"Metallom" krediti: Rusiyanın 100 milyon dollarına Ermənistan nə alacaq – Ədalət Verdiyev hesablayıb

      "Metallom" krediti:    Rusiyanın 100 milyon dollarına Ermənistan nə alacaq –    Ədalət Verdiyev hesablayıb
  18 Sentyabr 2021    Oxunub:4898
Ermənistanın əsas müftə silah tədarükçüsünün Rusiya olduğunu və işğalçı ölkənin müdafiə naziri Arşak Karapetyanın Moskvaya intensiv səfərlərini diqqətə alsaq, yaxın gələcəkdə Kremlin İrəvana yenidən müəyyən miqdarda silah verəcəyi real görünür. Mockvanın məcburiyyətdən doğan bu addımı həm də “ayağı sürüşkən” Ermənistanı əks qütbə tərəf yönəlməsinin qarşısını almaq məqsədi daşıyır.
Amma əgər Rusiya Ermənistana silah verməyə hazırlaşırsa, o zaman Azərbaycan tərəfdə silahların tipi və sayı barədə sual yaranır. Bunu aydınlaşdırmaq üçün təxminən bir il arxaya baxmalıyıq.

Avropanın tank altında qalan vicdanı

Ermənistanın Vətən Müharibəsində orta hesabla hər gün 8-9 tank olmaqla, ümumilikdə 366 ədəd tank itirməsi bir çox mütəxəssislər tərəfindən dünyada tank erasının bitməsi kimi də dəyərləndirildi. 2020-ci ildə cəmi 716 milyon dollar hərbi büdcəsi olan Ermənistanın yalnız tanklarda 1 milyard dollarlıq itkiyə məruz qalması hətta digər itkilər olmadan belə, erməni ordusunun darmadağın olunmasının göstəricisi idi.

Burada Avropada Adi Silahlara Nəzarət Komissiyasının hesabatlarında ermənilərin 220 tanka malik olmasına dair rəsmi məlumatları ilə məhv edilən və ya qənimət götürülən 366 tank arasındakı fərqin hansı səbəbdən yarandığını da soruşmaq yerinə düşür. Nəzərə almaq lazımdır ki, Ermənistanda naməlum sayda tanklar hələ də mövcuddur. Belə olan halda, Avropada Adi Silahlara Nəzarət Komissiyasının hər il Ermənistanda yoxlama keçirməsi ən yaxşı halda formal xarakter daşıyıb, ən pis halda isə tərəflər “əl əli yuyar, əl də üzü” prinsiplərinə əsaslanan bazar münasibətləri qurmağa nail olublar.

Özünü dünyaya həqiqət və ədalət carçısı kimi sırıyan Avropaya aid bir institutun 25 il ərazində Ermənistan ərazisindəki tankların sayının ən azı 2 dəfə azaltmaqla aktlaşdırması sağlam məntiqə sığacaq hadisə deyil. Maraqlı orasıdır ki, komisiya üzvləri dəyişsə də, Ermənistandakı tankların sayı əvvəlki illərlə müqayisədə dəyişməyib. Deməli, burada tərəflər arasında bazar münasibətlərinin mövcudluğu şübhə doğurmur.

Qayıdaq Ermənistanın müdafiə naziri Arşak Karapetyanın fasiləsiz Moskva səfərlərinə və Kremlin İrəvana yeni silahlar verməyə hazırlaşmasına. Karapetyan keçən dəfə Moskvada səfərdə olarkən erməni mətbuatında 100 milyon dollarlıq növbəti kredit xəttinin ayrılması barədə məlumatlar yayıldı. Bu vəsaitə İrəvanın Moskvadan hansı silahlar alması mümkündür? Cavab tapmağa çalışaq.

Rus silahının qara günü

2018-ci ildə eyni məbləğə - 100 milyon dollarlıq “kredit” adı altında pay verilən “Su-30SM” qırıcılarını Ermənistana Vətən Müharibəsi zamanı heç havaya qaldıra bilmədi. Erməni rəsmiləri təyyarələr üçün raketlərin alınmadığını bəhanə etdilər. Qırıcını alıb, onun raketini almamaq - sadəcə, axmaqlıqdır. Mən isə bu qırıcıların qalxmasına Rusiyanın icazə vermədiyini düşünürəm, cünki Azərbaycan ordusu 44 gündə düşmənə aid yerdə və havada, uçan-qacan nə qədər vacib və əhəmiyyətli hədəf var idisə, hamısını ardıcıl məhv edirdi. “Su-30SM” qırıcısının məhv edilməsi isə Rusiyanın az sayda olan ixrac potensiallı silahlarının çeşidini bir az da azalda bilərdi. Bunun başqa izahı yoxdur.


Ermənistanın tanklarını sovet istehsalı və köhnə olması, həmçinin tank itkilərinin miqyasının böyüklüyü Rusiyanı erməni cəmiyyətini sakitləşdirmək yönündə addımlar atmağa vadar edir. Rusiya mediası özlərinin müasir PUA və onlara qarşı mübarizə vasitələri barədə hər ay məlumatlar versə də, hələ ki, bu məhsulları nə alan var, nə də istifadə edən. Əvvəllər Ermənistana verilən Rusiya PUA-larının effektivliyi barədə isə nəsə yazmağa dəyməz.

Hələlik Rusiya yalnız “S-400” zenit-raket komplekslərini ixrac edə bilir. Onların Ermənistana verilməsinə isə Rusiyanın nə maddi imkanı var, nə də həvəsi. Rusiya heç öz ordusunu bu 2.5 milyard dollarlıq komplekslərlə təchizatını başa çatdıra bilmir. Əsasən ixrac hesabına Moskva yerli istehsalçını müflis olmaqdan sığortalamağa və mühəndis heyətinin Qərbə axınını ləngitməyə çalışır.

Deməli, Rusiya Ermənistana ixrac potensialı olmayan zirehli vasitələr və ya hava hücumundan müdafiə kompleksləri verə bilər. 100 milyon dollara normal HHM kompleksi alına bilmədiyi üçün, Ermənistana əvvəllər olduğu kimi, bu dəfə də əsasən tank tədarük ediləcəyi ehtimalı böyükdür.

100 milyona nə düşür?

100 milyon dollar müasir müharibə vasitələrinin alınması üçün kiçik bir rəqəmdir, bu vəsaitlə ən yaxşı halda 2 ədəd 4-cü nəsil qırıcı və ya 20 ədəd “T-90” tankı almaq mümkündür. Daha bahalı olan NATO silahlarının rus krediti hesabına alınması mümkün olmadığı üçün, bu variantı qırağa qoyuruq.

Sursat və ehtiyat hissələr də əldə edilərsə, o zaman alınacaq texnikaların sayı təxminən 20 faiz azalacaq. Lakin 80-ci illərə qədər istehsal olunan texnikaların alınması hesabına bu sayın 2 dəfəyə qədər artırılması mümkündür.

Rusiya daha üstün imkanlara malik “T-90” tanklarını indiyə qədər Ermənistana verməyib (daha doğrusu, cəmi 1 dənə “T-90” hədiyyə edib), odur ki, növbəti dəfə də Moskva məhz “T-72” tanklarını Ermənistana ixrac edə bilər. Rusiyanın hər dəfə “Tank Biatlonu” yarışlarında “T-72” tanklarından istifadə etməsi bu maşınların gərəkdiyindən artıq olması və onun ixracını dirçəltmək məqsədilə bağlıdır.

Ermənistana veriləcək tankların sayı heç bir halda 40 ədədi keçməyəcək. Bu isə bir tank taborunun texnikalarla silahlanması üçün yetərli olacaq. Ermənistanın Vətən Müharibəsindəki tank itkilərini nəzərə alsaq, həmin 40 tank işğalçı orduya maksimum 5 gün aktiv geriçəkilmə əməliyyatları üçün yetərli ola bilər. Ermənistanın mövcud hərbi potensialını nəzərə alsaq, bu müddəti azı 2, bəlkə də 3 dəfə azaltmalıyıq.

Odur ki, 100 milyonluq təchizatın Ermənistan və Azərbaycan arasındakı güc balansına təsir etməyəcəyi aşkardır. 44 günlük müharibədə 3.84 milyard, yəni hər gün 87 milyon dollarlıq döyüş itkilərinə məruz qalan Ermənistanın 100 milyon dollarla xilası edilməsi mümkün deyil və bu, görüntü xətrinə atılmış bir addımdır. Sadəcə, İrəvan son 200 ildə olduğu kimi, bu gün də Kremlin sözündən çıxmaq imkanına malik deyil. Təchizatın həyata keçirilməsi Ermənistan üçün hərbi üstünlük vəd etmirsə, deməli, ikinci tərəf olan Moskvanın hərbi-siyasi maraqları ön plana çıxır.

Alt qatdakı məqsədlər

Vətən Müharibəsində parlaq qələbə qazanan Azərbaycan Ordusunun nailiyyətləri Ermənistan və onun silah təchizatçısı olan ölkələrin hərbçiləri, o cümlədən, son 76 ildə bir dəfə də qələbəyə imza atmayan SSRİ/Rusiya ordusunun hərbi elitası tərəfindən qısqanclıqla qarşılanır. Amma əllərindən gələcək bir iş də yoxdur. Odur ki, Rusiyanın hərbi və diplomatik dairələri siyasi hakimiyyəti Ermənistana “kredit” adı altında silah ötürülməsinin vacibliyinə hələlik inandıra bilir. Əslində əldə ediləcək hədəflər Putin komandasının da maraqları ilə ziddiyyət təşkil etmir. Tək ziddiyyət Kremlin Azərbaycan, Türkiyə və Pakistanla mövcud münasibətlərin korlanmasında maraqlı olmamasıdır. 2 milyon erməniyə görə Kreml 300 milyonluq “Üç Qardaşı” diqqətə almaya bilməz.


Moskva strateji tərəfdaşı olan Ermənistana daha böyük miqdarda yardım edə bilərdi, amma İrəvanın gələcək addımlarını tam proqnozlaşdıra bilmir. Odur ki, Rusiya ermənilərə kiçik bir rəqəmdən ibarət kredit tranşı ayırmaqla həm qarşısında duran sadiq müttəfiqləri nəzərə alır, həm də Ermənistanla bağlı aşağıda sadalanan bir neçə məqsədinə çatmağa çalışır:

1) Rusiya Ermənistanı növbəti dəfə borclandırmaqla onun Qərbə meyillənməsini ləngitmək istəyir. İrəvanın isə hələlik başqa çıxış yolu yoxdur;

2) 30 il Rusiya silahı ilə Azərbaycana qarşı savaşan Ermənistan bu gün işğal etdikləri əraziləri və 200 illik milli ideyalarını itirib, ordusu isə darmadağın vəziyyətdədir. Belə olan halda onun Rusiyanın orbitində qalmaqda davam etməsinin heç bir məntiqi izahı yoxdur;

3) Kreml 44 günlük Müharibədə susqunluğunu kompensasiya etməyə və Ermənistan əhalisinin gözündə yenidən “xilaskar rus ordusu” obrazını yaratmağa çalışır;

4) Kreditlər sayəsində yaxın 5, bəlkə də 10 ildə Ermənistan sursat, ehtiyat hissələri, texniki xidmət və modernləşdirmə məsələlərində Rusiyadan asılı vəziyyətə qalmaqda davam edəcək (indiyə qədər erməni tanklarının bir dəfə də olsun, modernləşdirmədən keçirlmədiyini bilirəm);

5) Rusiya heç kimə sata bilmədiyi silahları nisyə də olsa, Ermənistana “satmaqla”, metal yığınını virtual maliyyə vəsaitinə çevirməyə nail olacaq;

6) Əgər Ermənistan “Qərb sahilinə üzərsə”, əvvəlki kreditlərlə bərabər sonuncunun da dərhal geri ödənilməsi tələb olunacaq. Buna şübhə edənlərə eks-prezident Yanukoviçə ayrılan 3 milyard dolların hakimiyyətin dəyişdiyi anda Ukraynadan tələb edilməsini xatırlada bilərəm.

Nə etməli?

İstənilən halda, Ermənistanın silahlandırılması Azərbaycana qarşı yönəlib. Bu silahların rusların nəzarətində olan Qarabağ ərazisində və ya oraların yaxınlığında müşahidə olunması Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir. Təhdidlər ilə mübarizənin ən effektiv yolunu isə biz bilirik. İsrail təcrübəsi ilə yaxındaş tanışıq. Təhdidlərin müşahidə edildiyi anda bir-iki dəfə sorğu-sualsız, dərhal zərərsizləşdirilməsi düşmən tərəfdə “soyuq duş” effekti yaradacağı şübhə doğurmur.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: Rusiya   Ermənistan   Silah  





Xəbər lenti