Prezidentin sətiraltı mesajları. I yazı: Strateji dostluğa qarşı oyunlar – TƏHLİL

      Prezidentin sətiraltı mesajları. I yazı:    Strateji dostluğa qarşı oyunlar –    TƏHLİL
  15 Avqust 2021    Oxunub:7719
Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi ilk baxışdan yalnız II Qarabağ müharibəsi və savaşdan sonra yaranmış regional geosiyasi vəziyyətə həsr olunmuş kimi görünsə də, əslində dövlət başçımız bir sıra qlobal məsələlərə toxunaraq, Azərbaycanın gələcək siyasi xəttilə bağlı əhəmiyyətli mesajlar verib.
Müsahibə ərzində həm öz cəmiyyətimizə, həm də regional və qlobal güc mərkəzlərinə ünvanlanmış kifayət qədər maraqlı fikirlər səsləndirildi. Təsadüfi deyil ki, dövlət başçımız iki dəfə atası, ulu öndərimiz Heydər Əliyevə istinad edərək, apardığı siyasətin onun siyasi xəttinin davamı olmasını ortaya qoydu.

“CNN Türk” müxbirinin Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyətini xatırlatmasına cavab olaraq, İlham Əliyevin "Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim" ,- söyləməsinin sətirləri arasında çox vacib mətləblər oxunur. Azərbaycanı qələbəyə aparan siyasi konsepsiyanın müəllifi Heydər Əliyev, bu konsepsiyanı reallığa çevirmək gücündə olan yeganə strateq isə İlham Əliyevdir. Haqqında danışdığımız siyasi konsepsiyanın əsas elementlərindən biri Türkiyə ilə Azərbaycanın dərin strateji tərəfdaşlığı, dostluq və qardaşlıq münasibətlərinin saxlanılmasıdır ki, İlham Əliyev bu məsələdə də Heydər Əliyev siyasi irsinə istinad etməyi vacib bildi.

- Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın məşhur kəlamı vardı: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində daha da artdı,- deyən Prezident həm Heydər Əliyevin siyasi strategiyasına sadiq qaldığını göstərir, həm də öz siyasi mesajını çatdırır. Mesaj ondan ibarətdir ki, xalqların etnik yaxınlığı, eyni dinə mənsubluğu hələ onların daimi dostluğuna zəmanət vermir, bu dostluq və qardaşlığın saxlanılması üçün siyasi iradəyə ehtiyac var və bu siyasi iradəni Heydər Əliyev, ardınca isə İlham Əliyev hər zaman nümayiş etdiriblər.

İlham Əliyevin “Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də, xalqlar da qardaş olacaqlar ”,- deməsi bu fikri bir daha təsdiq edir.
Əslində nümunə üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Ukrayna ilə Rusiyaya baxmaq olar: Eyni köklü millətlərdən formalaşmış bu dövlətlər faktiki müharibə şəraitindədirlər və aralarında ağır düşmənçilik var.

Əslində prezidentin bu mesajları həm də Ankaraya ünvanlanıb və istisna deyil ki, Türkiyə ilə Azərbaycan arasında formalaşmış dərin strateji dostluq münasibətlərini pozmağa çalışan qüvvələrin fəaliyyətindən yaranan narahatlıqdan irəli gəlir. İlham Əliyev bu mənada müəyyən təxribatların həyata keçirilmə ehtimalının mümkünlüyünü də açıq şəkildə dilə gətirib. “Biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var”,- deyən Prezident Türkiyə ilə Azərbaycanın münasibətlərinin artıq regional amil olduğunu, gələcəkdə isə yeni müttəfiqlərin qoşulması ilə qlobal amilə çevrildiyini diqqətə çatdıraraq, bunun bəzilərini narahat etdiyini vurğulayıb.

Söhbət təbii ki, Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyindən və bu tərəfdaşlığın gələcəkdə yarada biləcəyi qlobal miqyaslı siyasi gücdən gedir. Bu güc Çindən Avropaya uzanan qlobal ticarət yolunun nəzarətdə saxlanılmasına imkan verəcək. Məhz bu səbəbdən, bir sıra qüvvələr Azərbaycan ilə Türkiyə arasında olan bu strateji tərəfdaşlığı bəri başdan pozmağa çalışırlar ki, geniş anlamda qlobal gücə malik Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyi oturuşmasın.

Tofiq Vahid
Azvision.az


Teqlər: İlham-Əliyev   Müsahibə   Təhlil  





Xəbər lenti