ABŞ-ın qaz oyununda “Taliban”ın missiyası

// Vaşintonun Əfqanıstandan niyə çıxmasına fərqli bucaqdan baxış

  ABŞ-ın qaz oyununda “Taliban”ın missiyası
  05 Dekabr 2021    Oxunub:3097
Materilın əvvəlki hissəsində söz açdığımız enerji manevrlərinə paralel olaraq hərbi-siyasi xarakterli gedişlər də edilirdi. Yeni logistika yerli dövlətlərarası səviyyədə konstruksiya qurulmasını tələb edirdi. 1997-ci ildə Gürcüstan, Moldova və Ukrayna Azərbaycanla birlikdə GUAM blokunun yaradılması təşəbbüsü ilə çıxış etdilər. Daha sonra Özbəkistan da onlara qoşuldu və adda ikinci "U" hərfi meydana çıxdı - GUUAM.
Əvvəlcə blok MDB daxilində bir növ maraqlar klubu kimi formalaşdı və öz növbəsində keçmiş sovet respublikalarının sülh yolu ilə özünəməxsus ayrılması forması idi (Yuqoslaviya ssenarisindən qaçmağın bir yolu). MDB özündə inteqrasiya funksiyasını daşımırdı. GUUAM MDB-dən fərqli olaraq, tez bir zamanda yaxşı dərk edilmiş ümumi iqtisadi maraqları olan, Moskvadan enerji asılılığı olmayan olan tamhüquqlu hərbi-siyasi birlik cizgiləri qazanmağa başladı. Xəzər əyalətindən Avropaya daha bir "anti-Rusiya" (Türkiyə və Trans-Əfqanıstandan başqa) nəqliyyat dəhlizi layihəsi beləcə ortaya çıxdı.

Kreml ABŞ-ın planını necə pozdu

GUUAM-ın arxasında əvvəlcə uzaqdan ABŞ-ın kölgəsi görünürdü. Blok ölkələri NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına hamıdan qabaq girdilər və ordularını NATO standartlarına keçirməyə başladılar. Blok ölkələrinin ərazisindəki qaynar nöqtələrdə Rusiya qüvvələrinin əvəzinə öz sülhməramlı qüvvələrini yaratmaq ideyası irəli sürüldü. Bu ideyanı sınaqdan çıxarmaq üçün GUUAM ölkələri hətta öz şəxsi heyətlərini NATO-nun Kosovadakı sülhməramlı missiyasına göndərdilər.


ABŞ böyük oyun oynadı. Yeni Avropaya Rusiya və Türkiyədən (Gürcüstan - Qara dəniz - Ukrayna - Moldova) keçən enerji tədarükü “vəd edildi”. Bunun ardınca “qazlı” Türkmənistan və “neftli” Qazaxıstan da GUUAM a daxil olmalı idilər. Konstruksiyanı Transxəzər qaz kəməri layihəsi birləşdirirdi. Bundan sonra Zbiqnev Bjezinskinin “Böyük Orta Şərq” (Greater Middle East, GME) konsepsiyası çərçivəsində proqnozlaşdırdığı kimi, bloka bütün Orta Asiya və Balkanlar qoşulmalı idi.

Xəritəyə baxsaq, aydın olar ki, planın məqsədi sadəcə dünya bazarına (ilk növbədə Aİ-yə) enerji tədarükü üçün alternativ (ABŞ-ın nəzarətində) yoldan ibarət deyil. Planın həyata keçəyi təqdirdə Rusiyanın qərb və cənub sərhədləri boyunca geniş bir bufer zonası əmələ gəlir. ABŞ-ın məqsədi sanki Rusiyanı Avrasiyadakı dominant mövqeyindən məhrum etməkdir. Əslində bufer iki tərəf arasında qurulur: hər iki tərəf həmişə uduzur, qazanan isə buferin operatoru olur. Bu konstruksiyada da Avrasiyadakı bütün mühüm oyunçular məğlub oldu.

GUUAM köhnə Avropanı enerji mənbələrinə birbaşa çıxışdan məhrum etdi. Türkiyə və Suriya tranzit üstünlüklərini itirdilər, bütün Yaxın Şərq buferin arxasında qaldı. Trans-Əfqan layihəsi Çini Mosul və Xəzər əyalətlərindən (Yaxın Şərq və Orta Asiya) ayırdı. Bu gün bu konstruksiyanın qalıqlarının Ukrayna, Suriya, Türkiyə və Baltikyanı ölkələrdə necə alovlandığını görürük (“Şimal axını – 2” ətrafındakı qızğın mübahisələri yada salaq). Əfqanıstan tortun üzərindəki albalıya çevrilib.

GUUAM hüquqi cəhətdən 2001 -ci il mart 7-də qeydiyyata alınmalı idi. Leonid Kuçma, Eduard Şevardnadze, İslam Kərimov, Heydər Əliyev və Pyotr Luçinski Yaltada rəsmi sənədlərə imza atmaq niyyətində idilər. Ancaq 2000-ci il ərəfəsində Yevgeni Primakovun və Yuri Lujkovun səyləri ilə siyasi gücünü itirmiş xəstə Boris Yeltsin istefaya getdi. Hakimiyyətə Vladimir Putin gəldi.


Gənc lider andiçmə mərasimindən sonra ilk səfərini Orta Asiyaya etdi. Putin özü ilə birlikdə Daşkənd və Aşqabada gətirdiyi “Qazprom”un rəhbəri Rem Vyaxirevi Türkmənbaşıdan iki dəfə açıq şəkildə üzr istəməyə məcbur etdi, daxili istifadə və re-eksport üçün böyük həcmdə qazın alınması haqda Saparmurad Niyazovla şəxsən danışıqlar apardı.
Daha sonra Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Əsgər Akayev və Robert Koçaryanla görüşlər oldu.

Putinin Orta Asiyaya səfəri ABŞ və Türkiyədə (o zaman ABŞ-ın sadiq müttəfiqi idi) panikaya səbəb oldu. Ankarada və Vaşinqtonda Xəzərdəki strateji məğlubiyyətdən danışmağa başladılar. Türkiyə parlamenti prezident Süleyman Dəmirəli uğursuzluqda günahlandırdı, ABŞ Konqresi isə energetika naziri Bill Riçardsonun istefasını tələb etdi.

Payızda Bişkekdə Gömrük İttifaqı ölkələri (Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan) Avrasiya İqtisadi ittifaqının yaradıldığını elan etdilər, bir ay sonra (2000-ci il oktyabrın 10-da) Astanada bu haqda sənəd imzalandı. Eyni zamanda və gözlənilmədən GUUAM ölkələrində qəribə hadisələr baş verməyə başladı:
- Özbəkistanda yenidən İslam yaraqlıları təhlükəsi yarandı, Kərimov kömək üçün Moskvaya üz tutdu və bu köməyi aldı;
- Moldovada kommunistlər parlament seçkilərində qalib gəldilər, yeni lider Vladimir Voronin Gömrük İttifaqı kursunu götürdü;
- Azərbaycanda iğtişaşlar yaratmağa cəhdlər edildi;
- Georgi Qonqadzenin öldürülməsi ilə bağlı telefon danışığı qalmaqalından sonra Kuçma impiçmentin astanasına gəldi. Rusiyanın Baş Hərbi Prokurorluğu Yuliya Timoşenkoya qarşı cinayət işi açdı.

Bu hadisələrin hər biri yüksək səviyyəli ikitərəfli danışıqlarla başa çatdı. Nəticədə Yaltadakı görüş ləğv edildi, GUUAM baş tutmadı (az sonra Özbəkistan onu tərk etdi). Ancaq başqa bir tarixi görüş baş tutdu: 2001-ci ilin iyununda Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) qurdular. Bu gün ŞƏT-ə Hindistan və Pakistan da daxildir, İran və Əfqanıstan müşahidəçi, Türkiyə dialoq üzrə tərəfdaş statusuna malikdir. Vəziyyət kəskin şəkildə əks istiqamətə doğru dönüb.

Qan axıdan kəmərlər

2006-cı ildə Qazaxıstan və Çinin neft daşıyan orta bölgələrini birləşdirən neft kəmərinin birinci xətti istifadəyə verildi. 2009-cu ildə boru kəmərinin ikinci qolu Xəzər dənizi sahillərini ÇXR ilə birləşdirdi. Kəmərin ümumi gücü ildə 20 milyon tondur.

Eyni zamanda Orta Asiya - Çin qaz kəmərinin tikintisi davam edirdi. Ümumi gücü ildə 55 milyard kubmetr olan qaz borusunun üç qolu artıq istifadəyə verilib. Qaz kəməri strukturu Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirdi. Dördüncü qol (daha 30 milyard kubmetr) Tacikistan və Qırğızıstandan keçəcək. Başlanğıc nöqtəsi “Unocal”ın planlarına görə Trans-Əfqanıstan qaz kəmərinin başlanğıcı olacağı düşünülən Qalkınışdır.

Rusiyanın Şərqi Sibir - Sakit Okean neft boru kəmərinin inşası, “Sibirin gücü” və Çinlə 30 illik müqavilənin imzalanması, “Sibirin gücü – 2” layihəsinin inşası Rusiya ilə Çin arasında böyük siyasi müqavilələrin faktiki təsdiqi oldu və ŞƏT-in (Yeni Avrasiya) yaradılmasının iqtisadi əsaslarını tamamladı. ŞƏT sənədlərinin imzalanmasından bu yana ABŞ-ın bütün hərəkətləri yalnız dağıdıcı xarakter (konvulsiya) daşıyıb. Göründüyü kimi, “A planı”nın uğursuz olması halında Ştatların “B planı” olmayıb, buna görə də ən yaxşı plan bütün planları pozmaq olub.

2001-ci il in 11 sentyabrı tətikləyici oldu. Əfqanıstan müharibəsi zamanı ABŞ-ın SSRİ-yə qarşı qaldırdığı hərbi islam birliklərindən (“Əl-Qaidə”nin qərargahı əvvəl Vaşinqtonda olub) sülh üçün qlobal təhlükə - xaos aləti kimi istifadə olunmağa başladı.


2011-ci ildə Tehran, Bağdad və Dəməşq (şiə koalisiyası) Avropaya (dənizin dibi ilə Yunanıstana qədər) uzanma perspektivi olan qaz kəmərinin inşasına dair üçtərəfli memorandum imzaladılar. Dərhal sonra Suriyada vətəndaş müharibəsinə çevrilən qiyam başladı.

ABŞ-ın Bəşər Əsəd rejimini dağıtmaq cəhdlərinin qarşısını Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında aldılar. Bundan sonra İŞID mücahidləri əks istiqamətə döndülər və bir neçə həftə ərzində İraq ordusunu darmadağın edərək, "İslam Dövləti" adı altında nəhəng bir "boz zona" yaratdılar (hazırda ABŞ-ın işğal zonasıdır).
2014 -cü ildə Vaşinqton Bolqarıstanı şantaj yolu ilə “Cənub axını”ndan imtinaya məcbur etdi və o dərhal “Türk axınına” çevrildi. Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan isə parlaq millətçi rəngə boyandı. Bu zaman türk ordusu əvvəlcə Rusiya “Su”sunu vurdu, sonra da Ərdoğanı devirməyə cəhdi etdi.

2017 -ci ildə Qətər (Rusiya və İranla birlikdə “Böyük Qaz üçlüyü”nə daxildir) Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum, GECF) çərçivəsində mövqelərini İran və Rusiyaya yaxınlaşdırmağa çalışdıqdan sonra cəzalandlrıldı. Bir il əvvəl Qətər Əmiri ilk dəfə Rusiyaya rəsmi səfər etmiş və Qətərin Suveren Fondu “Rosneft”in özəlləşdirilməsində iştirak edərək, onun səhmlərinin 19,5 faizini 10,2 milyard avroya almışdı. GECF-in növbəti iclası Moskvada keçirilməli idi. Ancaq bu zaman etnik və dini cəhətdən qonşu və dost ölkələr Qətərə blokada və embarqo elan etdilər.
Məsələ burasındadır ki, Tehran və Dohanın ortaq bir danışıq platforması var - dünyanın ən böyük (dünya ehtiyatlarının 10 faizi) "ortaq" qaz yatağı Fars körfəzi şelfində yerləşir. Qətərdə ona "Şimal Günbəzi", İranda isə "Cənubi Pars" deyirlər. Qətər bütün qazını İranla "ümumi" bir yataqdan çıxarır, İranın hasilatı isə sanksiyalarla məhdudlaşdırılır.

Qətər qazı dünya bazarına üç yolla çıxır. Dənizdən olan birinci (ən bahalı) yolla qaz və mayeləşdirilmiş formada daşınır. İkinci yol Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə vasitəsilədir (belə bir layihə var idi və Qətər onu təkbaşına maliyyələşdirməyə hazır idi). Üçüncü yol İrandan keçərək Avropaya və ya Mərkəzi Asiyadan keçərək Çinə gedəcək uğursuz "şiə qaz boru kəməri" ola bilər.
ABŞ-ın son hərəkətlərinə xəritə üzərindən baxanda görürük ki, Avrasiyanın bütün kommunikasiya kəsişmələrində ABŞ-ın dəstəyi sayəsində strateji qeyri-müəyyənlik zonaları yaradılıb və fəaliyyət göstərir: bölünmüş Suriya, yarı-muxtar Kürdüstan, yarımmüstəqil Ukrayna.



Belə bir şəraitdə ABŞ-ın Əfqanıstandan çəkilməsi və orada vətəndaş müharibəsinin başlaması təbii və məntiqli görünür. Bu, Vaşinqtonun “məğlubiyyəti”nə yox, məhdud imkanlar şəraitində strateji gedişə bənzəyir.

Dəniz və dalğalar

“Böyük Qaz Oyunu” ticarət mənfəəti və zərərlər səviyyəsində yox, dünya iqtisadiyyatının gələcək konfiqurasiyası ətrafında inkişaf edir. Müharibə boru kəməri ilə LNG (Mayeləşdirilmiş təbii qaz), quru ilə dəniz, Karfagen və Roma arasında gedir. Dəniz "ümumi norma”nın pirat məkanını yaradır, amma boru inklüzivdir. Dənizdə sərhəd və gömrük yoxdur, boru isə qarşılıqlı əlaqə, tariflərin unifikasiyasını, kredit-pul münasibətlərinin razılaşdırılmasını və ərazisindən keçdiyi dövlətlərin siyasi kompromisini tələb edir. Obrazlı desək, boru məkanı inteqrasiya edir.

Yenidən formalaşan qaz bazarının dəniz variantını ABŞ-ın prioriteti müəyyən edir. Qurudan keçən boru isə Yeni Avrasiyanı formalaşdırır (bu gün Avropa və Asiya ada məntiqi ilə tərəfdaşlıq edirlər). Dünya bazarında təhlükəsizlik rejimini kimin təmin edəcəyi "Böyük Qaz Oyunu"nun nəticəsindən (öhdəliklərin yerinə yetirilməsinin təminatı), deməli, risklərin hansı valyutada sığortalanacağından (investisiya mənbəyi) asılıdır. Hər iki parametr (təhlükəsizlik və valyuta öhdəlikləri sistemi) birbaşa əlaqəlidir - biri digəri olmadan mümkün deyil. Sərt reqlament olmadan bazarın mümkünsüzlüyü kimi.

ABŞ-ın məqsədi Rusiya və ya İran qazı ilə rəqabət aparmaq deyil. Məqsəd hər iki qazı dənizə qovmaqdır. Suriya və Əfqanıstan İranı Hind okeanına doğru itələyirlər. Ukrayna və “Şimal axını – 2”yə qarşı sanksiyalar rusları LNG-yə aparır. Dünya enerji bazarının yeni konfiqurasiyası formalaşandan sonra Vaşinqton artıq nə qazın milliyyəti, nə də qiyməti ilə maraqlanacaq.

Azvision.az


Teqlər: Avrasiya   Neft   Geopolitika  





Xəbər lenti