Hut Haifa Z. Mahmud İlahiyyat İnstitutunu ziyarət edib

Hut Haifa Z. Mahmud İlahiyyat İnstitutunu ziyarət edib
  21 Sentyabr 2021    Oxunub:617
İraq Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Dr. Hut Haifa Z. Mahmud Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Azvision.az xəbər verir ki, Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. O, Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib.

A.Şirinov ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor Azərbaycan və İraq respublikaları arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.

İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Hut Haifa Z. Mahmud, öz növbəsində, İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.



Səfir ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraq Respublikasında yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub.

Daha sonra Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Aİİ-də ərəb dilinin tədrisi barədə məlumat verib. Qeyd edib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın Orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından mühümdür.
Görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələrlə davam edib.

Azvision.az



Teqlər: İlahiyyat-İnstitutu  





Xəbər lenti