“Keşikçidağ”da aparılmış elmi-tədqiqatların nəticələri

“Keşikçidağ”da aparılmış elmi-tədqiqatların nəticələri
  20 Dekabr 2021    Oxunub:1358
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş respublika əhəmiyyətli elmi-praktik konfrans keçirilib.
Konfransda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları - Pərviz Qasımov, Anar Ağalarzadə və Əjdər Babazadə, etnoqraflar - dosent Bəhmən Faziloğlu, İsmayıl Umudlu və antropoloq Vüsal Həsənov iştirak ediblər.

İnstitutdan AzVision.az -a bildirilib ki, konfransa Bakı Dövlət Universitetinin Qazax filialının, həmçinin AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi əməkdaşları da qatılıblar. Məruzəçilər “Keşikçidağ” qoruğunda, həmçinin Ağstafa, Qazax və Tovuz bölgələrində aparılmış arxeoloji, etnoqrafik, sosioloji tədqiqatlar haqqında mülahizələrini bildiriblər və bölgənin ümumi tarixi problemləri ilə bağlı məruzələrlə çıxış ediblər.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev qoruq ərazisində aparılmış müxtəlif istiqamətli elmi araşdırmaların əhəmiyyətini qeyd ediblər.

Müzakirələrdən sonra konfransın keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində qoruq ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş müxtəlif dövrlərə aid maddi mədəniyyət nümunələri nümayiş olunub.

Konfrans iştirakçıları Göyəzən dağı ərazisində arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə aparılan tədqiqatların gedişatı və ilkin nəticələri ilə tanış olublar.

AzVision.az



Teqlər: Keşikçidağ  





Xəbər lenti