Satılmışlar: Naxçıvan kolunun dalından qulaqlar görünür...

      Satılmışlar:    Naxçıvan kolunun dalından qulaqlar görünür...
  23 Avqust 2021    Oxunub:6304
Dəfələrlə qeyd olunub ki, bir çox müxalifət nümayəndələri tezislərini erməni diasporu, lobbisi və xüsusi xidmət orqanlarından alırlar. Bu, faktdır. Azərbaycana qarşı iki müxtəlif formada kampaniya aparılır. Birinci halda Azərbaycana qarşı hazırlanmış saxta məlumatı erməni mediası, blogerlər və diaspor nümayəndələri yayırlar, bundan sonra tapşırıq formasında Azərbaycan müxalifətinin satılmış nümayəndələrinə, blogerlərə paylaşılmaq üçün göndərilir.
İkinci halda isə məlumat anti-Azərbaycan şəbəkəsinin azərbaycandilli qrupuna göndərilir, onlar məlumatı yayandan sonra erməni mənbələri bunlara istinad edirlər. Bu sxemlərdən biri haqda sübut təqdim edirik.

Bildiyimiz kimi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Səfər müddətində Ali Məclisinin Sədri Vasif Talıbovla görüş olub, ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edilib, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyəti qeyd olunub. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.

ABŞ səfirinin Naxçıvana səfəri ermənilərin diqqətini dərhal cəlb edib və onlar hərəkətə gəliblər. Sosial mediada bu haqda anti-təbliğat aparıb, ABŞ səfirinin səfərini pisləyiblər. Paylaşımlara baxaq.

Amerika Erməni Milli Komitəsinin Qərb bölməsinin əməkdaşı Alex Galitsky yazıb ki, “ABŞ -ın Azərbaycandakı səfiri Naxçıvanın "ən əhəmiyyətli mədəni və tarixi yerlərini" ziyarət edib. Bu yerlərin heç biri erməni xalqına aid deyildi, çünki Azərbaycan 2000-ci illərin əvvəllərində ermənilərə aid 28 min abidəni məhv edib. Əlbəttə ki, bunların heç birindən bəhs edilmir. ABŞ mədəni soyqırımın ört-basdır olunmasında iştirak edir”.



Və yaxud Amerika Erməni Milli Komitəsinin əməkdaşı, Queen #FreeArmenianPOWs adı ilə yazan blogger bildirib ki, “Azərbaycan tərəfindən dağıntıya məruz qalan ərazini ziyarət edə bilməzsiniz. Tarixən erməni torpağı olan Naxçıvanda Azərbaycanın erməni irsinə qarşı törətdiyi mədəni soyqırımı haqqında heç nə demək lazım deyil? Bu barədə oxumaq və maariflənmək üçün keçidə daxil ola bilərsiniz. Bu nə biabırçılıqdır”.



Ritorikaya diqqət edirsiniz? “Naxçıvanda erməni abidələri məhv edilib”, “Naxçıvan erməni torpağıdır”, “mədəni soyqırım”, “biabırçılıq” və s. İndi isə məhz bu tvitlərdən sonra şəxsiyyət vəsiqəsində təəssüf ki, “azərbaycanlı” yazılanların paylaşımlarına diqqət edək.

Siyasi dələduz, indiyə qədər bir siyasi məqalənin belə müəllifi olmayan, lakin cəmiyyətə “jurnalist” kimi sırınan Əfqan Muxtarlı yazır:
“Taliban niyə qələbə qazandı?” sualının cavabı olan foto. ABŞ səfiri Naxcıvanda səfərdə olarkən Vasif Talıbovun oğlu ilə görüşüb, foto çəkib paylaşıb. Cənab səfir deyib ki, naxcıvanlıların ABŞ təhsil proqramlarında daha cox iştirakını istəyir. Daha dəqiq ifadə etsək, demək istəyib ki, Vasif müəllimin məsləhət gördüyü şəxsləri ABŞ-a aparardıq. ABŞ və Avropa Əfqanıstan dərslərindən nəticə cıxarmayıb. Şərqdə klanlar və tayfalarla əməkdaşlığa üstünlük verirlər. Rüşvətə, korrupsiyaya, seçki saxtakarlığına göz yumurlar. Əfqanıstanda xalqın inamını qazanan namizədlərə yox, özlərinə yaxın oğrulara dəstəyin nəticəsidir ki, Taliban 1 həftəyə ölkəyə nəzarəti ələ aldı. ABŞ-ın dəstəklədiyi hökümət qacdı, milyardlarla dollara başa gələn ordu vuruşmadı. ABŞ və Avropanın Azərbaycanda apardığı siyasət bizdə də bir Talibanın meydana gəlməsi ilə nəticələnsə, şaşırmayacam. İllərdir ABŞ və AB rəsmiləri Bakıya səfər edərkən müxalifətlə görüşmür. İlham Əliyevin razılıq verdiyi şəxslərlə görüşür. Hər seçkidə yalandan bəyanat-zad verib, sonda Əliyevlə əməkdaşlıq edir. Bu riyakarlıqların sonunda Taliban, Hizbullah, İŞİD yaranır”.


Təsəvvür edirsiniz? Şəxsiyyət vəsiqəsində “azərbaycanlı” yazılan bu şəxs Azərbaycanla Əfqanıstanı eyniləşdirir, ABŞ-Azərbaycan münasibətlərini pisləyir və bu ölkədə “Taliban”, “Hizbullah”, İŞİD-in yaranacağına düşünür.

Digər paylaşım sahiblərindən Qənimət Zahidovu da misal gətirmək olar. Düzdür, o, Əfqan Muxtarlı qədər siyasi korafəhim və əməkdaşlıq etdiyi təşkilatları belə açıq ələ verənlərdən deyil deyə, bir az fərqli yanaşıb. Amma yenə də xidmətini göstərib.


İndi sual olunur: Niyə və hansı səbəbə görə, şəxsiyyət vəsiqəsində “azərbaycanlı” yazılan bu şəxslər ABŞ səfirinin Naxçıvan səfərindən narahatlıq keçirirlər? Nə baş verib? Niyə Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdə olduğu bir vaxtda ABŞ kimi nəhəng dövlətin səfirinin Naxçıvana səfəri bunlarda belə qıcıq yaradıb? Tutarlı arqument gətirə bilərsinizmi? Yox, təbii ki. Demək, tezis aldıqları mərkəzin tapşırığıdır və yerinə yetirməyə borcludular. Biri Əfqan Muxtarlı kimi açıq satıldığını göstərərək əmri yerinə yetirir, digəri isə hoqqabazlıq etməklə. Tezisi kimin verdiyini isə girişdə qeyd etmişik. Deməyə söz qalmır.

Sənan Nəcəfov
Azvision.az üçün


Teqlər: Satılmışlar   Anti-Azərbaycan-şəbəkəsi  





Xəbər lenti