Prezidentin Vətən Müharibəsi dövründə işlətdiyi 10 məşhur ifadə

   Prezidentin Vətən Müharibəsi dövründə işlətdiyi 10 məşhur ifadə
  28 Sentyabr 2021    Oxunub:9554
Vətən Müharibəmiz hər şeydən əlavə, Azərbaycan dilinin frazeoloji ehtiyatlarını da xeyli zənginləşdirdi. Psixoloji-emosional atmosferin maksimum qatılaşdığı həmin günlərdə Dövlət Başçımızın hər bir maraqlı ifadəsi dərhal qanadlanaraq, dillərə düşürdü.
Peşəkar diplomat olan İlham Əliyev hətta ən gərgin anlarda belə, hisslərinə və nitqinə nəzarəti əsla itirmirdi. Amma o, diplomat və siyasətçi olmaqdan əlavə, həm də Azərbaycan vətəndaşıdır, ona görə bəzən hisslərini əsl, sadə xalq dilində ifadə etmək lüksünü özünə rəva görmüşdü. Yaxşı ki, görmüşdü. Hisslər burulğanı yaşadığımız o günlərdə bu sözlərin hər biri bizim üçün qiymətsiz idi. Elə indi də elədir.

1. “Nooldu, Paşinyan?”

Vətən Müharibəsi dövrünün ən məşhur ifadəsi, sözsüz ki, budur. Bu sözlər geniş xalq yaradıcılığına rəvac verdi, onun əsasında mahnılar yazıldı, meyxanalar qoşuldu, internetin “Youtube”dan “TikTok”a qədər bütün künc-bucağı bu səslə əks-səda verdi: “Nooldu, Paşinyan?!”
İlham Əliyev bu meqapopulyar, hətta əfsanəvi ifadəni ilk dəfə oktyabrın 26-da xalqa müraciət zamanı işlətmişdi:
- Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!


İkinci dəfə isə Ali Baş Komandan noyabrın 10-da xalqa Qələbə müraciətində bu ifadəni işlətdi:
- Mən onlara muxtariyyət təklif edəndə razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs?!.. Bu “nə oldu, Paşinyan?” deyəsən, çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla?! Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq! Nə qədər ki, mən Prezidentəm, olmayacaq!

Amma sonra bu sözləri daha Cənab Prezidentin dilindən eşitmədik. Səbəbini təxminən bir il sonra “CNN-Türk” kanalına müsahibəsində açıqladı: Mehriban xanım ondan daha bu ifadəni işlətməməyi xahiş edibmiş. Kübar, alicənab, mədəni və ziyalı birinci xanımın yanaşmasını anlayırıq, amma Paşinyana ayrı necə xitab etmək olar axı?! “Nooldu, Paşinyan?!” – mümkün variantların arasında optimalı idi…

2. “İti qovan kimi qovuruq”

- Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? – Prezident oktyabrın 4-də xalqa ikinci müraciəti zamanı soruşmuşdu - Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi murdarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb, çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir!


Bütün ölkədə ayaq üstə alqışlanan bu sözlər Prezidentin dilindən müharibənin birinci həftəsinin tamamında bizim açıq-aşkar hərbi üstünlüyümüzün özünəməxsus etirafı idi. Öz rəhbərinə birmənalı, qeydsiz-şərtsiz inanan Azərbaycan xalqı bu tezisi bütün sonrakı dövr üçün əsas götürdü və heç vaxt zərrəcə də olsa, şübhə etmədi ki, “İti qovan kimi qovuruq!”

Məhz bu sözlərdən sonra xalq yaradıcılığının yeni lətifə dalğası da qabardı. Sosial şəbəkədə geniş yayılan “Cənab Prezident, vallah, başa düşürük nə demək istəyirsən, söy, ürəyini boşalt” “Axşam Cənabın xalqa müraciəti var, uşaqları otaqdan çıxararsınız” zarafatları “iti qovmaq” ifadəsinə variasiyalar idi.


3. “Dəmir yumruq”

Vətən Müharibəsinin əsas assosiativ simvollarından birinə çevrilən “Dəmir Yumruq” həm Azərbaycanın hərbi gücünü, həm də onun arxa cəbhəsini möhkəmləndirən xalq-iqtidar birliyini ifadə edirdi. Dövlət başçımız bu ifadəni bir neçə dəfə işlətmişdi. İlk dəfə oktyabrın 20-də xalqa müraciəti zamanı Prezident demişdi ki:
- Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

Noyabrın 8-də Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində Prezident Dəmir Yumruğun fəlsəfəsini bir az da açmışdı:
- Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.


Nəhayət, noyabrın 10-da Paşinyanın kapitulyasiya sənədini nəyin hesabına imzalayacağını Cənab Prezident belə izah etmişdi:
- Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı, qapalı, kameralardan uzaq yerdə, qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Dəmir yumruğun hesabına imzalayır!

Sonralar isə Ali Baş Komandan Ermənistana bir neçə dəfə də xatlırlatdı ki, “Dəmir yumruq yerindədir”. Həmişə də yerində olacaq. Bundan sonra Ermənistan Dəmir Yumruğun altında yaşamağa məhkumdur.

4. “Endir o bayrağı, bük… qoy cibinə”

Kapitulyasiya aktını imzalayandan sonra Ermənistanın Ağdam rayonunu boşaltması münasibətilə noyabrın 20-də Ali Baş Komandan xalqa növbəti müraciətini etdi. İlham Əliyev Ermənistanın bu günə qədər müstəqil dövlət kimi formalaşa bilməməsinə dəqiq diaqnoz qoyaraq, çox dəyərli bir məsləhət verdi:
- Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Ermənistan müstəqil ölkə kimi yaşaya bilmirsə, gedib başqa ölkənin tərkibinə girsin. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa.

Aradan keçən bir il Cənab Prezidentin nə qədər haqlı olduğunu əyani şəkildə göstərdi.

5,6,7 “Dabanyalayan”, “düşük”, “təlxək”

Paşinyan hakimiyyətə gələndən sonra iki il ərzində Azərbaycan xalqının əsəblərinə toxunan, hisslərilə oynayan çox addımlar atmışdı. Onun verdiyi sırtıq, həyasız, başından min dəfə böyük bəyanatlar, Şuşada nümayişkaranə şəkildə içib, yallı getməsi kimi qudurğan hərəkəti bütün xalqın sinirlərinə iynə kimi batırdı. Buna görə də, Paşinyan Azərbaycan xalqının adından doyumlu bir təhqir porsiyasına qonaq edilmək haqqını çoxdan qazanmışdı. Bunu gözəl bilən dövlət başçımız xalqın həmin sifarişini necə lazımdırsa, ünvanına çatdırdı. Özü də bir neçə dəfə, ikiqat porsiya ilə!

- Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala - heç kim bizə təsir edə bilməz! (9 oktyabr)

- Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səslərini çıxara bilərlər? (20 oktyabr)

- Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. (26 oktyabr).
Və bonus:
- Bizim məscidlərimizdə donuz saxlayanın özüdür donuz! (10 noyabr)


Noyabrın 10-da qələbəni qeyd etmək üçün küçələrə axışan insanların əlində bir neçə belə plakat görmüşdüm: “Düşük, təlxək, donuz Paşik”. Zərbələr tam hədəfə dəymişdi.

8. “Sən kimsən ki, bizə şərt qoyursan?!”

Paşinyanın Qarabağ nizamlaması ilə bağlı Azərbaycanın qarşısında irəli sürdüyü yeddi şərt, siyasəti və diplomatiyanı bir qırağa qoysaq, hətta məişət prizmasından baxanda da həyasızlığın və qudurğanlığın son həddi idi. Elə bir həyasızlıq ki, nə cavab verəcəyinə çətinlik çəkirsən. İlham Əliyev mümkün ola biləcək ən yüngül cavabı vermişdi:
- Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun.

9. “Bu ad sizin başınıza dəysin!”

Gəncənin bombalanması ilə Füzulinin azad edilməsi təxminən eyni vaxtda olduğundan, Prezident onların ikisinə bir müraciətdə toxunmuşdu. Xalqımız Gəncə üçün ağlayaraq, Füzuliyə sevinir, Füzuli üçün sevinərək, Gəncəyə ağlayırdı. Belə vəziyyətdə qəddimizi dik tutmaq üçün psixoloji üstünlüyümüzü təsbit edəcək bir neçə möhkəm sözə ehtiyac vardı. Və dövlət başçısı onları dedi:
- Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin! Bu ad cəhənnəmə getsin! Bu ad yoxdur artıq. “Madagiz” adı da yoxdur - Suqovuşandır.

10. "Əziz Şuşa, sən azadsan!"

Azərbaycan tarixinin bəlkə də ən vacib sözlərindən biridir bu. Bütün xalq sevincdən və qürurdan ağlaya-ağlaya dinləmişdi. Ali Baş Komandan da onu dövlət ərkanının bütün qaydalarına uyğun söyləmişdi: Şəhidlər Xiyabanında, hərbi geyimdə… “Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”.
Prezident Şuşaya coğrafi obyekt kimi yox, canlı varlıq kimi müraciət edirdi. Heç bir mürəkkəb cümlə, qəliz fikir, dərin fəlsəfə Şuşanın Azərbaycan xalqı üçün önəmini bu sadə sözlər kimi aydın, dəqiq ifadə edə bilməzdi: “Əziz Şuşa, biz qayıtmışıq”. Yəni Əziz Şuşa, fərqindəyik ki, sən sadəcə şəhər deyilsən, sənin ruhun var, sən canlısan, biz səni qoyub getməklə çox pis iş görmüşdük. Səni yadlar çox incidiblər. Gec qayıtdıqsa, bağışla bizi, Əziz Şuşa, bir də səni qoyub, heç yerə getməyəcəyik!

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Vətən-Müharibəsi   44-Gün  





Xəbər lenti