FHN daha bir qanun pozuntusunun qarşısını alıb

FHN daha bir qanun pozuntusunun qarşısını alıb
  02 Noyabr 2021    Oxunub:1063
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən AzVision.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhərində yerləşən “Göyçay Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;

- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz olunmayıb;

- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və daxili yanğın su kranları quraşdırılmayıb;

- yanğın su hovuzu saz vəziyyətə gətirilməyib;

- tikilinin isidilməsi üçün standartlara uyğun olmayan sobalardan istifadə edilib;

- ərazi quru otlardan və kol-kosdan təmizlənməyib, isehsalat prosesində əmələ gələn tullantının, yanar materialların obyektin ərazisində yığılmasına yol verilib.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək ətraf ərazilərə yayılmaqla faciəni qaçılmaz edəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Göyçay şəhərində yerləşən “Göyçay Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin ağac emalı sexində xidmətlərin göstərilməsi və işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.

AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti