3 dostun silahla verdiyi mesaj: “Eternity” təlimləri nə üçün önəmlidir – Ədalət Verdiyevin yazısı
Türkiyə və Gürcüstanla hərtərəfli münasibətləri yüksək səviyyədə qurmağı bacaran Azərbaycan qonşuları ilə təhlükəsizlik məsələlərində tərəfdaşlığın möhkəmlənməsində, eləcə də Qafqazda sabitliyin və iqtisadi dayanıqlılığın təmin olunması üçün birgə fəaliyyətlərin həyata keçirilməsində daim maraqlı olub.
44 günlük Müharibədə işğalçı ölkənin darmadağın edilməsi fonunda keçirilən “Eternity-2021” təlimləri xüsusi əhəmiyyət daşıyır. Ermənistanın davamlı olaraq bölgədəki layihələrə təhdidlər törətdiyindən, infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunması üçün tərəfdaş ölkələrin birgə fəaliyyətinin zəruriliyini ön plana çıxarır.
Tarixən Ermənistan bölgədən kənardakı ölkələrin əlində “təhdid maşası” rolunu oynayıb. Əsrlər boyu Türkiyəyə qarşı torpaq iddiaları irəli sürən, Azərbaycan ərazisini 20 faizini 20 il işğalda saxlayan, Gürcüstanın Samtsxe Cavahetiya bölgəsinin adını dəyişdərərək, özünə aid bölgə kimi qələmə verən Ermənistan son illərdə Abxaziyadakı ermənilər vasitəsilə ev sahibi kimi Rusiyaya qarşı bəyanatlar səsləndirir. Həmin ermənilərin “Baqration” taborunun Gürcüstana qarşı döyüş əməliyyatlarında iştirakını da Tiflis unutmayıb.
Regionda qeyri-sabitliyin mənbəyi rolunu oynayan Ermənistan hazırkı məğlub durumunda belə ərazi iddialarından əl çəkmək niyyətində deyil. Belə olan vəziyyətdə Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimlərdə vahid platformada əməkdaşlıq etməsi azsaylı alternativlərdən biri kimi dəyərləndirilə bilər. Ermənistan bu platformada iştirak edən Azərbaycan və Türkiyənin munasibətlərinə təsir etmək imkanlarına malik deyil, lakin Gürcüstanın Azərbaycanla münasibətlərinin pozulması üçün səylərini əsirgəmir. Ermənistanın bu məqsədlə istifadə edəcəyi yeganə mexanizm terror qruplaşmalarıdır.
Bu məsələlər təlim iştirakçısı olan hər 3 ölkəyə gün kimi aydındır. “Eternity” təlimləri beynəlxalq əhəmiyyətli layihələrə qarşı baş verə biləcək terror təhdidlərinə qarşı birgə mübarizə aparmaqla, onların əlaqəli şəkildə aradan qaldırılmasına imkan verəcək.
Təlimlərin tarixi
“Eternity” birgə təlimlərinin keçirilməsi barədə ilk məlumat 2014-cü ilə aiddir. 2014 və 2015-ci ildə təlimlər Türkiyədə baş tutub. “Eternity-2017” təlimi Gürcüstanda, “Eternity-2018” təlimi Türkiyədə, “Eternity-2020” təlimi Azərbaycanda keçirilib.
Təlimlərin ssenarisi
2019-cu ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilmişdi. Bu təlimlər hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynamışdı.
2 il əvvəl keçirilən təlimin ssenarisinə əsasən, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər icra olunmuşdu.
Yerinə yetirilən tapşırıqlar müttəfiq ölkələrin bu istiqamət üzrə ixtisaslaşmış taborlarının qərargahlarını sözügedən infrastrukturların təhlükəsizliyini təhdid edən istənilən hərəkətə, onların fəaliyyətinə xələl gətirə biləcək hər hansı müdaxiləyə operativ şəkildə reksiya vermək və təhdidlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək üçün imkanlarını genişləndirmək niyyətindədir. Sonradan “Eternity-2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları meydan şəraitində də icra etdilər. Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri təlimdə beynəlxalq neft-qaz boru kəmərləri və dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətləri praktiki olaraq ərazidə yerinə yetirdilər.
Adı çəkilən beynəlxalq layihələrə qarşı terror fəaliyyətlərinin qaynağı ola biləcək ölkənin adını çəkməsək də, eyni ölkənin “Keşikçidağ insidenti”nin baş memarı olduğu kimsəyə sirr deyil. “Eternity-2019” təlimlərinin məhz “Keşikçidağ insidenti”nin baş verməsindən az müddət sonra keçirilməsi, həm Ermənistana, həm də onun havadarlarına Azərbaycan-Gürcüstan münasibətlərinin real səviyyəsini nümayiş etdirdi. Gürcüstan ilə Azərbaycanın münasibətlərinin “Keşikçidağ” məsələsinə görə birdəfəlik pozulmasını tirajlayan erməni KİV-ləri “Eternity-2019” təlimlərində Gürcüstanın yaxından iştirak etməsindən sonra ölü sükuta qərq olmuşdular.
Nəticə
“Eternity-2021” təlimləri üç qonşu ölkə arasındakı qarşılıqlı münasibətlərin və regional əməkdaşlığının indikatoru kimi də dəyərləndilməlidir. Ermənistanın Cənubi Qafqaz regionunda baş verən siyasi-iqtisadi-hərbi proseslərdən tam təcrid edilərək, “dalana” dirənməsi faktdır. Bu, Ermənistanın təlimlərdə iştirak edən hər 3 qonşusuna qarşı ərazi iddiaları ilə çıxış etməsilə birbaşa əlaqəlidir. Başqa sözlə desək, “Eternity-2019” təlimlərin keçirilməsini şərtləndirən əsas amil məhz Ermənistanın ərazi iddiaları və törətdiyi terror təhlükəsiilə birbaşa əlaqəlidir.
“Eternity” təlimləri 3 qonşu ölkənin birgə iqtisadi layihələrini hədəfə götürən Ermənistan təhdidlərinə qarşı koordinasiyalı fəliyyətləri nəzərdə tutan vacib platformalardan biridir. Bu təlimlərin regionda tam sabitliyin və təhlükəsizliyin təmin olunmasına qədər, bundan sonra da hər il bir dəfə keçiriləcəyi gözlənilir.
Ədalət Verdiyev, hərbi ekspert
Azvision.az
Teqlər: Hərbi-Təlim Azərbaycan Türkiyə Gürcüstan Eternity-2021