Dəhliz üzərindəki geosiyasi oyunlar – TƏHLİL

// Azərbaycan Avropa ilə Rusiya arasında vasitəçi ola bilər

   Dəhliz üzərindəki geosiyasi oyunlar –    TƏHLİL
  26 Noyabr 2021    Oxunub:2991
Ölkəmizin qələbəsilə başa çatmış müharibənin bitməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında əhatəli sülh müqaviləsi imzalanmayıb. Bu səbəbdən, ikitərəfli münasibətlərdə hüquqi legitimlik almayan məsələlər qalmaqdadır. Bu günə qədər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində istinad olunan əsas sənəd Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları Bəyanatdır.
9 bənddən ibarət olan bu bəyanatın 5 bəndi demək olar ki tam icra olunub. Bu bəndlərdə atəşkəsin təmin olunması, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması, 1960 nəfərlik Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi və birgə monitorinq mərkəzinin yaradılması nəzərdə tutulurdu ki, bu məsələlər artıq həllini tapıb.

Hələ ki, razılaşdırılmayan və bu səbəbdən də icrası mümkün olmayan 6-cı bəndin ikinci hissəsi və bütövlükdə 9-cu bəndlərdir. Bu bəndlər ikitərəfli nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.
6-cı bəndin 2-ci hissəsində qeyd olunur ki, “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

9-cu bənddə isə qeyd olunur ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Bu hissələr birbaşa gələcək nəqliyyat marşrutu ilə bağlıdır və diqqət etsək, həm regional nəqliyyat dəhlizləri, həm Laçın dəhlizi, həm də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılmasının tərəflərin razılığı əsasında həyata keçiriləcəyi xüsusi qeyd olunur.

Müharibə başa çatdıqdan təxminən iki ay sonra, yəni 2021-ci ilin 11 yanvar tarixində Moskvada Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə keçirilmiş Əliyev-Paşinyan görüşündə qərara alınmışdı ki, regiondakı nəqliyyat-iqtisadi əlaqələrinin bərpası üçün hər üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrupu yaradılsın. Bu işçi qruplar nəqliyyat infrastrukturunun və regionun inkişafı üzrə konkret plan hazırlamalı idilər. Güman etmək olar ki, artıq işçi qrupları öz fəaliyyətlərini tamamlayıb və 26 noyabr Soçi görüşündə regionda nəqliyyat-iqtisadi münasibətlərin bərpasına dair hansısa “yol xəritəsi” təsdiq olunmalıdır.

Təbii ki, nəqliyyat əlaqələrinin bərpası ikitərəfli sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmədən baş tuta bilməz. Odur ki, razılaşmada ilkin bənd kimi sərhədlərin delimitasiya və demarkasiyasının nəzərdə tutulacağını ehtimal etmək olar.

Bu məsələdə qeyri-müəyyənlik yaradan əsas məqam dəhlizlərlə - konkret olaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ziddiyyət yaradan məqam regionda maraqlı olan əsas tərəflərin yəni, Azərbaycan, Ermənistan, Rusiya, Avropa İttifaqı və Türkiyənin Zəngəzur dəhlizinin açılmasını istəmələrinə baxmayaraq, dəhlizin fəaliyyətinə dair təsəvvürlərinin fərqli olmasıdır.

Rusiya üçün Azərbaycanı Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək dəhliz ilk növbədə bu ölkələri nəzarətdə saxlamaq və iqtisadi cəhətdən özünə bağlamaq vasitəsidir. Eyni zamanda bu dəhliz ümumilikdə Şərqlə Qərb arasında əsas ticarət xəttinin birləşdirici zənciri olacağı üçün Rusiya lazımi vaxtda Zəngəzur dəhlizindən Avropaya təzyiq göstərməsi üçün istifadə etməyi nəzərdən keçirə bilər. Məhz bu səbəbdən nəqliyyat dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunacağı xüsusi vurğulanır.

Təbii ki, bu gedişat Avropa İttifaqını qane edə bilməz və güman ki, Brüssel görüşündən əvvəl Putinin tələsik Azərbaycan və Ermənistan liderlərini Soçiyə dəvət etməsi məhz bu məqamla bağlıdır. Ümumi hesabda dəhlizə kimin nəzarət edəcəyi Azərbaycan üçün bir o qədər önəm daşımasa da, Ermənistanı ciddi narahat edir. Yerevanın narahatçılığı isə Rusiya sərhədçilərinin onun ərazisində nəzarəti həyata keçirmələrindən daha çox Qərbin Paşinyan hökumətinə bu məsələdə təzyiq göstərməsi ilə bağlıdır.

Bu səbəbdən baş nazir Paşinyan müxtəlif yollarla prosesin yubadılmasına çalışır ki, Moskva ilə Brüssel arasında məsələdə razılıq əldə olunsun. Hazırda, Ukrayna problemi ilə əlaqədar Avropa İttifaqı ilə münasibətlərində gərginlik yaşanan Rusiya üçün Brüssellə dialoqun qurulması xüsusilə vacib olduğu üçün, Putinin Zəngəzur dəhlizi ilə bağlı öz şərtlərini Soçidə Azərbaycan və Ermənistan liderlərinə bildirəcəyini gözləmək olar. Paşinyanın qərbyönümlüyünü nəzərə alsaq, Avropa ilə Rusiya arasında əsas vasitəçilik missiyasının müstəqil siyasəti ilə seçilən Prezident İlham Əliyevin üzərinə düşəcəyini ehtimal etmək olar.

Qeyd etmək lazımdır ki, Yerevan Brüssellə yanaşı, Bakının da ciddi təzyiqləri ilə qarşı-qarşıyadır. Prezident İlham Əliyevin bütün dəhlizlərin eyni vaxtda açılmalı olması barədə fikirlərinin altında kifayət qədər ciddi xəbərdarlıq dayanır. Belə ki, Azərbaycan 10 noyabr Bəyanatının Ermənistan tərəfindən tam icra olunmadığını əsas götürərək, Laçın dəhlizinin qapadılması məsələsini qaldıra bilər.

Paşinyanın 10 noyabr Bəyanatında “Zəngəzur dəhlizi” ifadəsinin olmadığı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat marşrutu ilə bağlı konkret ərazinin göstərilmədiyini bildirməsi əslində Bakını bu məsələdə mövqeyini yumşaltması və müəyyən sövdələşməyə getməsinə çağırış xarakteri daşıyır. Güman etmək olar ki, Brüssel görüşündə Paşinyanla Avropa İttifaqı prezidenti Şarl Mişelin əsas hədəfi Prezident İlham Əliyevi dəhliz məsələsində Ermənistana vaxt tanımağa inandırmaq olacaq. Humanitar məsələlərin qaldırılması görüşün nəticəsiz olmadığını nümayiş etdirmək üçün həyata keçiriləcək. Bu mənada Azərbaycan daha əvvəl həbs etdiyi erməni diversantların yerdə qalan hissəsini və 16 noyabr savaşında əsir götürülən ermənilərin geri qaytarılması müqabilində real mina xəritələrini tələb edə bilər.

Tofiq Vahid
AzVision.az


Teqlər: Zəngəzur-dəhlizi   Soçi-görüşü  





Xəbər lenti