Birinci xanımın diplomatik görüşləri

Birinci xanımın diplomatik görüşləri
  11 Fevral 2013    Oxunub:2464
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iki xarici qonağı olub.
AzVision.az-ın məlumatına görə, onlardan biri Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, digəri isə Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen olub. Belə ki, Mehriban Əliyevanın hər iki qonaqla ayrı-ayrılıqda görüşü olub.
Birinci xanım Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunla görüşündə qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər qardaşlıq və dostluğa əsaslanmaqla bütün sahələri əhatə edir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni də vurğulayaraq deyib ki, Fond Türkiyə hökuməti ilə birgə bir sıra uğurlu layihələrə imza atıb.
Beş aydır ki, ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfiri İsmayıl Alper Coşkun vurğulayıb ki, Azərbaycandakı fəaliyyəti dövründə mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcək.
Görüşdə, həmçinin 2013-cü ildə Heydər Əliyev Fondu ilə səhiyyə, mədəniyyət və birgə sahələrdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb, Türkiyədə fəaliyyət göstərən fondlarla müştərək işin zəruriliyi önə çəkilib. Həmçinin, Azərbaycanın dünyada, o cümlədən Türkiyədə təbliğinin daha da gücləndirilməsinin yolları barədə fikir mübadiləsi edilib.

Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpenlə görüşdə isə Mehriban Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını müsbət dəyərləndirib. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirib.
“Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir" - deyə Mehriban xanım Əliyeva vurğulayıb.
Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu deyib.
Dominik de Villpen Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik edib, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırıb. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevaya uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti