Qafqaz üçün “Brüssel xəritəsi” – TƏHLİL

// Ermənilərə ancaq bir yol saxlanıldı

   Qafqaz üçün “Brüssel xəritəsi” –    TƏHLİL
  16 Dekabr 2021    Oxunub:2625
Dekabr 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşü və bu görüşün nəticəsi olaraq Aİ rəhbərinin səsləndirdiyi bəyanatı İrəvanın kapitulyasiyasının Qərb tərəfindən etirafı, yaxud, təsdiqi kimi qiymətləndirmək olar.
Bu bəyanat İlham Əliyevin necə strateq olduğunu bir daha təsdiqlədi. Qərblə Rusiyanın münasibətlərinin ən ziddiyyətli məqamında bu iki qütbün arasında Azərbaycanın milli maraqlarına cavab verən nəticənin necə əldə edildiyi hələ uzun illər geopolitika elminin əsas araşdırma mövzusu olacaq.

Diqqət etsək, Aİ prezidentinin bəyanatında açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır. Faktiki düşmən mövqedə dayananan Brüssel ilə Moskvanın Azərbaycanın maraqlarına cavab verən məsələdə həmrəylik nümayiş etdirmələri diplomatiyamızın birmanalı qələbəsi hesab oluna bilər.

Bu, həm də, Paşinyanın Ermənistan daxilində siyasi manevr imkanlarını minimuma endirir. Belə ki, erməni ictimaiyyəti ölkənin siyasi rəhbərliyinin guya “Rusiyanın təzyiqi altında güzəştə getməsi” barədəki nağıllarına artıq inanmayacaq və Paşinyanın bu kontekstdə cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq səyləri nəticəsiz qalacaq.

Brüssel bəyanatı göstərdi ki, Paşinyanın “demokratik imic” yaratmaq cəhdlərinə baxmayaraq, Avropa İttifaqı Yerevanı Avropa ailəsinin üzvü hesab etmir. Ermənistanın baş naziri uzun illər ölkəsinin apardığı “dualist” xarici siyasətin mənfi nəticələrinin yükünü daşımaq məcburiyyətində qalıb. Problem ondan ibarətdir ki, Moskva “inqilabçı” Paşinyanı Qərbin agenti, Qərb isə Rusiyanın forpostu olan Ermənistanın natamam lideri kimi qəbul edir.

Moskva və Brüssel bəyanatlarının müqayisəsindən belə bir qənaətə gəlmək olar ki, əgər Rusiya hardasa Ermənistanın mövqeyini də nəzərə aldığını müxtəlif çoxmənalı ifadələr verməklə göstərməyə çalışırdısa da, Brüssel bu mənada konkretliyə gedərək, Yerevanın münaqişədən “yarı-uduzmuş” çıxmaq ümidlərini tamamilə kəsdi.
Söhbət ilk növbədə Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan, ermənilər yaşayan ərazilərinə hansısa formada statusun verilməsindən gedir ki, bəyanatda bu məsələ nəinki qaldırılmayıb, hətta ölkələr arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupundan söhbət belə açılmır. Əvəzində Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmır, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanır.

“Ölkələrin suverenliyinə hörmətlə yanaşılması” şərti əslində Ermənistana sülh müqaviləsinin əsas bəndinin – Azərbaycanın ərazi bütövlüyünü tanımasının - diktə olunmasıdır. Suverenliyə hörmətlə yanaşılan sülh müqaviləsinin imzalanması Rusiya sülhməramlılarının statusunun leqallığını sual altına qoyur. Avropa Yerevana işarə edir ki, əsas rəqibi olan Rusiyanın regionda hərbi iştirakının yeganə səbəbkarı elə Ermənistanın özüdür. Məhz bu səbəbdən Paşinyanın saxta “demokrat” obrazı istənilən nəticəni vermədi.

Burada bir məsələni xüsusi vurğulamaq lazımdır. Avropa İttifaqının bəyanatında kommunikasiyaların açılması məsələsinə toxunularkən dəmir yolunun bərpası açıq şəkildə qeyd olunur. Bu məqam əslində Brüsselin Zəngəzur dəhlizi layihəsinin tərəfdarı olduğunu göstərir. Lakin məsələnin ən əhəmiyyətli tərəfi dəhlizlərdə gömrüyün qarşılıqlı şəkildə tətbiq ediləcəyi şərtidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük nəzarəti həyata keçirəcəksə, Azərbaycan da Laçın dəhlizində anoloji addım atacaq. Bu isə əslində, ermənilərin yaşadıqları Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə nəzarətin Bakının sərəncamına keçməsi deməkdir.

Bəyanatda diqqət çəkən məqamlardan biri Avropa İttifaqı rəhbərinin Ermənistan ilə Azərbaycana “münaqişə irsinin aradan qaldırılması” tövsiyəsidir. Əslində bu tövsiyə prezident İlham Əliyevin vaxtilə Ermənistan cəmiyyətinə düşmənçilikdən əl çəkmələri ilə bağlı ünvanlanmış müraciətinin diplomatik dilə çevrilərək yenidən səsləndirilməsidir. Ermənilərdə şüuraltı mövcud olan anti-türk, anti-azərbaycanlı əhvalı və psixoloji durumu artıq dəyişməlidir ki, regionda nəhayət, sülh və əmin-amanlıq yaransın.
Şarl Mişelin bu tövsiyəsi bir tərəfdən də Qərbin süni yaratdığı “erməni problemi”ndən əl çəkdiyinin göstəricisidir. Erməni xalqı nəhayət, anlamalıdır ki, yüzillərdir süurlarına yeridilən anti-türk təbliğatı əslində geosiyasi maraqlara xidmət edirdi. Artıq Avropanın maraqları dəyişdiyinə görə erməni düşmənçiliyinə də ehtiyac qalmır və onlar kütləvi psixozdan ayılmalıdırlar. Cənab Mişel bunu tövsiyə edir.

Görünən odur ki, Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcəyi üçün Avropa İttifaqı tezliklə burada sülhün və dinc həyatın bərqərar olunmasında maraqlıdır. Delimitasiya və demorkasiya məsələlərinin qısa müddətdə həyata keçirilməsinin vurğulanması, mina xəritələrinin veriməsi, məhbusların qaytarılması və itkin düşmüş şəxslərlə bağlı məsələlərin aydınlaşdırılması istəyinin altında qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istəyi dayanır. Avropa İttifaqının bu mühüm regionda mövqe qazanmaq üçün indidən regiona investisiya yatırmaq niyyətində olduğunu açıq bəyan etməsi də bununla bağlıdır.

Tofiq Vahid
AzVision.az


Teqlər: Brüssel-danışıqları  





Xəbər lenti