“İslam dövləti”!? Güldürməyin... – Ədalət Verdiyevin yazısı

   “İslam dövləti”!? Güldürməyin... –    Ədalət Verdiyevin yazısı
  08 Oktyabr 2021    Oxunub:4513
Azərbycanla İslam dininin eyni təriqətinə ibadət etməsinə baxmayaraq, 30 illik işğal dövründə qəsbkar Ermənistana qarşı bir kəlmə işlətməyən İranın hakimiyyət və din nümayəndələri səsləndirdikləri bəyanatlar, atdıqları addımlarla Bakı ilə münasibətləri gərginləşdirməkdə davam edirlər. Bəyanatların əsas motivi Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi kimi absurd ehtimal üzərində qurulub. Halbuki, Azərbaycan belə bir addıma imkan verilməyəcəyini dəfələrlə ən yüksək tribunadan bəyan edib.
Patoloji erməni sevgisi

Azərbaycan ərazisindən Tehrana qarşı digər ölkələr tərəfindən istifadə edilməsinə dair İran rəsmilərinin səsləndirdikləri iddialar boş söz yığınından başqa bir şey deyil, çünki bunu isbat edəcək xırda bir detal, material və ya vizual görüntü mövcud deyil. İranın isə qəsbkar Ermənistan ilə bərabər, seperatçı rejimlə də günü bu gün də yaxın əlaqədədir. Tehranın Azərbaycanı İsrail ilə əməkdaşlıqda günahlandırmağa heç bir əsası yoxdur, çünki hansı ölkə ilə əməkdaşlıq etmək Azərbaycanın daxili işidir.

Azərbaycan İranın işğalçı və seperatçı rejimlərlə məhrəm əlaqələrini bəyənməsə də, buna görə Tehranı rəsmi səviyyədə heç bir zaman qınamayıb. İkincisi isə İsrail Ermənistan kimi işğalçı dövlət deyil və o, nə İranın, nə də digər dövlətlərin ərazilərini qəsb etməyib. Üçüncüsü, Ermənistandan fərqli olaraq, İsrailə qarşı BMT-nin işğal fəaliyyətini təsdiqləyən heç bir qətaməsi qəbul edilməyib. Dördüncüsü, Müharibə dövründə erməni raketləri ilə Gəncə şəhəri və “İmamzadə” dini kompleksi atəşə tutulandan bir neçə saat sonra həmin əraziyə çataraq mülki insanların və obyektlərin məhv edilməsini pisləyən İran səfiri deyil, məhz İsrail səfiri idi. İran isə nə Gəncə qətliamı, nə Xocalı, nə də digər soyqırımlar barədə Ermənistanın ünvanına kəlmə belə işlətməyib! Belə olan halda kim İranı islam dövləti hesab edirsə, onu həkimə aparmaq vacibdir.
AzVision: "Nədi ayə, yenə üsyanları iranlıların?!" - VİDEO

Azərbaycan İrandan fərqli olaraq, heç zaman hansısa seperatçı və işğalçı rejimlərlə əməkdaşlıq etməyib, etmir və etməyəcək. Azərbaycan və İsrail heç bir seperatçı və işğalçı rejimə, qonşu dövlətlərə qarşı fəaliyyət üçün texniki və maddi dəstək verməyib, vermir və verməyəcək. İran və Ermənistan tərəfi son iki cümləni rəsmi səviyyədə səsləndirə bilərlərmi? Səsləndirə bilərlərsə, buyursunlar.

İranın terroru dəstəkləyən dövlətlər siyahısına aid edilməsini birbaşa Ermənistanla əməkdaşlıq əlaqələri ilə bağlamaq istəməzdim, amma müxtəlif dövrlərdə Ermənistanda 13 müxtəlif terror təşkilatının nümayəndələrinin fəaliyyət göstərməsi barəbə məlumatlar bu iki ölkənin ortaq nöqtələrinin olduğunu nümayiş etdirir.

Eşitdiyimi yox, gördüyümü deyirəm

İranın 30 illik işğal dövründə Ermənistana hərtərəfli dəstək verməsini mən mətbuatdan oxumamışam. Bunun canlı şahidlərindən biriyəm. 1992-ci ilin yay aylarında yeni yaranan Azərbaycan Ordusunun Ağdərə-Kəlbəcər istiqmətində hücumları Laçın dəhlizinin 3 günlüyə nəzarətimizə keçməsi ilə nəticələndi. Həmin dövrdə azad edilən erməni mövqelərində İranda istehsal edilən atıcı silah və minaatan sursatlarına, ərzaq məhsullarına, tibbi pereparatlara və sarğı materialarına rast gəlirdik. Qənimət kimi götürüb istifadə də etmişik. Qarabağa və Ermənistana yanacaq-sürtgü materiallarının İrandan daşınması isə son günlərə qədər davam edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da “İran Ermənistan üçün nəfəslikdir” cümləsi ilə təsdiqləyib. İran Ermənistan ordusunun tanklarını yanacaqla, silahlarını isə sursatla təmin etməklə islam dininin nəinki daşıyıcısı funksiyasını yerinə yetirə bilmir, əksinə, islam dövlətlərinin birlik və həmrəyliyinə ciddi ziyan vurur.

Maraqlısı budur ki, 1992-ci ilin may ayının 7-də İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəsdən cəmi 1 gün sonra Şuşa şəhəri işğal olundu. 25000 nəfərdən ibarət Şuşa əhalisi doğma yurdundan didərgin düşdü, 193 nəfər sakin və hərbçimiz şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşa talan edildi, tarixi-mədəniyyət abidələrimiz düşmən tərəfindən dağıdıldı. Bu proseslərdə Azərbaycan xalqı İranın Ermənistanı qınayacaq bir bəyanatını gözləsə də, tam əks mənzərə ilə qarşılaşdıq. İran ilə Ermənistanın münasibətləri daha da inkişaf etdi, ikitərəfli görüşlər intensivləşdi. İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşən evlərimiz, muzeylərimiz, kitabxanalarımız, səhiyyə müəssislərimiz İran vətəndaşları tərəfindən sökülüb, Arazın o tayına daşındı. Yaşayış və qeyri-yaşayış fonduna aid bütün tikililərin damını da, daşını da söküb, İrana apardılar. Dəhşətlisi odur ki, bu proseslər İran dövlətinin gözü qarşısında, bəlkə də onun xeyir-duası ilə baş verirdi. Dinin daşıyıcısı adına iddia edən İranın bu talan proseslərindən sonra qəsbkar Ermənistanla daha da yaxınlaşması, qarşılıqlı iqtisadi əlaqələrini genişləndirməsi, birgə layihələr həyata keçirməsi və proseslərin bu günə qədər eyni tempdə davam etməsi Azərbaycan xalqında dərin təəssüf hissi doğurur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 4-də Tehrana səfər etməsi və iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşməsi də işğalçı ölkəyə verilən dəstəyin bariz nümunəsidir.

İran dövlətinin Azərbaycana qarşı absurd iddialarla çıxış edən Amili kimi qondarma dindarların fəaliyyətinə münasibət bildirməməsi isə bu ölkənin xarici siyasət xəttində əyalət mollalarının az rol oynamadığını sübut edir. Yaxın Şərqdə sünni-şiə məsələsini qabartmaqla islam dünyasına ən böyük ziyanı da məhz Amili kimi siyasiləşmiş “dindarlar” vurur.

Özünü şiə təriqətinin daşıyıcısı kimi təqdim edən İranın din xadimləri 40 milyona yaxın türk vətəndaşlarının maraqlarını gözardı edir. Ermənilərə birmənalı dəstək verməsi isə molla rejiminin gerçək mahiyyətini din pərdəsi altında maskalamaqdan başqa bir şey deyil.

Hərbi tragikomediya

İranın Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlər müzakirə edilməyəcək qədər ucuz və faciəli komediyadır. Bu təlimlərə cəlb edilən texnikaların əksəriyyəti 60-cı illətdə hazırlanan və 70-ci illərədə uğursuz istifadə edilən yüngül zirehli “BMP-1” maşınlarından ibarət idi. Onlardan artıq İran və Ermənistandan başqa heç kim istifadə etmir. İran aviasiyasının havaya qalxması həmin aerodrom və ərtaf ərazi üçün təhlükə vəd edir. Mülki təyyarə ilə hərbi təyyarəni ayırd edə bilməyən, hərdən isə öz texnikalarını səhvən vuran İran ordusunun hərbi təlimlərdə şəxsi heyəti traktorun çalovunda daşıması yalnız komediya filminin süjet xətti ola bilər. Təlimlərdə yüzlərlə iranlı hərbçinin Azərbaycan Bayrağı ilə şəkil çəkdirməsi və ya bizə “Bozqurd salamı” göndərməsi isə İran ordusunda Azərbaycan sevgisinin real göstəricisidir.

Başqa sözlə düsək, İranın güya Azərbaycan ilə sərhədlərində İsrailin iştirakına etiraz olaraq Araz boyunca təlimlər keçirməsi Azərbaycana qarşı heç bir təsir gücünə malik deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 5-də İranla sərhəddə açılan yeni hərbi hissədə 72 ədəd zərbə tipli “Harop” PUA-sının biri ilə şəkil çəkdirməsi də sübut edir. Həmin hərbi hissədə “Quzgun” PUA-ları, yerli minaatanlar və başqa zirehli texnikalar nümayiş etdirildi.

Hanı “İslam həmrəyliyi?”

Azərbaycanın İranla sərhəd zonasında İsrailin iştirakına dair İranın heç bir sübutu yoxdur, çünki bu, əsassız iddiadır. İran ərazisindən isə həm Ermənistana silah göndərilməsini, həm də İranın İsraillə sərhədlərə malik Suriya ərazisində qoşun saxlamasını təsdiqləyən vizual faktlar internetdə kifayət qədərdir. Ermənistan Azərbaycan ərazilərini işğal edərkən İran sərhədlərinə yaxınlaşanda və 30 il bu məntəqələri işğal altında saxlayanda nədənsə Tehranın bu ərazilərdə təlim keçmək heç yadına düşmürdü. Deməli, bu təlimlər birmənalı olaraq Ermənistan üzərində Qələbə çalan Azərbaycana qarşıdır. Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edərək viran qoyan, məscidləri təhqir edən Ermənistana bir dəfə də olsun “dur” deməyib. Bir islam dövləti kimi İran digər din qardaşının tarixi ərazilərini azad etməsindən məmnun deyilsə, müharibədə işğalçıya silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınmasını həyata keçirirsə, müharibədən sonrada ərazisimdən işğalçıya qaçaqmalçılıq yolu ilə yanacaq daşınmasına göz yumursa, məscidləri və ziyarətgahları təhqir edən qəsbkar ölkə ilə əməkdaşlıq edirsə, deməli, İranın islam ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Cibuti qədər müsəlman ola bilməyən İran

Ərazilərimiz işğal altında olanda çox sayda müsəlman və qeyri-müsəlman ölkələr Azərbaycana dəstək verib. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə işğalçı Ermənistanla diplomatik əlaqələr qurmadı. Müsəlman aləmində İrandan başqa heç bir ölkə sırf ermənipərəst siyasət yürütməyib və yürütmür. İran isə Azərbaycan əleyhinə fəaliyyətlərini aşkar şəkildə nümayiş etdirməkdədir.
İran dünyada yeganə dövlətdir ki, həm Qərb, həm də Şərq ölkələrinə düşmən münasibət bəsləyir. Rəsmi səviyyədə İranın səsləndirdiyi bəyanatlar real fəaliyyətləri ilə tam tərs mütənasibdir. Buna görə də Ermənistandan başqa kimsə İranla münasibət qurmaq istəmir. Şərqdə gözəl bir atalar sözü geniş yayılıb: “Dostunu göstər, sənə kim olduğunu deyim”.

Nəticə

İran İsrailə qarşı islam dövlətlərinin vahid cəbhəsini yaratmağa nail ola bilmir. Əksinə, qonşuları, o cümlədən, Azərbaycan ilə münasibətlərdə yalnışlara yol verməklə rəqiblərinin imkanlarını genişləndirir. Azərbaycan ilə Naxçıvan arasında hərbi daşınmalarına mane olması Azərbaycanı adekvat addımlar atmağa vadar etdi.
İran indiki vəziyyətində nə Azərbaycanla, nə də İsraillə açıq qarşıdurmaya gedəcək imkana malik deyil. Azərbaycanın maraqları naminə Türkiyə və Pakistanın istənilən addımları atmağa hazır olduğunu da vuğulamaq yerinə düşər. Hazırda İran qonşuları və bir çox ərəb ölkələri ilə gərgin münasibətlərə malikdir. Din pərdəsi altında təriqətçilik və riyakarlıq toxumları səpən İran Yaxın Şərqdə çoxdan təhdid və narkotik mənbəyidir.
İraqla müharibədə 1 milyona qədər itki verən İran ordusu bir dəfə də olsun rəqibləri üzərində hərbi nailiyyət əldə edə bilməyib. Dünyanın 60 il əvvəl mənimsədiyi texnologiyalar İran üçün hələ də əlçatmazdır. Gah Ermənistan PUA-sını, gah da Ukraynanın mülki təyyarəsini tanımayaraq məhv edən İran ordusunun Azərbaycanla sərhəddə qoşun cəmləşdirməsi sadəcə daxili audiotoriyaya ünvnlanan komik şoudur. Vuran oğul dayısından soruşmur.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər:   İran  





Xəbər lenti