Deputatlar bayramı necə qeyd edəcəklər? - MARAQLI
Bəs, maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını necə və harada qeyd edəcəklər?
AzVision.az bu mövzu ilə bağlı sorğu keçirib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bayramı dədə-baba qaydasında qeyd edəcəyini deyir:
“Adət-ənənəmizə uyğun olaraq, dədə-baba qaydasında neçə illərdir Azərbaycanda necə qeyd olunursa, həminki qaydada qeyd edəcəyəm. Novruz ailəvi və milli bayramdır, ailəmlə bir yerdə olacağam”.
Hakim partiyanın digər üzvü Mübariz Qurbanlı da adət-ənənəmizə sadiq olacaq:
“Novruz bayramı Azərbaycan xalqının adət-ənənəsinə uyğun şəkildə keçirəcəyəm. Novruz bayramı ailə bayramıdır, milli bayramdır və biz bu bayramı ailəmizlə birlikdə qeyd edəcəyik, doğmalarımızı, yaxınlarımızı yad edəcəyik, onlarla bayramlaşacağıq, yəni xalqımızın adət-ənənələri dəyişməzdir. Min illərdir biz ənənələrə necə əməl ediriksə, indi də əməl edəcəyik. Bir sözlə, süfrə arxasında, ailə ilə birlikdə..”.
Deputat Aydın Mirzəzadə Novruz bayramı ailəsi ilə keçirməyə üstünlük verir:
“Novruz bayramını evdə, ailəmlə birlikdə keçirəcəm. Süfrəmizdə şübhəsiz ki, səməni olacaq, şəkəbura paxlava, Azərbaycan mətbəxinin ən gözəl yeməkləri olacaq. Mütləq dostlarımı təbrik edəcəm, onlardan təbrikləri qəbul edəcəm. Televiziya verilişlərinə baxacam. Bayram ərəfəsindən Bakının bayram keçirilən yerlərində olmaq istəyəcəm. Bir sözlə, Novruzu adətlərimizə uyğun, şadyanalıqla keçirmək fikrindəyəm. Eyni zamanda, bütün hər bir azərbaycanlıya arzu edirəm ki, hər bir ailədə süfrə bol olsun, üzügülərlik olsun, mehribançılıq olsun, küsənlər barışsın. Onu da arzu edirəm ki, hər bir kəs, bu gün Azərbaycan dövlətinin uğuru ilə, prezidentimizin uğuru ilə sevinsin və fəxarət duysun”.
Millət vəkili Adil Əliyev: “Hazırda, Nərimanov rayonunda, Nərimanov rayon icra hakimiyyətinin təşkil etdiyi, Azərbaycanlıların ən sevimli, ən əziz Novruz bayramını rayon sakinlərimizlə birlikdə qeyd edirik. İndi elə bayram tədbiri keçiririk”.
Xadım deputatımız Jalə Əliyeva bildirib ki, o bayramı hər bir vətəndaş kimi süfrəsinə Novruz artibutları düzərək evində keçirəcək:
“Səməni çoxdan qoymuşuq evdə, cücərib. Yumurta hələ boyamamışam açığı. Yəqin ki, sabah ya birisigün bayram axşamına qədər boyayaram. Təbii ki, Novruz axşamının ən əhəmiyyətli atributu olan paxlava, şəkərbura da süfrəmizdə olacaq. Yəni, öz evimizdə, tonqalın başında, hər bir Azərbaycan vətəndaşı kimi Novruzun gəlişinə, yeni günün, yeni ruzinin gəlişinə sevinərək qeyd edəcəyik bu bayramı. Öz ailəmizə arzu etdiklərimizi hər bir vətəndaşa arzu edəcəyik. Xoş günlər, bəxtiyar günlər, firavanlıq, bol ruzi, sevinc və aydın səma...”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov hesab edir ki, Novruz bayramını qeyd etməyin xüsusi bir forması yoxdur:
“Evimizdə oturacağıq, ailəmizlə bir yerdə qeyd edəcəyik. Novruz bayramı bütün bayramlardan fərqlənən bayramdır, yəni evində-eşiyində olmalısan”.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı: “Çox adi, ailəmlə, övladlarımla qeyd edəcəm, sonra da qohum-əqrəba ilə görüşəcəm. Yəni, belə xüsusi, fərqləndirici bir şey olmayacaq. Ürəkaçıqlığı ilə dua edəcəm ki, Tanrı millətimi qoru, dövlətimi qoru. Duamızı eliyib, yıxılıb yatacağıq”.
Milli Məclisin digər deputatı Aqil Abbas Novruz bayramını doğma rayonunda qeyd edəcək.
“Bu gün İlaxır çərşənbədir və biz Tahir müəllimlə bir yerdə, Ağcabədidə, Ağcabədi camaatımız ilə bir yerdə qeyd edirik. Yumurta da döyüşmüşük, tonqaldan da tullanmışıq və s. Qaldı ki, bayram axşamına, yəqin ki, bayram axşamı evimdə, ailəmlə keçirəcəm. Onu da deyim ki, dünən də bayramı qeyd etmişik.Tahir müəllimlə mən, o cümlədən Hərbi Prokurorluğun, Müdafiə Nazirliyin əməkdaşlarının iştirakı ilə hərbi hissələrimizdə əsgərlərimizlə birgə bayramımızı qeyd etmişik. Fərqlənən əsgərlərə hədiyyələr də vermişik”.
Mirvari Nəcəf