Dağlardakı zadəganlar, yoxsa varlı şəhərin kasıbları?

Dağlardakı zadəganlar, yoxsa varlı şəhərin kasıbları?
  23 Sentyabr 2021    Oxunub:3285
Şah Selimi Türkay*

Vətənimin uca zirvəli dağlarının qürurlu, vüqarlı, şux duruşunun arxasında təbiətin gözlərdən gizlənən olduqca təvazökar, təmkinli və başıaşağı bir ruhu yaşamaqdadır. Hər səhər əzəmətli baxışlarla Günəşi qarşılayan təpələrdən göylərə doğru uzanan əllər ucsuz-bucaqsız səmaya toxunanda bu yerlərə həzin bir çən düşər, şehlər otların üzərinə qonarkən nəmlənmiş xınalı qayalar incə-incə işıldamağa başlayar. Və qəfildən təbiəti sıx bir duman bürüyər, dağlar gözlərdən itər, səma qeybə çəkilərək, nəhayət, yerlə göy bir-birinə qovuşar.
Burada nə göylər yerlərə, nə də yerlər göylərə naz etməz. Göy üzü ilə hüdudsuz dağların arasındakı o incə xəttin pozulduğu, bərabərliyin, üstünsüzlüyün, sərhədsizliyin yaşandığı təkrarsız bir mənzərə canlanar. Gözləri çən alar, nə eniş, nə də yoxuş, nə aşağı, nə də yuxarı bilinər, məsafələr itər, uzaqlar yaxın, yaxınlar uzaqlığa çevrilər. Dağların qoynunda fərqlilik, müqabillik, qərəzliliyə rast gəlinməz. Zira zirvələrin o aldadıcı iftixarlığının, təkəbbürlü əzəmətinin gerisində göylərə qovuşmaq, çatmaq istəyi və sonsuz səmaya olan vurğunluğundan doğan həsrətin cəfası gizlənər. Bu pərdəarxası görünüşü görmək üçün isə yüksəklikləri izlərkən zirvələrin başına enən topa-topa buludlara, buludların içində doymadan qanad çalıb göylərin başına fırlanan qartallara - təbiətin əzəli vəhdətinə baxmaq kifayətdir.


Doğrusu, bu yerlərin insanları da təbiətinin bu təzadlı təcəssümünü tamlığı ilə özlərində əks etdirər. Burada yaşayanlar şəhərdəki bir-birindən yadlaşıb-uzaqlaşmış camaatdan elə dənizlə dağ qədər fərqlənər. Bu torpaqlarda qonşuluq qohumluğa, dostluq qardaşlığa, tanışlıq doğmalığa çevrilmişdir. Burada çətinliyin içində sadəlik, başıaşağılıq, qəlbi genişlik, utancaqlıq hökm sürərkən, şəhərin rahatlığından yaranmış mürəkkəbləşmiş soyuqluq, təkəbbür, xudpəsəndlik və loğvalılığa rast gəlmək mümkünsüzdür. Dağları göylərə, səması yerlərə qucaq açantək insanları da özgə, yad bilməz, qapısını döyəcək hər yadelli qonağa illərdir gözlənilən qohumtək yanaşar, açılan saysız-hesabsız süfrələr də əziyyətlə hazırlanıb, sevgi ilə bəzənər.

Burada darlığın içində yaşayanlar insani dəyərlərini itirməmiş, insaflılığı, dürüstlüyünü çirklətməmişlər kasıb şəhərlilərin qarşısında özünü əksik görərkən axı necə də sahib olduqlarından xəbərsiz həqiqi zənginliklərini görməzdən gələrlər? Hayıf onların əlçatmaz baxdıqları həyatlardan, harda ki, yerlər göyləri, göylər də yerləri bəyənmir. Orada kəndlilərin özgələrə qucaq açan əllərini bir-birinin əksinə çevrilmiş tanış çiyinlər, gülümsəyən üzləri acı baxışlar, sadəliyi mənasız mürəkkəblik, yalançı varlılığın içində həqiqi kasıblıq, dəyərsizlik əvəz edir. Hayıf dağların saf havasını udub əsilliyini itirməmiş kəndlilərin zəngin gözlərindən şəhərlilərə həsədlə tuşlanmış baxışlarından... Axı niyə onlar yüksəkdəykən özlərini əksik, bizlər əksilərkən özümüzü artıq görənlərdənik? Onlar çətinliyə sinə gərib həyat eşqi ilə yaşarkən, bizlər rahatlığımızın qeyri-məmnunluğunda itmiş, qaşqabaqlı üzlərdən tökülən pessimist cümlələrdə təkrarlanan “Şəhər həyatı çox çətindir” sözləri dövr edərkən, görəsən həqiqi çətinlikdən xəbərdarıq yoxsa sahib olduğumuz əziyyətsizliyin içində özümüzə olmayan bir çətinlik qəfəsi hörmüşük? Çətin tapılmış birliyin içində bir-birimizdən uzaqlaşıb itməyimizin səbəbi, böyük şəhərlərdəki tənhalığın, kimsəsiz kasıblığın həqiqi səbəbi nədədir? Bəlkə çətinliyə elə bu şəhərlərə birliksizliyi gətirənlərdir səbəbkar? Yəqin bu şəhərin hava suyundandır, nə dənizi göyə qovuşar, nə səması yerlərə toxunmaq istəyər. Burada əzəldən natarazlıq, burnudik təkəbbür, anlaşılmaz fərqlilik, bərabərsizlikdə olmayan artıqlıq hökm sürməkdədir.


İndi bu yazını oxuyan dəyərli şəhərli və kəndli oxucular qələmimi qınamazdan öncə hər birinizi reallıqda baş vermiş çox saylı hekayələrin xülasəsini oxumağa və qeyd olunan fikirlərimə irad və ya razılığı verməyi sizin öz tərəzininiz daşlarına, başqa sözlə desək, bu ziddiyətli qarşıdurmada öz tərəfinizi seçməyə, çatışmayan boşluqları birlikdə doldurmağa, yoxluğun içindəki varlılığı görməyə, sahib olduqlarımızın daxilindəki həqiqi yoxsulluğa təkrar baxmağa dəvət edirəm.

Qusar rayonu, Zindan-Muruq kəndi
02.09.2021


Qusarın uca dağlarının qoynunda şəhər maşının yolları tanımayıb itkin düşdüyü, geniş magistral yoldan kənar daşlı yolların apardığı, dünyadan sanki təcrid olunmuş bir kənd- tanımadığımız bir evin qapısını döyərkən adını öyrənə bildiyimiz Zindan-Muruq kəndində qəfildən özümüzü qonaq kimi tapmışdıq. Balaca həyət evinin köhnə darvazasını üzümüzə sevinclə açan mənzil sahibi sorğu-sualsız bizləri alma ağacları və təpələrdən enən çənin bürüdüyü bənzərsiz bağçasında qonaq etməyin şadlığını yaşayarkən, qapısının kandarından keçənlər isə həm şadyanalıqla olan qarşılanmaya, həm də gözlərini bürüyən cənnətə baxa-baxa qalmış, əslində bu cənnətin sadə sahibkarlarına olan təəccüb və heyranlıqlarının içində itmişdilər.


Onların xəbərsiz olduğu məqam isə ev sahiblərinin uzaqdan olduqca zəngin gördükləri şəhərliləri qibtə edən baxışları və onlara çatmaq, başqa sözlə desək, əksik gördükləri artıq qəlblərini məsum utancaqlıq və aralarındakı mövcud olmayan dağla dəniz fərqini aşmaq arzusu dərindən bürümüş, anlaşılmaz bir həyəcanın içində çırpınırdılar. Odur ki, tezliklə hər şeyin ən yaxşısı süfrəyə düzülmüş, tanımadıqları qonaqlara aylarla böyütdükləri cücələr kəsilib, quzular bişirilmiş, bostanda yetişdirilmiş qışın azuqəsi qonaqların önünə sərilmiş, bu təsadüfi ziyarət böyük bir ziyafətə çevrilmişdi.

Şəhərin özgəliyində bu doğmalığı unudanlar isə dadlı-təamlı yeməklərin qoxusunu almaqla kifayətlənib, ev sahibinin qəlbinin toxluğundan doymuş, özlərini həqiqətən dəyərli və doğma hesab edərkən unutduqları həqiqi varlılığı- insanlığı, qonaqpərvərliliyi, əliaçıqlılığı, başıaşağılığı yenidən xatırlamışdılar. Bu xoş məclisdə hər kəs özəyinə qayıtmış, şəhərli ağaclardan meyvə toplayıb, odun salıb təbiətin qoxusunda çay dəmləyərkən özləri də bilmədən ev sahibi kəndlinin xəyalından uzaqdakı bir şəhərli obrazını canlandırmışdılar. Hərgah bu ani bərabərləşmə anını ev sahibinin söylədiyi qısa bir cümlə dağıdarkən gələnlərə aid olduqları soyuq dünyanı, özgəliyi, həqiqi kasıblılığı, gərəksiz xudpəsəndliyi bütün acılığı ilə qəfildən xatırlatmışdı. “Sizlər heç şəhərdən gələn məmur balalarına oxşamırsınız, bizlərə yuxarıdan aşağı baxmadınız. Halal olsun” deyə ev sahibi onlara tərif vermək istəyərkən, özü də bilmədən bu şəhərli qonaqların ani sevincini dağıtmış, aid olmadıqları bu gözəl dünyada qonaq olduqlarını xatırlatmışdı…

Bakı şəhəri, Neftçilər prospekti
04.02.2021


Şəhərin mərkəzində bilinməz yollarda itmək mümkünsüzdür. Bu balaca şəhərdə ancaq itirdiyimiz çox qohum-qardaşlar, illərlə üzünü görmədən yaşadığımız dostlarımız məskunlaşmış, hər kəsin bir-birinə yaxın olub, hərçənd uzaq düşdüyü bir mərkəzi meqapolisdə hamımız bilmədən bir-birimizdən itkin düşmüş halda yaşamaqdayıq. Birdən yaşadığımız mənzilin qapısı səhvən üstümüzə bağlansa, qışın ən sərt soyuq günündə belə hər gün üzləşdiyimiz, ancaq salamlaşmadığımız qonşularımızın qapısı da üzümüzə möhkəm bağlanar, əl atdığımız yerlərdən qınayıcı baxışlar bayırdakı havadan da sərt gözlərlə bizi süzərkən, dəvətsiz qonaq olmaqdansa küçənin ayazında üşümək bizə anidən hətta xoş təsir etməyə başlar. İşdir birdən küçədən keçənlərdən telefon axtarmaq fikrinə düşsək, varlının yerişindən ürpərib narahat etmək belə istəmərik, kasıbın da əliaçıqlığından zəng üçün kifayət qədər hesabı olmaz, və hər iki ehtimalda da bədənimizi soyuq qış havası, ruhumuzu bu şəhərin toplu tənhalığı üşüdər.


“Bəs bu şəhərin soyumuş ruhunu nə isindirər?” deyə soruşsanız, cavab vermək xeyli çətinləşər. Bu tənha çoxluğun birləşdiyi, qonaqlı-qaralı mənzil tapmaq evə qayıtmaq üçün axtardığımız o balaca açartək elə qəliz və tapılmaz məsələdir. Əvvələr zəhmətli uzun süfrələrin açıldığı o həqiqi qonaqlıqları, artıq insanların bir-biriylə söhbətləşməyib telefondakı sosial xəbərlərdə özlərini həm cismən, həm də ruhən itirdikləri kiçik kofe evlərindəki soyuq görüşlər, müasir dünyanın yaratmış olduğu innovativ qohumluq və dostluq əlaqələri əvəz etmişdir. Və hər birimizin durmadan ən dəyərli cövhər kimi dilindən düşməyən bir cümləsi “Görüşməsək də qəlbdlərdəyik” deyib həyatımızın tam da ortasına məskunlaşdırmış olduğumuz yalanı bizim dünyamızdan özümüzü didərgin salarkən, əslində bu uydurma kəlmələr soyuqlaşmış münasibətlərə geyindirdiyimiz aldadıcı bir libasdan savayı başqa bir şey deyil.

Yaxşı bəs necə oldu ki, bu inkişaf etmiş şəhərin sakinləri ən ibtidai insanların belə sevərək həyata keçirdikləri qohumluq, qonaqlıq, qardaşlıq münasibətlərini unudar oldular? Doğrudandamı həyat şəhərlərdə daha çətindir, yoxsa bu şəhərə qəlizliliyi gətirən elə şəhərlilərin özləridir? Niyə həvəslə açılan süfrələri ayaqüstü qəhvə fasilələri, zəhmətlə süzülən aşları ‘takeaway’ sağlıqsız qidalar əvəz etmişdir. Niyə dədə-baba adətləri bu şəhərdə unudulmuş, varlılığın içində bitməyən kasıblıq hökm sürməkdədir? Əslində yaşadığımız vəziyyətdə suallar çoxdur, cavabları da sözsüz köklü sürətdə bir-birindən fərqlənir. Bəlkə də, elə bu ziddiyyətli fərqlilikdən şəhərimizə uzaqlıq, biganəlik, doğmasızlıq qonaq gəlmiş, biz isə yalnızlığın içində çoxluqda yaşayan tənha fərdlərə çevrilmişik. Bəzisi digərini utandığı maddiyyətinə görə uzaqlaşdırar, digəri sırf varını göstərmək üçün qonaq dəvət edərkən, başqası kiminsə əziyyətini çəkmək istəmədiyindən evinin qapısını, pəncərəsini bərk-bərk kilidləyər, hər kəs bir-birindən fərqli səbəblərdən qaçıb gizlənər, qaçdıqca uzaqlaşıb sonunda yadlaşar. Özgələşmiş cəmiyyətimizin indiki görüş nöqtələri əziyyətsiz bişirilmiş, şişirdilmiş qiymətlərə satılan yeməkləri olan kafe və restoranlar, hər kəsin varlı görsəndiyi bəzədilmiş yoxsul məkanlar, əziyyətin, zəhmətin, qayğının itdiyi kapitalist süfrələr əvəz edər. Bu kasad süfrələrdə yaşanan ən acınacaqlı məqam isə şübhəsiz, hər kəsin bir-birini görməzdən gəlməsi başqa sözlə desək, hamının əlindən buraxmadığı əzizi telefonuna fikri qarışarkən bu təm-təraqlı ziyafətlərdən geriyə qalan yalançı görüşün sonsuz rəsmləri, hiss edilməmiş anları və yaşanmadan xatirəyə çevrilmiş bir gün olar. Və əfsuslar olsun ki, çoxlarımız böyük şəhərlərin bu varlılığın içində itmiş ikən mənəvi bir kasıblığın əziyyətini xəbərsizcə çəkməkdəyik...

*Şah Selimi Türkay - “Queen Mary University of London”un məzunu, araşdırmacısı, “Bərabərsizlik”, “Müxtəliflik”, ”Sosial Kapitalizm” mövzularının tədqiqatında yaxından iştirak edən mütəxəssisdir. Həmçinin “Ev dustağıyam” psixoloji romanın müəllifidir.


Teqlər:





Xəbər lenti