Kiprə doğru türk maraşı: Əsas sualı cavablandırmaq vaxtıdır – TƏHLİL

     Kiprə doğru türk maraşı:   Əsas sualı cavablandırmaq vaxtıdır –    TƏHLİL
  24 Avqust 2021    Oxunub:5428
Amerikalı jurnalist Alan Vaysmanın qələmə aldığı və 2007-ci ildə dərc olunmuş “Bizsiz dünya” bestsellerində bəşəriyyətin mövcudluğunu dayandıracağı halda ətraf mühitdə baş verəcək hadisələr təhlil edilir. Kitabda şəhərlərin necə tədricən məhv olacağı, insanlar tərəfindən yaradılan ayrı-ayrı əşyaların nə qədər qalacağı, mövcudluğunu davam etdirəcək həyat formalarının necə təkamül edəcəyi ətraflı təsvir olunur.
Tərk edilmiş şəhərlərin gələcəyi barədə söz açarkən Vaysman nümunə olaraq bir neçə şəhərlə yanaşı, 1974-cü ildə insanlar tərəfindən tərk edilmiş Kiprin Varoşa, türklərin Maraş adlandırdığı şəhəri nümunə gətirir. Müəllif belə bir qənaətə gəlir ki, hava şəraitinin təsirilə strukturlar tədricən dağılır və digər həyat formaları burada özlərinə uyğun yeni yaşayış mühiti formalaşdırırlar.

Lakin görünən odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Maraş şəhərini yeni yaşayış formalarının ümidinə buraxmaq fikrində deyil və Kipr türklərinin bu şəhərdə məskunlaşdırılmasını palanlaşdırır. Artıq şəhərin dəniz sahili boyunca məskunlaşdırlmasına start verilib və proses dünya dövlətlərinin ciddi etirazı ilə qarşılanıb. Ərdoğanın Maraşın məskunlaşdırılacağını elan etməsindən dərhal sonra BMT-nin Təhlükəsizlik Şurası buna qarşı xüsusi bəyanatla çıxış etdi və türklərin Maraşda məskunlaşdırılmasına qarşı çıxdı.
Borrel: "Müharibə Livana sıçrayır"

Faktiki Şimali Kipr Türk Respublikasının nəzarətində olan, 4,5 kvadrat km. ərazidə yerləşmiş kiçik Maraş şəhərində türklərin məskunlaşmasına BMT Təhlükəsizlik Şurasından başlayaraq, demək olar, dünyanın əksər önəmli paytaxtlarından etiraz nidalarının qalxması nə ilə bağlıdır? Şəhəri bu qədər əhəmiyyətli edən nədir?

1974-cü ildə Kipr adasında yunan zabitlərindən formalaşmış hərbi xuntanın qanuni hakimiyyəti devirməsinə cavab olaraq, Türkiyə qoşunları adaya yeridildi və türklərin yaşadığı Kiprin şimal hissəsini nəzarətə götürdülər. Həmin vaxt adanın əsas kurort şəhəri olan Maraşın sakinləri türk ordusunun hücumundan qorxaraq, şəhəri tərk etdilər. Maraş da daxil olmaqla, Türk ordusunun nəzarətinə keçən ərazilərdə 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyyətinin yaradıldığı elan olunsa da, bu dövləti Ankaradan başqa heç bir paytaxt tanımadı.


BMT-nin Təhlükəsizlik Şurası elə həmin il, yəni, 1983-cü ildə qəbul etdiyi qətnamədə Kipr adasında ikinci bir dövlətin yaradılmasını pislədi və bütün dünya ölkələri Kipr respublikasından başqa hər hansı “Kipr dövləti”ni tanınmamağa çağırdı. 1984-cü il qətnaməsində isə, artıq yaranmış Şimali Kipr Türk Cumhuriyyətinin dünya ölkələri tərəfindən tanınmaması cağırışı yer almışdı. Bu qətnamədə Maraşla bağlı xüsusi bənddə şəhərin sakini olmayan şəxslərlin orada məskunlaşdırılması məqbul sayılmır və Maraşın BMT-nin nəzarətinə verilməsi tövsiyə olunur.

Şimali Kipr Cumhuriyyətinin tanınması BMT-nin qətnaməsinin pozulması anlamına gəldiyi üçün, hər hansı dövlət də bu ölkəni tanımır. Həmçinin BMT qətnaməsilə türk və yunan icmalarının yaşadığı ərazilər arasında “Yaşıl zona” adlanan neytral ərazi yaradılıb və bu ərazi BMT sülhməramlıları tərəfindən qorunur.

Burada diqqət edilməli əsas məqam ondan ibarətdir ki, BMT-nin 1230 nəfərdən ibarət sülhməramlı hərbi kontingenti Kiprdə türk dövləti yaradılmamışdan çox-çox əvvəl, yəni 1964-cü ildə TŞ-nın 187 nömrəli qətnaməsinə əsasən yerləşdirilmişdi. Bu, onu göstərir ki, türk və yunan icmaları arasında münaqişə əvvəldən mövcud olub və Türkiyənin yunanlar tərəfindən hərbi diktatura qurmaq istəklərinə cavab olaraq, adaya qoşun yeritməsinin əsas səbəbi də soydaşlarının mühafizəsi idi.

Maraş şəhərinə gəldikdə isə, bu ərazinin Türkiyə ilə yunanlar arasındakı danışıqlarda əsas sövdələşmə obyekti olduğunu desək, yanılmarıq. Ankara Maraşın yunanlara verilməsi müqabilində türk dövlətinin tanınmasını istəsə də, yunanlar bununla razılaşmayıblar. BMT-nin o dövrdəki baş katibi Kofi Annanın 2004-cü ildə irəli sürdüyü sülh planında da Maraşın yunanlara verilməsi və adada yunanlarla türklərin muxtariyyatı tanınmaqla Birləşmiş Kipr dövlətinin yaradılması təklif olunurdu. Planla bağlı keçirilmiş referendumda türklərin 65 faizi birləşmənin tərəfdarı olsalar da, yunanların 75 faizi buna qarşı çıxdı, nəticədə məsələ yenə də öz həllini tapmadı.

Nəticədə çox paradoksal və dünya icmasının türklərə qarşı ədalətsiz mövqeyini özündə əks etdirən vəziyyət yaranır: Kiprin de-fakto sakinləri olan türk icması mövcudluğunu hansısa formada təsdiq edən legitim hüquqi əsaslardan məhrum qalır. Yunanlar türklərlə vahid dövlətdə yaşamaq istəmirlər, türklərin müstəqil yaşamasına isə BMT icazə vermir. Və BMT-nin bu mövqeyi yunanları heç də narahat etmir, çünki onlar hər hansı məhdudiyyətlərlə qarşılaşmırlar.

“Türklər nə etməlidir” sualına ən doğru cavab dünya icması tərəfindən bu ədalətsizliyin aradan qaldırılması üçün geniş fəaliyyətə başlanılmasıdır. Prezident Ərdoğanın məsələyə dair son çıxışında bu hədəflər açıq bəyan edildi. Əslində, Maraş şəhərinin türklər tərəfindən məskunlaşdırılmasına başlanılması daha çox simvolik xarakter daşıyır və Kipr məsələsinin yenidən dünya gündəminə gətirilməsi üçündür. Ərdoğanın Kipr Türk Dövlətinin tanınması üçün əlində olan ən güclü kart da Maraş kartıdır.

(Mövzunun davamı olacaq)

Tofiq Vahid
Azvision.az



Teqlər: Kipr   Ərdoğan  





Xəbər lenti