“Tik-Tok”un uğurunun sirri satılır

   “Tik-Tok”un uğurunun sirri satılır
  08 Avqust 2021    Oxunub:2093
Çinin “ByteDance” şirkəti “TikTok” sosial şəbəkəsinin “Discover” (“kəşf et”) adlanan lentini formalaşdıran süni intellekti və “ForYou” adlı tövsiyələr siyahısını tutan məşhur alqoritmi satışa çıxarıb.
Satışa çıxarılan funksiyaların arasında real vaxt rejimində videoeffektlər, mətnin və nitqin avtomatik tərcüməsi, həmçinin, məlumatların analizi və idarə olunması üçün alqoritmlər də var. Alan onları özünə görə uyğunlaşdıra bilər. Bu, o deməkdir ki, indi istənilən şirkət özünün “Tik-Tok”unu yarada biləcək.

Artıq “BytePlus”un müştəriləri də var. ABŞ-ın “Goat” dəb applikasiyası, Sinqapurun “WeGo” səyahət və turizm platforması, İndoneziyanın “Chilibeli” onlayn alış-veriş startapı “Tik-Tok”un alqoritmlərini alıblar.

“Tik-Tok”un uğurunun əsas səbəbi məhz onun fərqli alqoritmlərindədir. Texnologiya o qədər mükəmməl alınıb ki, bəzən zarafatla deyildiyi kimi, “İnsanların nəyi görmək istədiklərini onların özündən daha yaxşı hesablayır”. Amma bu zarafatda böyük həqiqət də var. Məhz buna görə biz “Tik-Tok”a girəndə orada daha çox qalırıq: Proqram bizim marağımızı nələrin çəkə biləcəyini son dərəcə dəqiqliklə, “özümüzdən yaxşı” müəyyənləşdirir və onları göstərir.


Faktlar var ki, “Tik-Tok”un data analiz funksiyası insanlar öz seksual oriyentasiyasını və tibbi problemlərini açıq ifadə etməmişdən qabaq bunları müəyyənləşdirə bilib. Müştərilərin nə istədiyini bilmək isə istənilən biznesdə uğurun əsas rəhnidir. Ona görə də, təəccüblü deyil ki, “ByteDance” bu ixtirasından əlavə gəlir də götürmək istəyib. Axı yəqin ki, tezliklə daha yüksək səviyyəli süni intellektlər və alqoritmlər yaradılacaq. Ona görə də, nə qədər ki bazar var, satmaq lazımdır.


Bu gün süni intellekt bazarında ABŞ-ın “Amazon Web Services”, “Google”, “IBM”, “Microsoft”, Çinin “Alibaba”, “Baidu” və “Tencent” kimi nəhəngləri var. “ByteDance” onların arasında yerini tuta biləcəkmi? Zaman göstərəcək.

Samir Quliyev
Azvision.az


Teqlər: Tik-Tok   Sünu-intellekt   Sosial-şəbəkə  





Xəbər lenti