"Şir" ilə dostluğun sirri: İranla böhran necə aşıldı – TƏHLİL

 "Şir" ilə dostluğun sirri:  İranla böhran necə aşıldı –  TƏHLİL
  29 Noyabr 2021    Oxunub:4148
Noyabrın 28-də Türkmənistanın paytaxtında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammitində Azərbaycan, Türkmənistan, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, və Özbəkistanın prezidentləri iştirak edirdilər. Qazaxıstan sammitdə baş nazir səviyyəsində təmsil olunmuşdu, üzv dövlət olan Əfqanıstan isə ümumiyyətlə, iştirak etmirdi. Buna baxmayaraq əsas mövzulardan biri elə Əfqanıstanda sabitliyin bərqərar olması ilə bağlı idi.
Sammitin rəsmi nəticəsi ticarət, nəqliyyat, energetika, turizm və pandemiya ilə mübarizə sahələrində dövlətlərarası münasibətlərin genişləndirilməsini nəzərdə tutan Aşqabad konsensusunun imzalanması oldu.

1985-ci ildə Pakistan, İran və Türkiyə tərəfindən yaradılmış İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildə 6 postsovet respublikasının, ardınca isə Əfqanıstanın qoşulması ilə nüfuzlu regional əməkdaşlıq formatına çevrildi. Təşkilatın əsas məqsədi dövlətlərarası qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın təşviqidir.

İƏT uzun müddət bu formulu rəhbər tutaraq fəaliyyət göstərsə də, bu ildən təşkilat üzvlərini birləşdirən əsl məqsəd ortaya çıxdı. Bu məqsəd isə, Şərq-Qərb ticarət marşrutu üzrə nəqliyyat dəhlizinin yaradılması və bu kontekstdə fəaliyyətin genişləndirilməsidir. Bu strteji planın reallaşmasına mane olan əsas amil Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişə idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışı əslində bu günə qədər gizli saxlanılan kartların açılması və Zəngəzur dəhlizinin geostrateji önəminin etirafı idi. Zəngəzur dəhlizinin açılması faktik olaraq, Şərqlə Qərb arasında ticarət yolunun qurulmasına şərait yaradacaq. “Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”,- deyən Türkiyə prezidenti əlavə edib ki, “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir”.

Azərbaycan üçün sammitin kulminasiya nöqtəsi Prezident İlham Əliyevin iranlı həmkarı İbrahim Rəisi ilə görüşü oldu.

Böhran necə aşıldı?

Prezidentlərin mətbuata yayılan dialoqu və sonradan verdikləri açıqlamalarından belə bir qənaətə gəlmək olar ki, ölkələrimiz arasındakı gərginlik tamamilə aradan qaldırılıb. İlk dəfə baş tutan Əliyev-Rəisi görüşündə hər iki prezident ölkələrarası münasibətləri çox yüksək qiymətləndirdilər, hətta qardaşlıq səviyyəsində olduğunu gətirdilər.
Yaxın vaxtlara qədər Azərbaycanla sərhəddə hərbi təlim keçən ölkənin prezidenti İbrahim Rəisi münasibətlərin hazırkı səviyyəsi barədə danışarkən dedi ki, “Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyil, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür”.


Prezident İlham Əliyev isə, Azərbaycanla İran münasibətlərini xarakterizə edərkən “Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”,- vurğulayıb.

Bundan bir ay əvvələ kimi Azərbaycanın sərhədlərini pozaraq sülhməramlıların nəzarətində olan ərazilərimizə qeyri-qanuni yük daşıyan, Azərbaycanı İsraillə ona qarşı əməkdaşlıqda ittiham edərək, sərhədyanı ərazilərimizdə hərbi təlimlər keçirən İranın prezidentinin bu gün qardaşlıqdan söz açması çox maraqlıdır. Cəmi iki aya yaxın bir müddət ərzində İranla Azərbaycanın münasibətlərinin yenidən bərpa olunaraq, əvvəliki, yəni prezident Ruhaninin dövründə olan səviyyəyə çatdırılması birbaşa olaraq İranın məhz Azərbaycanın dəstəyi ilə qlobal Şərq-Qərb tərəfdaşlıq formatına qoşulması ilə bağlıdır.

İran prezidenti Rəisinin çox qısa çıxışında iki dəfə Azərbaycanla münasibətlərin bərpasına kənar müdaxilənin yolverilməzliyi və qarşılıqlı problemlərin elə iki ölkənin özləri tərəfindən həll edilməsinin vacibliyini vurğulaması bu məsələdə Bakının müstəsna rolu və iradəsindən xəbər verir.
Rəisi əvvəlcə deyir: “Heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Öz məsələlərimizi özümüz həll etməliyik”. Daha sonra isə əlavə edir: “İndiyə qədər olan təcrübə də bunu göstərir ki, həmişə məsələlərimizi özümüz müzakirə edəndə onların çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik”.

İranın ümumi regional əməkdaşlığa cəlb edilməsində Azərbaycanın müstəsna rolu nədən ibarət olub? Söhbət ondan gedir ki, şərti olaraq “Əfqanıstan layihəsi” adlandıra biləcəyimiz yeni geosiyasi formula əsasən Şərqlə Qərbi birləşdirəcək nəqliyyat-ticarət dəhlizi üzərində yer alan Pakistan, Əfqanıstan, Orta Asiya respublikaları, Azərbaycan və Türkiyə də daxil olmaqla bütün dövlətlərin əməkdaşlığı nəzərdə tutulur. Məhz bu geosiyasi dəhliz üzərində yerləşən dövlətlər Avropanın əsas ticari partnyorları olacaqlar. “Zəngəzur dəhlizi” bu qlobal ticarət dəhlizində kiçik də olsa, birləşdirici əhəmiyyətə malik vacib halqa rolunu oynayır. İran bu marşrutdan kənarda qaldığı üçün zəif bənd hesab etdiyi Zəngəzur halqasının qırılmasına çalışırdı ki, ümumi layihə pozulsun.

Diqqət yetirsək, Ərdoğan çıxışında qeyd edir ki, “Türkiyənin irəli sürdüyü, Xəzərdən keçən Şərq-Qərb orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin əyani təzahürüdür”. Bəli, məhz Xəzərdən keçən. Bu layihədə İrana yer yox idi. Ancaq, Türkmənistan-İran-Azərbaycan arasında imzalanmış sazişə əsasən, Türkmənistan qazı İran ərazisindən quru yolla Azərbaycana nəql olunacaq. Hələ ki, İran ərazisindən yalnız tranzit kimi istifadə olunur. Amma, bu İranın gələcəkdə (sanksiyaların ləğvindən sonra) öz qazını Azərbaycan vasitəsilə Qərbə ixrac etməsinə şərait yaradacaq.

Türkmənistan-İran-Azərbaycan arasında imzalanmış saziş faktik olaraq İranın Şərq-Qərb dəhlizinə qoşulmasını təmin etdi. Əgər bu amil olmasaydı, katibliyi Tehranda yerləşən İƏT-in sammitində İranın iştirakı sadəcə, formal xarakter daşıyacaqdı. Azərbaycanın İƏT-də açar ölkəyə çevrilməsinin nəticəsidir ki, uzun illərdir təşkilatın Tədqiqatlar Mərkəzinin Bakıda açılması ilə bağlı təklif, nəhayət ki qəbul olundu. Beləliklə, İƏT-in beyin mərkəzi Bakı, formal inzibati mərkəzi isə Tehran olacaq.

Tofiq Vahid
/ AzVision.az

Müəllifin əvvəlki yazıları:
Dəhliz üzərindəki geosiyasi oyunlar – TƏHLİL
Qərb, yoxsa türk birliyi: Rusiya üçün çətin seçim – TƏHLİL
Paşinyanın hərbi avantürada məqsədi nə idi? – Versiya
Miqrant böhranının altında gizlədilmiş məqsədlər – TƏHLİL
Dəhlizə-dəhliz: Zəngəzur açılmasa, Laçın qapana bilər – TƏHLİL



Teqlər: İran   İƏT  





Xəbər lenti