Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL

      Əhalinin gəlirləri artırılmalıdır:    İmkan da var, zərurət də -    TƏHLİL
  07 Oktyabr 2021    Oxunub:2474
Dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı bir nömrəli vəzifəyə çevririr. Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb.
2019-cu il bu baxımdan xüsusilə seçildi və sözün həqiqi mənasında analoqu olmayan il kimi tarixə düşdü. Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili olaraq yadda qaldı. Xatırladım ki, mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi. Nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata qalxdı. Birinci göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.

Paralel olaraq, bütün müavinətlər də yüksəldilməklə yeni müavinət növlərinin tətbiqinə başlandı. Dövlət büdcəsindən maliyyələşən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin aylıq əməkhaqları artırıldı.

Sözün qısası, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqı göstəricisi illik 16,6 faizlik artım tempilə ilk dəfə olaraq rekord səviyyə əldə etdi. Bu proses keçən il də davam edəcəkdi, ancaq əfsuslar olsun ki, pandemiya şəraiti buna imkan vermədi. Və hökumətin artımı davam etdirmək üçün nəzərdə tutduğu vəsaitlər kompensasiya tədbirlərinə getdi. Cari ildə də heç bir artım həyata keçirilməyib. Çünki əvvəla, iqtisadiyyat tənəzzüldən may ayından etibarən qurtuldu, ikincisi də, bu il üçün vəziyyət, ümumiyyətlə, bir sıra konturlar təxmini olaraq proqnozlaşdırılmışdı. O səbəbdən ki, qeyri-müəyyənlik davam edirdi və ilin başa çatmasına cəmi 3 ay qalsa da, sular hələ də tam durulmayıb.

Bununla belə, gələn il üçün əhalinin sosial müdafiəsini gücləndirmək və gəlirlərini artırmaq istiqamətində hər halda müəyyən addımlar atmaq fövqəladə vacib hadisə sayılır. Və hökumətin də buna gedəcəyi aydın sezilir. Buna şərait və imkan da var. Belə ki, həm cari ilin dövlət büdcəsinin icrası ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır. Yəni, indiyədək olduğu kimi. Yuxarıda misal gətirdim ki, 2019-cu il əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan xüsusilə seçildi və sözün həqiqi mənasında, analoqu olmayan il kimi tarixə düşdü. Çünki həmin ildə ölkədə sayca 300-ə yaxın vergi dəyişiklikləri işə düşdü, büdcəyə yığım proseduru və mexanizmi dəyişdirildi, iqtisadiyyatda, xüsusən onun real sektorunda şəffaflaşma prosesi yeni xüsusiyyət kəsb etdi və buna bir növ yeni tərzdə start verildi, idarəetmədə böyük struktur və kadr islahatları həyata keçirildi. Nəticədə sosial istiqamətdə xərclər artmaqla yanaşı, ilin yekununa dövlət büdcəsinə vergi və gömrük xəttilə planlaşdırılandan 1 milyard manat əlavə vəsait daxil oldu.

Büdcə xərclərinin artmasına paralel olaraq gəlirlərliyin bu cür genişlənməsi Azərbaycanda dövlət büdcəsi siyasətində qeyri-adi bir hadisə idi. Yeri gəlmişkən, bu proses keçən il də davam etdi. Pandemiya şəraitinə baxmayaraq... Bu il də müşahidə edilməkdədir. Demək, sosial xərcləri maliyyələşdirmək üçün əlavə imkan var. Ümumiyyətlə, büdcəyə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbədir.

Demək istədiyim budur ki, islahatların dərinləşməsi və bir az da genişlənməsi vacibdir. Ona görə ki, əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik xüsusən yüksək səviyyədə təşkil etməli, hər iki amil keyfiyyətli dinamika üzrə inkişaf nümayiş etdirməlidir.

Yeri gəlmişkən, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda qeyd edilib ki, 2022-2025-ci illər ərzində dövlət büdcəsinin xərcləri dövlətin əsas funksiyalarını, yəni müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərcləri maliyyələşdirməyə, eləcə də iqtisadi artımın davamlılığını təmin etməyə yönəldiləcək. Üstəlik, qeyd olunur ki, orta perespektivdə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər sırasında əmək haqlarının artırılması əmək məhsuldarlığı ilə uzlaşdırmaqla həyata keçiriləcək.

Sözsüz, qarşıya qoyulan məqsəd və hədəf elədir ki, ona çatmaq üçün büdcəyə proqnozlaşdırılan gəlirlər, o cümlədən, qeyri-neft sektorundan vergilər artıqlaması ilə təmin edilməli və iqtisadi yüksəliş dayanıqlı xüsusiyyət kəsb etməlidir. Buna isə iqtisadiyyatda şəffaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühitini təşkil etmədən nail olmaq əsla mümkün deyil. Bu məsələlərin həlli isə islahatları davam etdirməkdən keçir. Başqa sözlə desəm, büdcə və vergi siyasəti durmadan təkmilləşdirilməklə, struktur islahatları, kadir dəyişiklikləri və digər tədbirlər kölgə iqtisadiyyatını minimum səviyyəyə endirməlidir.


Pərviz Heydərov
Azvision.az üçün
Müəllifin əvvəlki yazıları:

İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Sosial-müdafiə   Sosial-siyasət  





Xəbər lenti