Lirə böhranı: Türkiyənin səhvi nədədir? – TƏHLİL

// Mərkəzi Bankın addımlarında heç bir məntiq tapmaq olmur

      Lirə böhranı:    Türkiyənin səhvi nədədir? –    TƏHLİL
  25 Noyabr 2021    Oxunub:3606
Türkiyə iqtisadiyyatında lirənin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda müşahidə olunan proseslər ciddi narahatlıq doğurur. Çünki vəziyyət kifayət qədər ağırdır. Neçə illərdir, ardıcıl yüksək iqtisadi yüksəliş nümayiş etdirən qardaş ölkədə hazırda vəziyyət durğunluq kimi deyil, sanki məhz bataqlığa doğru istiqamətlənmə kimi qiymətləndirilir.
Lirənin xarici valyutalara nəzərən ucuzlaşması vaxtaşırı baş verib. Lakin bütün bunlar müəyyən zaman çərçivəsində ortaya çıxdıqdan sonra proses səngiyib, lirə dəyərcə sabitlik əldə edərək, əksinə, möhkəmlənib. Budəfəki dəyər itirmə prosesi isə heç də 1 dolların 13 TL-dən baha olması ilə deyil, ucuzlaşmanın həm uzun müddətdir davam etməsi, həm əvvəlkilərdən daha sürətli xarakter daşıması və getdikcə dərinə işləməyə meyl etrməsi, həm də ümumiyyətlə, nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir.

Səbəb nədir? Lirə nədən belə ucuzlaşır? Bu tendensiya nə vaxta qədər davam edə bilər?
Güclü ölkənin zəif pulu: Lirəni nə gözləyir – TƏHLİL

Lirə ən birinci ona görə ucuzlaşır ki, Türkiyə iqtisadiyyatına hələ pandemiyadan öncə təzyiqlər var idi. Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından, artıq 5 ildir davam edir. 5 ildir ki, ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə demək olar, sıfır vəziyyətinə düşüb. İndiki şəraitdə isə xarici investisiyalardan ümumiyyətlə, söhbət gedə bilməz.

İkincisi, pandemiya şəraitinin bütün dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu zərbə bəllidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edir ki, bütün sahələrdə epidemiya çox dərindən hiss edilib. Bir sıra iqtisadi fəaliyyət sahələri qapanma və məhdudiyyətlərə məruz qaldı, nəticədə iqtisadi fəallıq məcburən çərçivəyə salındı.
Bütün bunların vurduğu zərbələrdən birdən-birə qurtulmaq mümkündürmü?! Xeyr. Məsələn, Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən sayılırdı. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurdu. Odur ki, Ankaranın bu sahədə pandemiyaya qədərki vəziyyətə tam qayıtması üçün azı 2023-cü ilədək vaxt lazımdır.

Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşıb, ərzaq məhsulları qalxıb, demək olar, bütün digər növ məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yaranıb. Bu isə zəncirvari reaksiya yolu ilə həm idxalı, həm də yerli istehsalı bahalaşdırıb və bahalaşdırmaqda da davam edir. Nəticədə inflyasiyaya əlavə təsir və təzyiqlər yaranıb.

Neft bahalaşıb, qaz bahalaşıb, - Ankaranın valyuta xərcləri xeyli yüksəlib. Bu da biznes dairələrinin işlərini daraldıb, risklərini artırıb və sair... Belə şəraitdə hər bir ağıllı sahibkar adətən gözləmə mövqeyi seçir və özünü sığortamaq tədbirləri haqda düşünür.

Bu siyahını bir az da uzatmaq olar. Hələ, dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm. Axı bu da ölkədən valyuta çıxmasına səbəb olur.


Ancaq çox qəribədir ki, belə bir fonda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salır - ucuz pul-kredit siyasəti yürütməklə, pul təklifini daha da yumşaltmaq siyasəti həyata keçirir. Odur ki, lirənin real olaraq kəskin şəkildə ucuzlaşmasının obyektiv səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə "odun üzərinə benzin tökmək" mövqeyi çox ciddi təəccüb doğurur. Belə şəraitdə pulun dəyərini hökumət siyasətilə daha da ucuzlaşdırmaq hansı məntiqə sığır - aydın deyil. Bu, təzyiqi kəskin şəkildə aşağı düşən pasientə müalicə məqsədilə əlavə olaraq təziyiqsalıcı dərman verməyə bənzəyir.

Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməz və vermir də. Bunu, türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı da sübut etməkdədir. İstehsalda maya dəyəri qalxdığı halda bu, necə baş verə bilər?!

Təkrar edirəm, bahalaşma bütün dünyada, qlobal iqtisadiyyatda müşahidə edilir. ABŞ valyutası qlobal miqyasda möhkəmlənir. Ümumiyyətlə, neft bahadırsa bu, həm də dolların möhkəmləndiyi deməkdir. Əgər dollar hər yerdə möhkəmdirsə, təcrid edilmiş bir şəkildə bu və ya digər ölkədə Amerika valyutasını necə ucuzlaşdırmaq olar, görəsən? Belə şəraitdə adətən, milli pul vahidinin dəyərini qorumaq məqsədilə pul-kredit siyasətini sərtləşdirirlər, yumşaltmırlar.

Odur ki, hesab edirəm, Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümumən genişlənməsinin qayğısına qalmaqdansa, ən çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atmaqla, onların əl-qolunu buxovdan açmalıdır. Bu zaman ölkəyə idxal da nəzarətə götürülməli, valyuta axını mümkün istiqamətlərdə məhdudlaşdırılmalıdır.

Yeri gəlmişkən, belə şəraitdə ucuz pul-kredit siyasəti nəticəsində həm də dolların ölkədən kənara axını üçün zəmin yaranır. Belə ki, adətən, bilavasitə lirə ilə bağlı yaranan anoloji situasiyalarda sahibkarlarda və biznes dairələrində təşəkkül tapan qeyri-müəyyənlik onlarda dollara tələbi artırır və xarici valyutaya bir təhlükəsizlik yastığı kimi yanaşma xüsusiyyəti yaradır. Sözün qısası, vəziyyət kifayət qədər təhlükəlidir.

Lirənin məzənnəsi "ox yayından çıxmamış" dərhal sabitləşməlidir. Yoxsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların Ankara üzərinə çoxdan bəridir atdıqları qarmaq bir gün istər-istəməz qardaş ölkə hökumətinin boğazına keçəcək.

Pərviz Heydərov
Azvision.az üçün



Teqlər:   Türkiyə   Lirə  





Xəbər lenti