Bizimdir, bizim olacaq, gözəl olacaq!

  Bizimdir, bizim olacaq, gözəl olacaq!
  26 Oktyabr 2021    Oxunub:945
Vətənin hər bir qarşı qiymətli olduğundan, ərazilərimizin hər addımı işğaldan azad edildikcə fərəh hissimiz də, qürurumuz da artırdı. Bununla belə, elə yerlər var ki, onların azad olunması strateji baxımdan bizim sonrakı uğurlarımızın və geostrateji üstünlüklərimizin şərtləndirilməsində xüsusi əhəmiyyət daşıyıb, daşıyır və gələcəkdə də daşıyacaq.
Ötən il oktyabrın 25-də düşmən tapdağından azad edilən Qubadlı şəhəri məhz belə əhəmiyyətə malikdir. Ona görə də Qubadlının azad olunması Vətən müharibəsi tarixində ən parlaq səhifələrdən biridir. Çünki Qubadlının azad edilməsi Laçın istiqamətində yolumuzu açdı və bunun nəticəsində bir neçə gündən sonra Laçının cənub kəndlərinin də düşmən tapdağından qurtulmasını sürətləndirdi. Ən nəhayəti isə, Laçın dəhlizinin Silahlı Qüvvələrimizin nəzarətinə götürülməsi müharibənin taleyinin ümumilikdə həllini şərtləndirdi. Şuşa və digər yaşayış məntəqələrimiz uğrunda şiddətli döyüşlər hələ qabaqda olsa da, artıq bütün dünya ilə bərabər, düşmən də, onun havadarları da Azərbaycanın hərb maşınının qarşısında dayanmağın mümkünsüzlüyünü dərk etdi. Bu artıq Azərbaycanın mədəniyyət incisi olan Şuşanın tezliklə azqad olunacağının bir növ anonsu idi. Şuşanın azad edilməsi isə düşmənin kapitulyasiyasını şərtləndirdi.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev bu qələbələrin müəlliflərinin məhz igidlik nümunələri göstərən hərbçilərimizin olduğunu dəfələrlə vurğulayıb. Belə cəsur və istedadlı hərbçilərimizdən biri də hələ Aprel döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülmüş və doğma Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olan polkovnik Şükür Həmidovdur. Qubadlının azad olunmasının ilk ildönümü günü buraya səfərə gələn Azərbaycan Prezidenti rayon ictimaiiyəti ilə görüşdə Şükür Həmidovun həlak olmasının hamımızın ürəyini ağrıtdığını və bununla hamımızın böyük itki verdiyimizi vurğuladı.


Amma hamımız, xüsusilə də gənclərimiz üçün həyat və şücaət nümunəsi olan igidlərimizin xatirəsinin dövlət tərəfindən əbədiləşdirilməsi onların qəlblərdə daim yaşamasını təmin edir. Düşmən işğalından azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Əslində bu proses artıq başlayıb.

Amma bu ərazilərdə aparılacaq dinc quruculuq işləri çərçivəsində xeyli işlər görülməlidir. Çünki düşmən Qubadlı şəhərini demək olar ki, yerlə-yeksan edib. Ona görə də, Qubadlı rayonunun bütün kəndlərinin, o cümlədən Qubadlı şəhərini yenidən qurulması qərarı verilib. Yaxın vaxtlarda hazırl olacaq Qubadlı şəhərinin Baş planı o cümlədən Qubadlı ictimaiyyətinə də təqdim ediləcək. Bu Baş plan ən müasir normalara uyğun olmaqla yanaşı, memarlıq sahəsində Qubadlının təbiəti və tarixi keçmişini də nəzərə alacaq. Eyni zamanda, dünən Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı aparılan əməli-praktiki işlər çərçivəsində yeni elektrik yarımstanisyası işə salındı. Yeri gəlmişkən, bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. İşğaldan azad edilmiş ərazilərin 80 faizi isə artıq Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Çünki həyata keçirilən infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Bir kiçik müqayisə aparaq. Sovetlər dönəmində Qubadlı rayonunda elektrik enerjisinin ümumi istehlakı 12 meqavat olduğu halda, istifadəyə verilən yeni yarımstansiyanın gücü 40 meqavata hesablanıb və lazım gələrsə, bu göstərici iki dəfə artırıla bilər. Çünki sovetlər vaxtında təxminən 28 min əhalisi olan Qubadlı rayonunda bu göstəricinin indi 40 minə çatdığı nəzərə alınır.
Sözsüz ki, ərazilərin abadalaşdırılması və inkişafı kontekstində yol infrastrukturunun yalnız bərpası yox, həm də onun ən müasir standartlara uyğun şəkildə inşası əsas vəzifələrdən biridir.
Bu baxımdan, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı avtomobil yolunun çəkilişi böyük əhəmiyyət daşıyır.


Hazırda Zəngilandan Qubadlıya və Laçına dördzolaqlı yol çəkilir. Gələn il Zəngilan hava limanı istifadəyə veriləcək ki, Qubadlı rayonunun sakinləri də bundan istifadə edəcəklər. Bununla yanaşı, Qubadlı rayonunun ayrıca iqtisadi inkişaf planı hazırlanıb, infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək.

Böyük potensiala, zəngin təbiətə, təbii sərvətlərə malik Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın böyük sərvəti kimi qiymətləndirilir. İşğal dövründə Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. İndi biz böyük həyat resursu olan bu çayları da düşmən əsarətindən xilas etmişik.
İndi əsas məsələ düzgün planlaşdırma aparmaq, iqtisadi inkişafın təminatı üçün bura yerli və xarici investorları cəlb etməkdir ki, bunun da da operativ şəkildə həyata keçiriləcəyi heç bir şübhə doğurmur.

Amma dahilər demişkən, torpağı qorumadınsa onu əkib-becərməyə dəyməz. Bu müstəvidə Silahlı Qüvvəlrəimizin Ali Baş Komnadanı İlham Əliyevin strateji düşüncəsi Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin yaradılmasında öz təsdiqini tapdı.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən açılış mərasimində kompleksin döyüş texnikası parkında olan helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri nümayiş etdirildi.

Beləliklə, Azərbaycan sərhədlərinin etibarlı şəkildə qorunduğu bir daha sübut olundu. Sərhədlərimizin və ərazilərimizin etibarlı müdafiəsi isə ölkəmizin, işğaldan azad edilmiş torpaqlarımızın, o cümlədən də Qubadlı rayonunun inkişafını şərtləndirən əsas amillərdən biridir.

Sahil İsgəndərov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.7. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış


Teqlər: Prezident   Qubadlı  





Xəbər lenti