Demokratiyanın kiçik toy məclisi

  Demokratiyanın kiçik toy məclisi
  09 Dekabr 2021    Oxunub:3025
ABŞ-ın təşəbbüsü və rəhbərliyi altında dünyanı “avtoritarizmə yuvarlanmaqdan xilas etmək” devizi altında “demokratiya uğrunda” virtual sammit keçirilir. Amma son vaxtlar elə ABŞ-ın özündə, ümumiyyətlə, Qərbdə yaşanan hadisələr “demokratiya” sammitinə dəvət alan və dəvət olunmayan ölkələrin siyahısı bu tədbirin arxasında “demokratiya”dan narahatlığın yox, geosiyasi maraqların dayandığından xəbər verir.
Demokratiyanın qlobal keşikçisi roluna iddialı olan ABŞ-da hələ də prezidenti vətəndaşlar birbaşa seçmirlər ki, bu da klassik demokratiyanın olmadığını göstərir. Sözügedən sammitdə əsas müzakirə mövzularından biri internet və sosial şəbəkələrin azadlığı olacaq. Halbuki elə ötənilki seçkilərdən sonra prezident Donald Trampın mətbuata, televiziyaya, internetə və sosial şəbəkələrə çıxışı bağlanılmışdı. İndi belə amerikasayağı “demokratiya”nı hamıya sırımağa çalışan ABŞ və onun müttəfiqləri əslində dünyanı yenidən iki antaqonist cəbhəyə bölməyə çalışırlar. Bunu sammitə dəvət alan və almayan ölkələrin siyahısı da sübuta yetirir.

Bu baxımdan, ilk növbədə Azərbaycana yanaşmada qərəzli mövqenin sərgiləndiyi nəzərə çarpır. Multikulturalizmi dövlət siyasətinə çevirən, poli-etnokonfessional cəmiyyət qurmaq baxımından dünyaya nümunə olan, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycanın bu sammitə dəvət almaması məhz qərəzli yanaşmanın sərgiləndiyinin təsdiqidir. Halbuki Azərbaycan uzun illərdir ki, sivilizasiyalararası dialoq platformasının ən önəmli tşəkilatçılarından biridir. Bu müstəvidə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın qurumun nüfuzunun möhkəmləndirilməsinə və fəaliyyətinin gücləndirilməsinə verdiyi töhfənin əhəmiyyətini demokratiya təəssübkeşi olmağa çalışan Vaşinqton ən azı layiqincə qiymətləndirməli idi. Amma bunun əvəzində ABŞ monoetnik və mahiyyət etibarilə terrorçu kvazi-ölkə olan Ermənistanı bəh-bəhlə “demokratiya” sammitinə dəvət edir.

Digər diqqətçəkən məqam dəvət olunanların sırasında qlobal və regional güc mərkəzlərinin yer almamasıdır. Bu isə əslində ABŞ-ın onunla rəqabət aparan və apara biləcək, onun hegemonluğunu qəbul etmək istəməyən dövlətlərə qarşı yeni siyasi-ideoloji cəbhə yaratmaq məqsədi güddüyündən xəbər verir. Əslində Vaşinqtonun son 30 ildə “demokratiyanın müdafiəsi” adı altında yürütdüyü xarici siyasətin qayəsi məhz müstəqil siyasət aparan dövlətlərə təzyiq alətidir. Bu kontekstdə ABŞ-ın strateji müttəfiqi və NATO üzvü olan Türkiyənin, habelə Şimali Atlantika alyansının və Avropa İttifaqının üzvü Macarıstanın kənarda saxlanması Vaşinqtonun ikibaşlı oyunlar apardığının sübutudur. Belə ki, Türkiyəyə ilk növbədə Azərbaycan və Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda öz mövqeyini gücləndirməsi, yeni geosiyasi reallığın yaradılmasında iştirakı bağışlanmır. ABŞ və onun əlaltılarını habelə Türkiyənin Mərkəzi Asiyada fəallığı qıcıqlandırır. Təsadüfi deyil ki, “demokratiya” sammitinə Mərkəzi Asiya ölkələri də daxil olmaqla heç bir türkdilli dövlət və islam dünyası ölkələrinin əksəriyyəti dəvət almayıblar. Macarıstan isə ənənəvi dəyərləri müdafiə etdiyinə və Türk dövlətləri təşkilatında müşahidəçi statusu aldığına, bu təşkilatın Budapeştdə nümayəndəliyini açdığına görə “cəzalandırılır”.

Uzun illər idi ki, Yaxın Şərqdə ABŞ-ın strateji müttəfiqi sayılan Səudiyyə Ərəbistanının “qəfildən” qeyri-demokratik dövlətlər sırasına salınmasının əsas səbəbi Vaşinqtonun bütün səylərinə rəğmən, Ər-Riyadın OPEK+ çərçivəsində Rusiya ilə kooperasiya yaradaraq, dünya bazarlarını ucuz “neft gölündə boğmaq” təklifindən imtina etməsidir.

Marqlıdır ki, ABŞ-ın xarabazara çevirdiyi və faktiki olaraq bir neçə yerə parçaladığı İraq da “demokratiya” sammitinə dəvət aldığı halda, Vaşinqtonun 20 ildən çox “demokratikləşdirməyə” çalışdığı, amma son məqamda taliblərə təhvil verdiyi Əfqanıstan nədənsə yada düşməyib. Əslində əgər taliblər dəvət alsa idilər bunda qeyri-adi heç nə olmazdı. Çünki, uzun illərdən bəri terrorçu təşkilat kimi tanıdığı və indiyədək də həmin siyahıdan çıxartmadığı “Taliban” hərəkatı ilə gizli danışıqlar apararaq Əfqanıstanı tələm-tələsik tərk edən və hələ bu azmış kimi milyardlarla dollarlıq silah-sursatı onlara bağışlayan ABŞ-ın bundan sonra hansı addımı təəccüb doğura bilər ki?

Hazırda qlobal proseslərə təsir göstərən 3 güc mərkəzinin – ABŞ, Rusiya və Çin – olduğunu iddia edən Vaşinqtonun sözügedən “demokratiya” sammiti vasitəsi ilə bu iki əsas rəqibinə qarşı güclü vahid cəbhə formalaşdırmaq cəhdi açıq-aşkardır. Bu baxımdan, Moskva ilə Pekinin bu virtual tədbirə dəvət alması əslində məntiqsiz görünərdi. Çünki Vaşinqtonun əsas məqsədi heç də dünyada mövcud olan problemlərin həlli yox, sadəcə, öz rəqiblərinə qarşı sərt zərbə plotfarması formalaşdırmaq və yeni güclü rəqiblərin yaranmasının qarşısını almaqdır. Bu isə o deməkdir ki, qeyri-səmimi müzakirələrin aparılacağı “demokratiya” sammitinin orada təmsil olunacaq ölkələrin üzləşdiyi sosial-iqtisadi problemlərin öz həllini tapmasına heç bir aidiyyəti yoxdur.

Belədə, oratya məntiqli bir sual və elə həmin sualın da məntiqli cavabı ortaya çıxır: “Bu sammit kimin maraqlarına xidmət göstərməlidir?” Buna yalnız bir cavabın olduğu və həmin cavabın necə səsləndiyini isə yəqin ki, hamıya bəllidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti