürətli şahmat üzrə dünya çempionatında gümüş mükafatçı olub. 72-dən çox titulun sahibi olan Vüqar Həşimov “Kasparov Kuboku” uğrunda turnirin qalibidir. 2008-ci ildə keçirilən Şahmat olimpiadasında şəxsi göstəricilərə görə gümüş medala layiq görülüb. Ümumdünya İntellektual Oyunlarında gümüş və bürünc medalların sahibidir.


Teqlər:  





Xəbər lenti