“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL

      “Taliban” daha nələrə Kabildir:    Dünya sürprizlərə hazırlaşır –    TƏHLİL
  09 Sentyabr 2021    Oxunub:5292
Əfqanıstanda yaşanan hadisələr və bu ölkə ətrafında aparılan oyunlar istər-istəməz bəşəriyyətin özü qədər qədim “Quo vadis, Domine” ifadəsini yada salır. Rəvayətə görə, “Hara gedirsən, İlahi?” kimi səslənən bu kəlamla apostol Pyotr İsa peyğəmbərə müraciət edib. İndi də bütün dünya “Taliban”ın Əfqanıstanı hara aparacağını düşünür.
Çox güman ki, sürprizlərə hazır olmaq, onları qabaqlamaq üçün preventiv tədbirlər görmək və Əfqanıstanın daxili siyasi həyatına təsir mexanizmləri düşünüb-daşınmaq üçün bu gün G7 ölkələri xarici işlər nazirləri səviyyəsində görüş keçirirlər. Çoxdandır ki, Rusiyanı öz sıralarından kənarlaşdırmış bu ölkələr görüşə Moskvanı, hətta Pekini dəvət etsələr də, Kreml qatılmaqdan imtina edib. Yeri gəlmişkən, Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqi həmin dəvətləri Rusiya və Çinin Əfqanıstandakı vəziyyətə təsirə malik olmaları ilə izah edib. Yəqin ki, bu iddianın müəyyən əsasları da var. Amma, istər bu ölkələrin, istərsə də digər aktorların Əfqanıstandakı vəziyyətə təsiri nəyi isə köklü şəkildə dəyişə bilə bilərmi? Bundan başqa, “Taliban” Əfqanıstanının özü regional duruma və qlobal geosiyasi proseslərə hansı təsiri göstərəcək?

İlk növbədə aydın olan budur ki, taliblər yeni dayanıqlı idarəetmə sistemi formalaşdırana qədər indiyədək az-çox səmərəli fəaliyyət göstərən sahələrdə neqativ halların yaşanacağı şübhə doğurmur. Əslində, belə hal bütün inqilabi çevrilişlərin gündəmə gətirdiyi reallıqdır. Şəriət qanunları ilə idarə olunacaq Əmirlik yaradacağını bildirən “Taliban”ın üsul-idarəsinin əfqan cəmiyyətinə hansı “sürprizlər” bəxş edəcəyini təsəvvürə gətirmək çətin deyil. Daha doğrusu, biz artıq bunun şahidiyik. Taliblərin opponentlərinə və xarici qüvvələrlə əməkdaşlıq etmiş vətəndaşlara qarşı apardıqları mübarizə Əfqanıstanın ən azı yaxın bir neçə ildə qanlı-qadalı vətəndaş müharibəsi meydanına çevriləcəyindən xəbər verir. Tarix isə sübut edir ki, vətəndaş müharibələrində xarici ölkələrdən gələn və yaxud da məqsədyönlü şəkildə göndərilən “uğur centlmenləri” əlahiddə rol oynayırlar.
Tramp Əfqanıstana görə hərbçiləri məhkəməyə verəcək

Bu baxımdan, Yaponiyanın xarici işlər nazirinin Rusiya və Çinin müəyyən mənada Əfqanıstanda yaşanan proseslərə təsiri olması barədə dedikləri heç də gəlişigözəl sözlər deyil. Amma, yalnız bu iki ölkəninmi? ABŞ-ın və onun müttəfiqlərinin Əfqanıstanı tələm-tələsik tərk eməsi heç də həmin ölkələrin kəşfiyyat idarələrinin əlaltılarının yoxa çıxdığına dəlalət etmir. Xüsusilə də Əfqanıstan kimi mürəkkəb coğrafi relyefli ölkənin heç vaxt tam şəklidə mərkəzi hakimiyyətin nəzarəti altında olmaması faktorunu nəzərə alsaq, buna şübhə yeri qalmır. Beynəlxalq koalisiyanın heç bir işlək mexanizm yaratmadan buranı tərk eməsi və məhz hərbi müdaxilə illərində narkotrafikin misilsiz həddə çaması isə Əfqanıstanın vətəndaş müharibəsi xaosuna sürüklənməsini şərtləndirən başlıca amillərdir.

Hərçənd, “Taliban”ın birinci hakimiyyəti (1996-2001) illərində Əfqanıstanda narkotrafiklə mübarizədə böyük uğur qazanılsa da, indi nəhəng bir şəbəkəyə çevrilmiş və ciddi gəlir gətirən bu sahədən taliblərin asanlıqla imtina edəcəkləri inandırıcı görünmür. Bu mənada, “Taliban”ın verdiyi dumanlı vədlər heç də hadisələrin hamar cərəyan edəcəyi anlamına gəlmir. Yəqin elə bu səbəbdən də ABŞ-ın Dövlət Departamenti Əfqanıstanın müvəqqəti hökumətində bəzi şəxslərin yer almasından narahat olduğunu açıqlayıb. Vaşinqton həm hökumətdə, həm də müşavirlər arasında qadınların yer almadığından, başqa sözlə desək, gender bərabərsizliyindən narazılığını bildirib.

Demək olar ki, bütün məsələlərdə güzəşt anlayışını inkar edən “Taliban” hər sahədə öz xəttini yeritməkdə israrlı olacaq ki, bu da ilk növbədə Əfqanıstanın həmsərhəd ölkələrlə əlaqələrində ciddi gərginliyə səbəb ola bilər. “Taliban”la Pakistan arasında yaranmağa başylayan soyuqluq müəyyən mənada bunun sübutudur. Bu sərinləmənin isə bir neçə səbəbi var. Əvvəla, taliblərin terrorçu “Təhrik-i-Taliban Pakistan” qruplaşmasının təmsilçilərini və onların baş komandiri Maulvi Fakir Mühəmmədi həbsdən azad etməsi İslamabadda ciddi narazılıq yaradıb. Çünki İslamabad sözügedən qruplaşma ilə bağlı verdiktin çıxarılmasını özünün səlahiyyəti sayırdı. Baxmayaraq ki, bu təşkilatın hərbi qruplarının əksər hissəsi Əfqanıstanda yerləşir. Bu isə o, deməkdir ki, taliblər lazım olan vaxtda onun fəaliyyətindən Pakistana qarşı istifadə edə bilərlər. Həmin zərurət isə Pakistanla Əfqanıstan arasında sərhəddi müəyyənləşdirən “Dürand” xəttinin qanuniliyinin taliblər tərəfindən tanınmaması ilə bağlı qarşıdurmada yarana bilər.


Hazırda Pakistanın “Qəbilələr ərazisi federal idarəsi”nə daxil olan 150 min kvadrat kilometrlik və 6 milyon əhalinin yaşadığı bu torpaqları taliblər öz əraziləri sayırlar. ABŞ-la müharibə dövründə bu məsələyə toxunmayan taliblər indi hətta “Böyük Puştunistan” iddiasını qaldıra bilərlər ki, bu da Pakistanla Əfqanıstan arasında cox ciddi ərazi münaqişəsinin gündəmə gəlməsinə səbəb olacaq. Onu da xatırlatmaq yerinə düşər ki, “Dürand” xəttinin inkarında etnokonfessional mənsubiyyətindən asılı olmayaraq, bütün əfqanlar vahid mövqe tuturlar.

Taliblər tərəfindən böyük təhdidlərə məruz qala biləcəyinə ehtiyatla yanaşan ölkələrdən biri də Rusiyadır. Çünki “Taliban”ın verdiyi vədlərə baxmayaraq, radikal islam cərəyanının Rusiyanın cənub-şərq qurşağında yerləşən Mərkəzi Asiyaya sirayət etməyəcəyinə, daha doğrusu, ixrac edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə halda Mərkəzi Asiyada qanlı-qadalı qarşıdurmaların qızışması və bu od-alovun tezliklə Rusiyaya keçəcəyi şübhə doğurmur. Bu isə böyük qurbanlar və resurslar hesabına, güc-bəla ilə radikal islam cərəyanını cilovlamış Moskva üçün ciddi təhlükədir. Məhz bu səbəbdən Moskva “Taliban” hökumətini tanımağa və onunla əlaqələr qurmağa hələ tələsmir. Bir sözlə, Kreml gözləmə mövqeyindədir.

Bu kontekstdə bəzilərinin hələ 1979-ci ilin aprelində Sovet İttifaqının Əfqanıstana hərbi müdaxiləsini Siyasi Büronun marazma yoluxmuş 4 qoca üzvünün (L.Brejnev, Y.Andropov, A.Qromıko və D.Ustinov) sərsəm qərarı kimi qələmə vermək cəhdləri çox bəsit yanaşmadır. Çünki SSRİ rəhbərliyi indiki təhlükənin qarşısını hələ o vaxt almağa çalışırıdı. Başqa məsələdir ki, bu problemin həlli üçün effektiv variant seçilməmişdi. Amma bu da etiraf olunmalıdır ki, sözügedən mərəzin müalicə üsulunu heç dünyanın yeganə supergücü sayılan ABŞ da tapa bilmədi. Həmin ABŞ ki, Əfqanıstana hərbi müdaxilədən (özü də SSRİ kimi təkbaşına yox, beynəlxalq anti-terror koalisiyası yaratmaqla) və tələm-tələsik oradan qaçmaqdan başqa heç nə etmədi.


Çinə gəldikdə isə, Pekin onsuz da ciddi başağrısı olan uyğur məsələsinə “Taliban”ın bu və ya digər şəkildə müdaxiləyə cəhd göstərə biləcəyindən narahatdır. Yeri gəlmişkən, Çin və Pakistanla mürəkkəb münasibətləri olan Hindistan bu məsələdə dolayısı ilə “Taliban”ın tərəfində oynaya bilər.
Paralel olaraq, Mərkəzi Asiyada öz iqtisadi-siyasi təsir gücünü əhəmiyyətli dərəcədə möhkəmləndirmiş Çinin regionla bağlı planlarının risklərlə üzləşməsi mümkündür.

Ankara üçün bu məsələdə ən ciddi təhlükə onun strateji müttəfiqi rolunda çıxış edən İslamabadla Kabil arasında münasibətlərin kəskinləşməsi və milyonlarla qaçqın əfqanın son sığınacaq kimi Türkiyəni seçməsi ola bilər. Bu zaman “qaçqın” pərdəsi altında xeyli terrorçunun da bura “pənah” gətirməsi və sonradan xarici havadarlarının tapşırığı ilə terror aktları törədə biləcəyidir.

Maraqlıdır ki, əfqan qaçqınlarının üzünə qapıları bərk-bərk bağlayan bir sıra Avropa ölkələri Türkiyənin tranzit və sığınacaq ölkə rolunu oynamasını tövsiyə edirlər. Hazırda 4 milyon miqrantın Türkiyədə yaşadığını bildirən Ankara həmin ölkələrə sərt olduğu qədər də haqlı cavab verib. Rəsmi Ankara onu da xüsusi vurğulayıb ki, üçüncü dövlətlərin bölgədə apardığı siyasət üzündən yaranmış problemlərin Türkiyənin öz üzərinə götürəcəyinə ümid bəsləmək lazım deyil. Çətin ki, belə obyektiv mövqeyə etiraz edən tapılsın.

Bəzi ekspertlərə görə, İran İslam Respublikası taliblərin hakimiyyətə gəlməsindən uduşla çıxa və iki ölkə arasındakı 20 illik ədavət aradan götürülə bilər. Belə ki, İranın taliblərlə kifayət qədər yaxşı münasibətləri var. “Taliban”ın əvvəlki rəhbəri Molla Axtar Mənsur məhz İrana səfərdən qayıdarkən PUA ilə qətlə yetirilmişdi. Rəsmi Tehranın habelə “Taliban”ın ən məşhur simalarından olan, Əfqanıstanın sabiq baş naziri Gülbəddin Hikmətyarla münasibətləri də pis deyil. Bu baxımdan, İranı gözləyən ən böyük təhlükə əfqan qaçqınlarının axını ola bilər.

Sadalanan məqamlar bir daha sübut edir ki, Əfqanıstan məsələsi hələ dünyanın gündəmində çox qalacaq, daha dəqiqi isə, saxlanılacaq. Çünki dünyanın güc mərkəzlərinin bir-birinə qarşı apardıqları geosiyasi oyunlar məhz imperiyaların məzarıstanı olan Əfqanıstan kimi dövlətlərin mövcudluğunu zəruri edir. Bu məkanlarda kimi hansı “sürpriz”in gözlədiyini isə zaman göstərir.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti