İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır |
- Aydındır ki, nəqliyyat koridorlarının yaranması haqqında ümumi diskussiyalardan konkret işə keçmək lazımdır, yəni nəqliyyat dəhlizinin xəritələr üzrə necə yoxlanılmasını tam razılaşdırmaq, ondan sonra yerli rabitəni həyata keçirmək, bu yollara kimin maliyyə ayıracağı, onları kimin inşa edəcəyi, fəhlələrin haradan gətiriləcəyi, podratçı təşkilatların haradan gələcəyi, inşaatın inzibati işlərinin necə görüləcəyi, həmin nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin necə qorunacağı və gələcəkdə necə fəaliyyət göstərəcəyi məsələlərini həll etmək lazımdır. Bütün bu məsələlər maksimum qısa vaxtda dəqiqləşdirilməlidir və Rusiya istəyir ki, Ermənistan bu məsələdə daha konstruktiv mövqe tutsun.
Rusiya Erməninsanın təxminən dörddə bir əsr boyunca nəzarətdə saxladığı, ancaq İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın azad etdiyi rayonlarda sərhədlərin demarkasiyası və delimitasiyasının aparılmasında tərəflərə kömək etmək istəyir. Demarkasiya və delimitasiya məsələsi mürəkkəbdir. Ermənistanla Azərbaycanın münasibətləri çox pisdir, kompromisə gəlməkdənsə, bir-birinə inamsızlıq getdikcə artır. Hər iki tərəfin öz maraqlarını müdafiə etməsi tərəfdaşlıq münasibətlərinə ziyan vurur. Sərhədlərin demarkasiyası və delimitasiyası çətin prosesdir, Ermənistan və Azərbaycanın bu işdə təcrübəsi yoxdur. Rusiya bir çox digər ölkələrin təcrübəsini, digər sərhədlərlə bağlı təcrübəni, onların demarkasiya və delimitasiyasını gətirə bilər və problemi savadlı şəkildə həll etmək imkanlarına malikdir.
Demarkasiya və delimitasiya zamanı bir qayda olaraq son dərəcə mühüm xarakterli bir neçə yüz xırda texniki problem ortaya çıxır. Misal üçün, yeni sərhəd xətti yaşayış məntəqəsini kənd təsərrüfatı sahələrindən, yaxud enerji mənbələrindən və digər həyati vacib infrastruktur obyektlərindən ayıra bilər. Rusiya bu məsələdə böyük təcrübə toplayıb, odur ki, çox mürəkkəb demarkasiya və delimitasiya probleminin həllində Azərbaycana və Ermənistana kömək edə bilər.
- Prezident İlham Əliyev altı ölkədən – Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İrandan ibarət platformanın yaradılması ideyasını irəli sürmüşdü. Türkiyə tərəfi bu təşəbbüsə dəstək verdi. Rusiya da “3+3” formatını dəstəklədi və İran XİN başçısı ilə görüşündə Lavrov bunu ifadə etdi. Bu ideyanın reallaşmasıyla bağlı hansı gözləntiləriniz var? Tərəflər hansı mühüm məsələləri müzakirə və həll etməlidirlər?
- “3+3” formatı ilə bağlı üç ölkə - Rusiya, Türkiyə və Azərbaycan arasında tam razılıq var. Digər ölkələr hələlik bir qədər skeptik yanaşırlar, ancaq fərqli formada. Amerikapərəst hökümətin olduğu Gürcüstan hələ ki prosesdə tam iştirak etmək istəmir. Ona görə də, əgər Gürcüstan hələlik imtina edirsə, ehtiyat “3+2+1” formatını tətbiq etməyə qərar verilib. Ümid olunur ki, Amerikanın Gürcüstana təzyiqi zəifləyəcək və Gürcüstan da birləşəcək.
İran nəzəri olaraq bu formata qoşulmağa hazır idi, ancaq İkinci Qarabağ müharibəsindən sonra İsrail və Türkiyənin Cənubi Qafqaza təsirinin artmasından narazıdır. O, Cənubi Qafqaz ərazisində İsrail və Türkiyə bazlarını görmək istəmir, bunu öz təhlükəsizliyinə təhdid sayır.
Ermənistana gəldikdə, o, Gürcüstan kimi imtina eləmir, ancaq bu formatda iştiraka qərar verməyib, çünki “3+3” formatında Türkiyə və Azərbaycanın faktiki liderliyindən, Ermənistanın maraqlarına nəinki hörmət olunmayacağından, hətta aşağılanacağından və gözardı ediləcəyindən qorxur. Ermənistanın “3+3” formatında iştirak etməsi üçün bu əndişələr aradan qalxmalıdır. Rusiyanın bu çətinlikləri aşmaq iradəsi var və nəticə etibarilə bu layihəni reallaşdırmağı bacaracaq.
- Yaxın Şərqə bir çox terror təşkilatlarını maliyyələşdirən İranın Azərbaycanda "terrorçu" axtarması nədən xəbər verir?
- İran regionda bir tərəfdə çox güclü və zəngin sünni monarxiya dövləti olan Səudiyyə Ərəbistanı ilə, digər tərəfdə böyük hərbi qüdrətə malik demokratik sünni dövləti Türkiyə ilə, üçüncü tərəfdə sionist hesab etdiyi güclü İsrail ilə amansız mübarizə aparır. Bundan başqa, nəhəng fövqəldövlət, Yaxın Şərqdə çox güclü təsirə malik ABŞ ilə də çəkişir. Odur ki, bu ölkələrlə müharibəyə daim hazırdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın Türkiyənin və İsrailin hərbi texnikasından fəal istifadə etdiyini görən İran belə bir nəticə çıxardı ki, həm Türkiyə, həm də İsrail Azərbaycanın müttəfiqləridir. İran Türkiyənin və ya İsrailin Azərbaycan ərzisində hərbi bazalar yaratmasından, onlardan İran əleyhinə istifadə olunacağından, ABŞ-ın İsrail bazasından onu vuracağından ehtiyat edir. İran ABŞ ilə müharibə ehtimalını son dərəcə real hesab edir.
Türkiyə ilə qarşıdurma İran üçün bir çox hallarda hibrid müharibə xarakteri daşıyır. Elə ABŞ və İsrail ilə də. Tərəflər hamısı qarşı tərəfin terror təşkilatı saydığı bu və ya digər radikal qruplaşmalardan istifadə edir. Hibrid müharibələr Yaxın Şərq üçün normadır. Azərbaycanın İran, Türkiyə, Səudiyyə Ərtəbistanı, İsrail, ABŞ kələfində belə bir hibrid müharibəyə cəlb olunması çox təhlükəlidir.
- Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində nə edir?
- Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını fəal surətdə dəstəkləyir və məhz nəqliyyat dəhlizlərinin ilitərəfli Sülh sazişinə salınmasının təşəbbüsçüsü olub. Rusiya hesab edir ki, bu nəqliyyat kommunikasiyaları dünyamızı daha sabit edəcək, çünki onların vasitəsilə Cənubi Qafqaz ölkələri ilə Cənubi Qafqaz ətrafı ölkələr arasında iqtisadi əməkdaşlıq həyata keçiriləcək və onlar iqtisadi cəhətdən bir-birinə daha çox bağlanacaqlar.
Bundan başqa, Zəngəzur dəhlizindən keçən nəqliyyat kommunikasiyaları Azərbaycanı və Ermənistanı Rusiya və Türkiyə ilə birləşdirəcək. Bu o deməkdir ki, Rusiya ilə Türkiyə arasında ucuz başa gələn yol ticarəti həyata keçiriləcək. Hətta Rusiya vətəndaşlarının dəmiryolu vasitəsilə Türkiyəyə gedə biləcəkləri barədə fərziyyələr də mövcuddur. Əksəriyyət hava nəqliyyatından istifadə etsə də, təyyarəyə minməkdən qorxan adamlar da var. Səhhətinə görə avia-nəqliyyatdan istifadə etmələri məsləhət bilinməyən insanlar var. Ancaq ən başlıcası odur ki, Rusiya ilə Türkiyə arasında Zəngəzur dəhlizi vasitəsilə reallaşan ticarət getdikcə xeyli arta bilər.
Samir Vəliyev
Nadir Qocabəyli
Azvision.az